Ekspert: “Valyutada beynəlxalq ehtiyatlar azalır”
24 Avqust 2015 12:47 İqtisadiyyat"İqtisadiyyat sürətlə dollarlaşır, valyutada beynəlxalq ehtiyatlar kəskin şəkildə azalır". Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu məlumat verib. Q. İbadoğlu bildirib ki, bu ilin 6 aylıq yekunlarına görə, depozitlərin 72,4 faizi banklara dollarla yerləşdirilib və ötən ilin müvafiq dövrü ilə müqayisədə valyutada beynəlxalq ehtiyatlar yarıbayarı azalıb: "Bu hesablamalar Mərkəzi Bankın açıqladığı statistik məlumatlar əsasında aparılıb. Hər iki göstərici kapital bazarında manatın mövqeyinin xeyli zəifləməsini və rəsmi ehtiyat aktivlərinin sürətlə azalmasını isbat edir. Hər iki qərarlaşmış tendensiya Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektiv vəd eləmir. Birincisi, iqtisadiyyatın dollarlaşması ilə onun xarici faktorlardan asılılığını və ölkədən kapital axınını gücləndirir.İkincisi isə Mərkəzi Bankın manevr imkanlarını getdikcə məhdudlaşdırmaqla orta müddətli dövrdə milli valyutanın gələcəyini tutqun göstərir. Vəziyyətdən çıxış yolu valyuta bazarının liberallaşdırılması və rəqabətli investisiya mühitinin dəstəklənməsidir".