Fikrət Yusifov: “Neft 17-18 dollar olanda da Azərbaycanın maliyyə sistemi stabil qaldı”

Son günlər mətbuat səhifələrində manatın məzənnəsi ətrafında fikir söyləyənlərin sayı xeyli artıb. İlk baxışda burada qeyri-adi heç nə yoxdur. Dünya bazarlarında neftin qiymətləri aşağı düşməkdə davam edir. Təkcə qonşu dövlətlərdə deyil, hətta dünyanın iqtisadi cəhətdən inkişaf etmiş bir çox ölkələrində milli valyutaların ABŞ dollarına nisbətən ucuzlaşması prosesi baş verir. İqtisad elmləri doktoru, professor Fikrət Yusifov qeyd edib ki, yaranmış vəziyyət tələb edir ki, prosesə obyektiv qiymət verək, ölkəmizdə bu sahədə mövcud olan durumu əsaslı şəkildə təhlil edib cəmiyyətə əsil həqiqətləri söyləyək: "Fürsətçillər bu dəfə də ənənələrinə sadiq qalaraq cəmiyyəti çaşdırmaq, insanları xof içində saxlamaq yolunu tutublar. Məsələnin kökünü bilən də, bilməyən də mətbuatda istədiyi açıqlama ilə çıxış edir, heç bir mənbəyə, istinad nöqtəsi göstərilmədən müxtəlif uydurma rəqəmlər səsləndirilir. Müşahidələrimiz onu deməyə əsas verir ki, qonşu dövlətlərdə milli valyutaların məzənnəsində baş verən ucuzlaşma və neftin qiymətlərinin dünya bazarlarında aşağı düşməsi kimi hallar yenə bəzilərini sevincək salıb və həmin adamlar hər gün cəmiyyətə narahatlıq yaradacaq əsassız mesajlar ötürür, az qala bütün dünya ölkələrini əhatə etmiş bir prosesə görə məsuliyyəti Azərbaycanın siyasi hakimiyyətinin ayağına yazmağa çalışırlar".

Bəs əslində nə baş verir? Onun sözlərinə görə, məsələlərə obyektiv yanaşdıqda, hər şeyin qaydasında olduğunu və proseslərin bizə zərər vermədiyini, yaxud verməyəcəyini heç bir halda iddia etmək olmaz. Lakin ölkədə görülən qabaqlayıcı tədbirlər, hökumətin prosesi az ziyanla adlatmağa hesablanmış addımları, büdcənin neftdən asılılığını minimuma endirmək məqsədi daşıyan dövlət proqramları var ki, bütün bunların son nəticədə öz bəhrəsini verəcəyinə heç kəsin şübhəsi olmamalıdır: "Əli Kərimli adlı birisi yazır ki, "Xalqımız neftin qiymətinin düşdüyünü eşidən kimi hücum çəkib valyutadəyişmə məntəqələrinə dollar almağa. İkicə günə 370 milyon dollar alıblar". O bu informasiyanı haradan alıb? Bu adam belə ağılla, belə yanaşma tərzi və qeyri-ciddi mülahizələrilə hansı uzaqlığa gedə bilər? Cəmiyyətə yalan ötürmək sahəsində artıq peşəkara çevrilmiş Əli Kərimlinin iqtisadiyyat və maliyyə sistemi barədə verdiyi açıqlamlar da göstərir ki, onun ümümiyyətlə ölkənin iqtisadi sistemindən, bank maliyyə işlərinin vəziyyətindən qətiyyən xəbəri yoxdur". Onun sözlərinə görə, Azərbaycan dünyanın iqtisadi - maliyyə sistemindən təcrid vəziyyətdə yaşayan ölkə deyil ki, dünya iqtisadiyyatında baş verən proseslərin bizə aidiyyatı olmasın. Son illərin iqtisadi uğurlarına, qeyri-neft sektorunun inkişafında əldə olunmuş əsaslı irəliləyişlərə baxmayaraq ölkəmizin iqtisadiyyatında neft amili hələ ki, tam aradan qalxmayıb. Bu səbəbdəndir ki, neftin dünya bazarlarında qiymətlərinin dəyişməsi bizə də təsirsiz ötüşə bilməz: "Ancaq bunu cəmiyyətə, "Fəlakət baş verəcək", "Ərzaq tədarükü görün", "Bu gedişlə bütün rezervlər bircə aya bitəcək" kimi yersiz, heç bir məntiqə sığmayan və savadsızlıq göstəricisi olan çağrışlarla təqdim edənlər görünür neft qiymətlərinin statistikasını da araşdıra bilmirlər. Bilsəydilər, görərdilər ki, neftin qiyməti tarix boyu necə və neçə dəfə dəyişib. "İqtisadçı" qiyafəsinə bürünmüş bu adamlar manatın "Məmməd", "Nizami", "Qız qalası" kimi adlar verilmiş hörmətsiz və dəyərsiz vaxtlarını nə tez unudublar? Milli valyutamızın haradan hara gətirildiyi, hansı səviyyəyə qaldırıldığı onların gözünün qarşısında baş verməyibmi? Ümumiyyətlə, bu adamlar deyə bilərlərmi ki, büdcəsi bizim neftsiz büdcəmizdən az qala 2 dəfə aşağı olan qeyri-neft ölkələri bu gün necə yaşayıb fəaliyyət göstərirlər? Bu gün neftin qiymətlərinin aşağı düşməsi ətrafında ajiotaj yaradanlar özlərini elə aparırlar ki, sanki neftin tapılıb üzə çıxarıldığı gündən bu vaxta qədər birinci dəfədir ki, onun qiymətində dəyişiklik baş verir. Unutmayaq ki, müstəqilliyimizin ilk illərində və bütövlükdə 1991- 1999-cu illəri əhatə edən 9 il ərzində dünya bazarlarında neftin orta qiyməti 17-18 dollardan yuxarı olmayıb. Həmin illərdə Sovetlər Birliyindən qalmış iqtisadi sistem tam çökdüyündən ölkə iflic vəziyyətə düşmüşdü. Azərbaycanın maliyyə vəziyyəti olduqca ağır idi. Lakin buna baxmayaraq 1994-cü ilin sonlarından başlayaraq ölkə iqtisadiyyatı və onun maliyyə sistemi stabillik mərhəlləsinə qədəm qoya bildi. Bu, Heydər Əliyevin rəhbərliyi altında aparılan düzgün iqtisadi və maliyyə islahatlarının nəticəsində baş verdi. Neftin qiymətlərinin dünya bazarlarında orta illik 17-18 dollar səviyyəsində olmasına baxmayaraq, Azərbaycan hökuməti 1994-1999-cu illər ərzində büdcədən maliyyələşən bütün təşkilatlarda əmək haqlarının və təqaüdlərin vaxtında verilməsini təmin edə bildi. İndi bizim neftsiz, qazsız iqtisadi və və maliyyə imkanlarımız həmin illərlə müqayisəolunmaz dərəcədə genişdir. İndi Azərbaycanın istənilən iqtisadi təlatümləri adlatmağa imkan verən resursları və möhkəm ehtiyat bazası var. Odur ki, cəmiyyətə yalan informasiyalar ötürən, insanlarda narahatlıq yarada biləcək bəyanatlar verən, heç bir istinad nöqtəsi olmayan uydurma rəqəmlər ortaya atanlar bu yolla siyasi uğur qazanacaqlarını düşünürlərsə, kökündən yanılırlar".


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31