OPEK-də gərginlik: “Neftin qiyməti düşdükcə “qızdırma” yüksəlir”

Azər Mehdiyev: “OPEK-in azneftli ölkələri neftin qiymətinin yüksəlməsində maraqlıdırlar, lakin bunu Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına etməyi düşünürlər”

"ABŞ dünya neft bazarına zəlzələ salıb, az bir müddətdə dünyanın ən böyük neft idxalçısından ən böyük neft hasilatçısına çevrilməklə nəinki idxaldan tam imtina edib, hətta ixraca başlayıb və bunu genişləndirmək niyyətindədir". "Olaylar"ın xəbərinə görə, dünya birjasında neftin ucuzlaşmasına mübasibət bildirən iqtisadçı-ekspert Azər Mehdiyev belə deyib. A. Mehdiyev qeyd edib ki, dünyanın ən böyük neft istehlakçısı olan Çin iqtisadiyyatında başlayan böhran neft istehlakının azalmasına və bazarın kiçilməsinə aparır. Səudiyyə Ərəbistanı neft bazarındakı payının az bir hissəsindən belə imtina etmək niyyətində deyil, hətta tədricən artırmaqdadır. İran dünya neft bazarındakı payını artırmaqda israrlıdır. Dünya iqtisadiyyatının durumu neftə tələbatın azalmasına və neft bazarının sıxılmasına meyllidir. OPEK-in azneftli ölkələri neftin qiymətinin yüksəlməsində maraqlıdırlar, lakin bunu Səudiyyə Ərəbistanının hasilatı azalması hesabına etməyi düşünürlər. Görünən odur ki, bu qurumda durum çox gərgindir və neftin qiyməti düşdükcə "qızdırma" daha da yüksəlir: Səudiyyə Ərəbistanı - İran, Səudiyyə Ərəbistanı - digər üzvlər qarşıdurması kəskinləşir. OPEK ciddi sınaqla üz-üzədir: qurumun sonu çatıbmı? Rusiya neft hasilatını və satışlarını artırmağa (ən azı azaltmamağa) can atır (hərçəndki texnoloji imkanları getdikcə məhdudlaşır) iqtisadi durum onu buna vadar edir. Rusiya OPEK-ə üzv olub həm bu qurumu xilas edə, həm də neft bazarında bu kartelin mövqeyini gücləndirə bilərmi? Rusiya - Səudiyyə Ərəbistanı - İran üçlüyü arasındakı maraqlar konflikti buna imkan verə bilərmi? Siyasi və iqtisadi maraqların toqquşması və birləşməsi nöqtələri necədir? ABŞ belə inteqrasiyaya imkan verə bilərmi? Araşdırmaq üçün maraqlı tezislərdir". ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31