“Neftin qiyməti 30 dollara enəcək?”
Natiq Cəfərli: “Çin iqtisadiyyatındakı problemlərin dərinləşməsini qiyməti hesablayarkən, o qədər də nəzərə almırdılar”
24 Avqust 2015 13:49 İqtisadiyyatDünya bazarlarında Brent markalı neftin qiyməti ucuzlaşaraq barrel üçün 45 dollardan aşağı düşüb. Hazırda London birjasında Brent markalı neftin bir barrelinin qiyməti 44,55 dollardır. Sutka ərzində ucuzlaşma 1,74% olub. Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq. İqtisadçı-ekspert Natiq Cəfərli "Olaylar"a açıqlamasında bildirdi ki, neftin qiymətinin müəyyənləşdirilməsi böyük problemlər ortaya çıxması ilə üst-üstə düşdü. N. Cəfərlinin sözlərinə görə, bu günədək ekspertlərin nəzərə almadığı amillər də bu prosesdə özünü büruzə verməyə başlayıb: "Söhbət Çindən gedir. Çin iqtisadiyyatındakı problemlərin dərinləşməsini neftin qiymətini hesablayarkən, o qədər də nəzərə almırdılar. Çin iqtisadiyyatında problemlər getdikcə genişlənir. Təkcə avqustun 24-də Çin birjası 8% dəyər itirdi. Bu hal axırıncı dəfə 90-cı illərdə baş vermiş Asiya böhranında qeydə alınıb. Çində dərinləşən iqtisadi problemlər qlobal xarakter alır. Çinin dünyanın ən böyük neft istehlakçısı olmasını nəzərə alsaq, getdikcə bu ölkədə neft və neft məhsullarına olan tələbat azalmağa doğru gedəcək. Bununla yanaşı, İranın dünyanın neft bazara daxil olması, OPEK-ə daxil olan ölkələrin hasilatı hər ay artırması da "qara qızıl"ın qiymətinə əlavə basqılar yaradır. Artıq neftin uzunmüddətli aşağı qiymətlərlə hesablanması ehtimalı yüksəkdir. Bundan başqa neftin dib qiymətlərinin görünməsi məsələsi də problemə çevrilib. Müxtəlif qiymətlər səsləndirilir. Paralel olaraq, İranın fiziki olaraq bazara çıxması oktyabrın 20-də baş verəcək. Bunu da nəzərə alsaq, neftin qiymətlərinə təzyiqlər getdikcə artacaq. Hətta 30-35 dollaradək enməsi indiki dövrdə daha real görünür. Qiymətlərin uzun müddət aşağı qalması da real görünür ki, bu da neft hasil edən ölkələr üçün ciddi problemdir". ("OLAYLAR" İA)