Azərbaycanda kifayət qədər maliyyə ehtiyatı mövcuddur
Mərkəzi Bank: “Valyuta bazarında vəziyyət nəzarətdədir”
26 Avqust 2015 18:59 İqtisadiyyatQazaxıstanın üzən valyuta rejiminə keçidi, Rusiyada rublun ciddi məzənnə itirməsi, qardaş Türkiyədə lirənin "qara günləri" və qonşu Gürcüstanda larinin yavaş-yavaş silkələnməsi Azərbaycanda dollara tələbi artırıb. Mərkəzi Bankı dolların manata rəsmi məzənnəsini aşağı salmasına baxmayaraq valyuta dəyişmə məntəqələrində dollar məhdudlaşdırılmış ən yüksək kurs ilə təklif edilir. Bu isə o deməkdir ki, avronun dünya bazarında möhkəmlənməsinə uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırıb. Amma qonşu ölkələrdə milli valyutaların vəziyyəti rəsmi məzənnənin real valyuta dəyişmə məntəqələrində hiss edilməsinə imkan vermir. Manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşlarımızın bir qismi yenidən xaricə valyutayaya üz tuturlar. Əslində, Mərkəzi Bank dollara tələbi azatlmaq üçün banklardakı manat əmanətləri indeksasiyasını həyata keçirməlidir. Ona görə ki, indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələləi həcminin azalmasına səbəb olub. Buna görə də, Mərkəzi Bank mövcüd resurslardan və vasitələrdən istifadə etməklə dollara tələbi azaltmağa çalışmalıdır. Çünki dollara yüksələn tələb Mərkəzi Bankın intervensiya xərclərini artırmaqla xarici valyuta rezervlərinin həcminə də təsir göstərə bilər. Bu isə Mərkəzi Bankın valyuta bazarında tələbi qarşılama imkanlarının xeyli azaltmış olar. Belə halda vətəndaşlar öz pullarını valyuta səbəti formasında saxlamaqla bütün potensial risklərdən sığortalanmış ola bilərlər. Bu arada iqtisadçı ekspert Samir Əliyev bldirir ki, Mərkəzi Bankın kreditlərin verilməsi ilə bağlı yeni qərarı istehlak kreditləri bazarına ciddi təsir edəcək. Belə ki, yeni mexanizmlə əhalinin istədiyi məbləğdə istehlak krediti götürmək imkanı məhdudlaşdırılır. Banka üz tutan şəxs gəlirini rəsmi olaraq sübut edən sənədi təqdim edə bilməsə onun bankdan istədiyi məbləğdə kredit götürməsi mümkün olmayacaq. Yəni artıq az məbləğdə məvacibi olan vətəndaşlar bankdan min manatdan artıq pul ala bilməyəcək. Yeniliyin müsbət tərəfi isə odur ki, insanlar kreditlərini vaxtında qaytara biləcək. Bu isə problemli kreditlərin həcminin artmasının qarşısını alacaq. Yəni bank müştəriyə kredit verən zaman onu qaytarıb-qaytarmayacağından narahat olmayacaq. Müştərinin ödəmə qabiliyyətinin hesablanması qaydasına gəlincə bu zaman BYG (aylıq borc yükünün gəlirə nisbəti ) əmsalından istifadə olunacaq. Bu əmsal hesablanarkən müştərinin hər ay ödədiyi və ödəməyə hazırlaşdığı borc yükü toplanaraq aylıq gəlirə bölünəcək. İnsanların kredit ala bilməsi üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Müştərinin aylıq ödənişləri aylıq gəlirinin 50%-dən artıqdırsa, onda bank həmin müştəriyə kredit verməkdən imtina edəcək. Qərar eyni zamanda bankların da bu sahədə səlahiyyətlərini məhdudlaşdırır. Maliyyə qurumlarının vətəndaşa kredit verərkən seçim imkanı aradan qaldırılır. Yəni bank artıq borcu olan müştəriyə yenidən kredit verərkən müstəqil qərar qəbul edə bilməyəcək. Samir Əliyev deyir ki, əvvəllər kredit götürmək istəyən müştərindən ancaq maliyyə vəziyyətini təsdiq edən sənəd tələb olunurdu və kreditin məbləği barədə bank müstəqil qərar verirdi. Ancaq indi ayrılacaq kreditin məbləği müştərinin gəlirindən birbaşa asılı olacaq və bank onu istədiyi qədər artıra bilməyəcək. Nəticədə bankdan kredit götürmək istəyən insanların sayı kəskin dərəcədə azalacaq. İqtisadçıların fikrincə, bu qərarın nəticəsi olaraq, banklar arasında rəqabət artacaq, buna tab gətirməyən maliyyə qurumları ya bazardan çıxmağa məcbur olacaq, ya bank olmayan kredit təşkilatına çevriləcək. Bu qərarın nəticələri ilə bağlı proqnozlardan biri də odur ki, getdikcə banklar vətəndaşlara istədiyi məbləğdə kredit verə bilmədikdə onu mikrokredit adı altında rəsmiləşdirəcək. Amma Mərkəzi Bankın atdığı bu addımın kreditlər üzrə faiz dərəcələrinin aşağı düşməsinə təsir edəcəyi gözlənilmir. Qeyd edık ki, Mərkəzi Bank Azərbaycanda valyutadəyişmə ilə bağlı problemlərin yaranmasına dair xəbərlərə münasibət bildirib. Mərkəzi Bankdan verilən açıqlamada bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində valyuta bazarında xarici valyuta qıtlığı olduğu və satışın həyata keçirilmədiyi barədə məlumatlar yayılır: "Bununla əlaqədar Mərkəzi Bank bildirir ki, həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirirlər. Əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş fililal şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və valyuta satışını davam etdirəcəklər. Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır. Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir". İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır. Ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman ikili valyuta səbətindən istifadə edildiyi üçün qədim qitənin pulunun vəziyyəti manata birbaşa təsir göstərir: "Son günlər avroya nisbətən ciddi dəyər itirən Birləşmiş Ştatlar valyutası milli valyutamıza nisbətən də ucuzlaşıb. O baxımdan, dolların zəifləməsi heç də Mərkəzi Bankın hansısa mesaji kimi təqdim edilməməlidir. Növbəti günlərdə avronun gündəlik məzənnəsində azalma olduğu halda mövcud məzənnə siyasətinə uyğun olaraq manat yenidən dollara nisbətən müqayisəli zəifləyəcək və Avropa valyutasına nəzərən möhkəmlənəcək. Mərkəzi Bank öz xarici valyuta rezervlərinin həcmi barədə açıqlamalar ilə ictimaiyyətə mesaj verir. İkili valyuta səbətinə keçiddən sonra manatın kursu birbaşa dünya valyuta bazarındakı dəyişikliklərə uyğunlaşdırılıb".
Alim