
Samir Əliyev - iqtisadçı ekspert
Onun fikrincə, müştərilər hətta bankların tərtib etdiyi müqavilələrdən də dolğun məlumat əldə edə bilmirlər: "Hətta ekspert səviyyəsində olan insanlar bu müqavilələri anlamaqda çətinlik çəkirlər, müqavilə şərtlərini anlaya bilmirlər. Adi vətəndaş üçün bu, daha çətindir".
Samir Əliyevin sözlərinə görə, çox vaxt bank operatorlarının özləri işdən xəbərsiz olurlar və bu da problem yaradır: "Mən bir neçə dəfə bankdan kart götürmüşəm. Hər dəfə də kartla bağlı eyni sualı 3-4 dəfə təkrarlasam da bank operatorundan aydın, izahlı cavab ala bilməmişəm. Aydın olub ki, bankda işləyənin özü də təcrübəsizdir və məlumatı azdır".
Müştərilərin məlumatsız olmasına bağlanan müqavilələrin texniki səviyyəsi də səbəb olur. Adətən bu müqavilələri normal gözlə oxumaq olmur, çünki şriftlər çox kiçik olur. Həmçinin, bütün müştərilər üçün standart blank çap edildiyinə və fərdi bir şey olmadığına görə camaat "palaza bürün, ellə sürün" məntiqi ilə yanaşır və müqaviləyə mənasız inzibati iş kimi baxır. Adətən, bu blanklarda yalnız müşətinin ad yeri boş buraxılır, yəni şərtlər bütün müştərilər üçün eyni olur.
Samir Əliyevin fikrincə, Azərbaycanda "İstehlak kreditləri haqqında" qanun qəbul edilsəydi, banklar müştəriləri bu cür məlumatsız qoya bilməzdi: "Əksər inkişaf etmiş ölkələrdə belə bir qanun var. Bir il öncə Rusiya da istehlak kreditləri haqqında qanun qəbul elədi. Bu qanun vətəndaşlarla kredit təşkilatları arasında münasibətləri tənzimləyir, banklar üzərində müəyyən öhdəliklər qoyur".

Rusiyada kredit götürənlər müqaviləni dəqiq öyrənmədən qol çəkmirlər
Rusiya prezidenti Vladimir Putin tərəfindən 2013-cü ilin dekabr ayında imzalanmış qanunda istehlakçıların hüquqlarını qorumaq üçün bankların qarşısında bir çox öhdəliklər qoyulub. Yəni bank müştəriyə faizlər, aylıq ödəniş, ödəniş müddəti və s. barədə tam dolğun məlumat verməlidir. Həmçinin, kredit müqavilələri müəyyən texniki standartlara uyğun olmalıdır. "İstehlak krediti haqqında müqavilə birinci səhifəsindən başlayaraq aydın və dəqiq oxunan şriftlə yazılmalıdır",- deyə qanunun 5-ci maddəsinin 12-ci hissəsində bildirilir.
Rusiyanın "İstehlak kreditləri haqqında qanun"u bankların sələm kartı buraxmasına da imkan yaratmır. Çünki qanuna görə, kreditin dəyəri və aylıq ödənişlər xüsusi düsturla hesablanır. Ödənişin məbləği kreditin faiz dərəcəsi, əsas borc və ödəniş müddətindən asılı olaraq dəyişir. Əgər kredit müddəti müqavilədə göstərmirsə, onda avtomatik olaraq ödənişlər12 ay üçün hesablanır. Bu qayda bütün banklar üçün məcburidir. Yəni bankın əsas məbləği tərpənməz saxlayaraq, müştəridən aylıq ödəniş kimi yalnız sələm faizi tələb edən kredit verməsi qeyri-mümkündür.
Məhz bu kimi amillərə görə, iqtisadçı ekspert Samir Əliyev Azərbaycanda da "İstehlak kreditləri haqqında" qanun qəbul edilməsini çox vacib sayır: "Əks halda, istər əmanətçilər olsun, istərsə də kredit götürənlər, vətəndaşların hüquqlarının banklar tərəfindən kütləvi pozulması davam edəcək".