Neftimiz əldən gedir
Dünya birja bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
22 Avqust 2015 14:56 İqtisadiyyat
ANS PRESS-in məlumatına görə, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti 46 dollara qədər ucuzlaşıb.
Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb dünya neft bazarının xammal bolluğu, həm də son həftələrdə dolların bahalaşmasıdır. Brent markalı neftin qiyməti 40 sent ucuzlaşaraq bir barrel üçün 46 dollara çatıb.
Ucuzlaşma Azərbaycan neftinin qiymətində də qeydə alınıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 0,38 dollar ucuzlaşaraq 48,09 dollar təşkil edib.
Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.
Ümumilikdə, bu il ərzində neftin qiymətinin ən aşağı səviyyəyə düşəcəyi proqnozlaşdırılır. Gələn il isə bu prosesin əksinə cərəyan edəcəyi gözlənilir. 2017-ci ilə qədər isə neftin qiymətinin 80 dollara qədər qalxa biləcəyi güman edilir.