Qərəzli araşdırmanın şübhəli nəticələri
OCCRP beynəlxalq ictimaiyyəti aldatmaq yolu tutub
28 Avqust 2015 17:59 İqtisadiyyatSon vaxtlar fəaliyyət göstərdikləri ölkələrə əriştə kəsə bilməyən bəzi beynəlxalq təşkilatlar başqa ölkələr üçün amac ovmağa başlayıblar. Adını "araşdırmaçı", təhlilçi", "monitorinqçi" daha nə bilim "nəçi" qoyan belə təşkilatlar heç bir etiket qaydalarına riayət etməyərək əndazəni aşmaqla həqiqətə uyğun olmayan məlumat yaymaqdadırlar. İnandırıcı deyil ki, beynəlxalq səviyyəli mütəxəssislərin cəlb olunduğu belə təşkilatlar araşdırmaları primitiv şəkildə aparsınlar, yaxud hazırladıqları hesabatlardakı həqiqətə uyğun olmayan məlumatlarla beynəlxalq aləmi çaşdırdıqlarının fəqrqində olmasınlar. Hələ bu hərəkətləri ilə barəsində söhbət gedən ölkələrin imicinə vurulan zərbəni demirəm. Deməli, belə məlum olur ki, həmin təşkilatlar şüurlu şəkildə, özü də xüsusi sifarişlə qərəzli hesabatlar hazırlamağa adətkar olublar. Həyasızlığın dərəcəsi o həddə çatıb ki, bu təşkilatlar beynəlxalq ictimaiyyəti "inandırmaq" üçün hesabatlarında milli təşkilatlar və mütəxəssilərin adlarına "istinaddan" belə çəkinmirlər. Belə bir açıqlama 2015-ci il avqust ayının 25-də 'Meydan TV'-nin veb-səhifəsində rus dilində 'Таинственная компания за короткий срок выиграла более 120 тендеров' ('Gizli Şirkət 120-dən artıq tenderə qalib gəlib') sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilisdilli versiyası 'the Organized Crime and Corruption Reporting Project (OCCRP)' veb-səhifəsində yayımlanıb. Növbəti gün, eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələr vasitəsilə paylaşılıb. Müəllifliyi göstərilməyən, araşdırmanın düzgün aparılması ilə bağlı məsuliyyətin kimin üzərinə düşməsi aydın olmayan bu məqalədə, 'Install Service LLC' şirkətinin fəaliyyəti ilə bağlı Azərbaycanda fəaliyyət göstərən İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və onun rəhbəri Vüqar Bayramovun adına aid edilən bəzi "fikirlər" qeyd edilib. Lakin ölkəmizdə iqtisadçı ekspert kimi tanınan Vüqar Bayramov həmin gilirlərin ona aid olmadığını bildirir: "Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə 'the Organized Crime and Corruption Reporting Project (OCCRP)' layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam. Təəssüflə qeyd etməliyəm ki, mənimlə ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərmi öyrənmədən mənim adımdan şərh yayımlanıb. Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil. Araşdırma zamanı edilən belə səhvlər ümumilikdə 'the Organized Crime and Corruption Report Project (OCCRP)' əməkdaşlarının araşdırma aparmaq qabiliyyətlərinin və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa imkan verir". Vüqar Bayramov əlavə edib ki, jurnalistlərlə sıx təmasda olan, mətbuat nümayəndələri üçün daim açıq olan İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu halı jurnalistikanın etik prinsiplərinin kobud pozulması kimi qiymətləndirir. "Təəssüf ki, bu hal jurnalistikanın bəzi nümayəndələrinin öz peşə borclarını düzgün icra etməməsi və cəmiyyəti səhv məlumatlandırmalarının göstəricisidir. Bu eyni zamanda onu təsdiq edir ki, belə "araşdırmalar"da bəzi belə "faktlar" beynəlxalq və yerli ictimaiyyətə qərəzli şəkildə təqdim olunur". Bu fakt onu deməyə əsas verir ki, sözügedən qurumun indiyə qədər müxtəlif ölkələrlə bağlı hazırladığı hesabatlar var ki, indi onların dürüstlüyü şübhə doğurur. Yəni, həmin hesabatların həqiqəti əks etdirmədiyi reallığı üzə çıxır. Məsələ orasındadır ki, belə qurumların hazırladıqları hesabatlar gələcəkdə beynəlxalq araşdırma mərkəzləri üçün istinad mənbəyi rolunu oynayır. Daha dəqiq, nəinki araşdırma mərkəzlərinin, hətta dövlət və hökumətlərin də bu məlumatlara istinad zərurəti yaranır. Belə çıxır ki, bu təşkilatlar bilərəkdən dövlətlərin tarixini, iqtisadi inkişafını təhrif etmiş olurlar, xoşlarına gəlməyən ölkələr barədə ifşaedici hesabatlar hazırlayırlar. Məsələ orasındadır ki, məqalənin orijinal ünvanı kimi göstərilən OCCRP veb-səhifəsində müəllifin kim olması barəsində heç bir qeyd yoxdur. Belə araşdırmalarda müəllifin olmaması isə beynəlxalq araşdırma üçün çox ciddi qüsurdur. Lakin bu fakt bird aha göstərir ki, araşdırma-məqalə jurnalistin şəxsi təxayülü üzərində qurulub və məsuliyyətdən yayınmaq məqsədilə anonim çap edilib. Belə səhvlər ümumilikdə bu təşkilatın bütün araşdırmalarının düzgünlüyünü və dəqiqliyini şübhə altına alır. İSİM rəhbəri Vüqar Bayramov bildirib ki, araşdırma faktları səhvdir və onların yenidən yoxlanılmasına çox ciddi ehtiyac var.
Alim