Bank sektorunda islahata ehtiyac var

Deputat: “Azərbaycanda banklar birləşməli, iri banklar yaradılmalıdır”

İlin əvvəlində baş verən manatın devalvasiyasından sonra bank sistemində cərəyan edən proseslər ən çox müzakirə predmetinə çevrilib. Buna səbəb bankların kredit borcu ilə bağlı məsələni hansı qaydada həll edəcəyi ilə əlaqədar yaranan anlaşılmazlıqdır. Məlumat üçün qeyd edək ki, son günlərdə Azərbaycan Beynəlxalq Bankına kredit borcu olan bir neçə məşhur iş adamının həbsi məsələni daha da aktuallaşdırıb. Çünki həmin şəxslərin dövlətə 6 milyard manata qədər zərər vurduqları bildirilir. Bu halda ölkədə fəaliyyət göstərən banklarda da vəziyyətin nə yerdə olması və mövcud vəziyyətini əmanətçilər üçün nə dərəcədə riskli olması və bir neçə bankın müflis elan olunması cəmiyyəti maraqlandırılan məsələlərdəndir. Xatırladaq ki, avqustun 10-da Azərbaycanda daha bir bank - "EvroBank" Açıq Səhmdar Cəmiyyəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə müflis elan edilib. Əvvəla onu qeyd edək ki, ölkənin ən sistem əhəmiyyətli bankında problemin yaranması ümumilikdə bank sisteminə təsirsiz ötüşmür ki, burada da əsas çatışmazlıq bankın özünün idarəçiliyi ilə bağlıdır. Təbii ki, bank rəhbərliyi islahatların aparıldığı bir dövrdə ilk növbədə problemli və vaxtı keçmiş kreditlərin qaytarılması barədə düşünməlidir ki, müflisləşmə problemi ortaya çıxmasın. Yeri gəlmişkən qeyd edək ki, rəsmi statistikaya əsasən hazırda problemli kreditlərin həcmi 1,2 milyard ətrafındadır. Nəzərə almaq lazımdır ki, hazırda uçot dərəcəsi ilə kreditlərin faiz dərəcələri arasında əlaqə minimum səviyyədədir. Çünki mərkəzləşdirilmiş kreditlər əsasən bir neçə banka gedir. Nəticədə digər banklar üçün əlavə vəsait əldə etmək əlçatmaz olur. Üstəlik valyuta mövqeyinə riayət olunmaması belə banklara çox böyük zərbə vurur.

***

Millət vəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Azərbaycan bank sistemində çox ciddi problemlər yaşanmaqdadır. Manatın devalvasiyası, vaxtı keçmiş kreditlərin həcminin artması bu problemlərin yaranmasına və dərinləşməsinə səbəb olub: "Ümumiyyətlə, bank sisteminin ciddi islahatlara ehtiyacı var və islahatlara çoxdan gedilməli idi. Azərbaycanda banklar birləşməli, iri banklar yaradılmalıdır. Bankların dövri vəsaitlərinin, likvidliyinin olması, kredit faizlərinin aşağı salınması vacib amillərdəndir. İslahatlar çoxdan aparılmalı idi ki, banklar bu cür aqibəti yaşamasın. Son vaxtlar Mərkəzi Bankın İdarə Heyətində müəyyən addımlar atılsa da, həyata keçirilənlər o qədər də qaneedici deyil. Uzun müddətdir bank sistemində islahat aparılmır. Bunun nəticəsidir ki, həddindən artıq xırda banklar peyda olub. Həmin banklar əmanətləri çox aşağı faizlə qəbul edir, amma krediti yüksək faizlə verir".Vahid Əhmədov bildirib ki, bankların sayı azalmaqda davam edəcək: "Problemlər çoxdur. Azərbaycandakı 46 bankdan 43-ü fəaliyyətini davam etdirir. Bankların sayının çox olması əslində müsbət haldır. Amma Azərbaycanda vəziyyət bu cür davam edə bilməz. Banklar ya bağlanmalı, ya da Mərkəzi Bankın tövsiyəsi əsasında iri banklar yaradılmalıdır. Əvvəllər nizamnamə kapitalı 10 milyon manat idisə, hazırda bu 50 milyon manatla ölçülür. Bir sözlə, islahat getməlidir, bu labüddür". İqtisadçı-mütəxəssis deyib ki, nə qədər çox bank, alternativ variantlar olarsa, o qədər yaxşıdır: "Amma nəzərə almaq lazımdır ki, bankların yaşaması üçün vəsait olmalıdır". İqtisadçı ekspert Samir Əliyev bildirib ki, vəziyyətdən çıxış yolu olaraq ilk növbədə banklarda idarəetmə sistemini dəyişmək lazımdır. Çünki, banklarda yaranan çatışmazlıqlar əsasən risk menecmentinin işi düzgün qurmaması ilə bağlıdır. Belə ki, böyük həcmdə pullar verilib və onların bu gün geri qayıtması sual altındadır: "Düzdür, qeyri-ənənəvi metodlardan istifadə edilir. İnzibati vasitələrlə çalışırlar ki, həmin pulları geri alsınlar və ola bilər ki, həmin pulun müəyyən hissəsi xilas edilsin. Ümumən götürəndə həmin pulun hamısını xilas etmək mümkün olmayacaq. Düşünürəm ki, bu amil də bankın bundan sonrakı reytinqlərinə təsir göstərəcək". Onun sözlərinə görə, bank sektorunda şəffaflığın artırılmasına çox böyük ehtiyac var. Şəffaflıq baxımından adətən xarici kapitalla çalışan banklar daha çox seçilir: "Düşünürəm ki, xarici kapitalla çalışan banklar daha çox şəffafdır, nəinki sırf yerli banklar. Çünki xarici kapitallı banklarda sahibkarlar məcbur edir, öhdəlik qoyur ki, istər yerli, istərsə də beynəlxalq auditoriyaya məlumatlar düzgün açıqlansın. Maliyyə hesabatları vaxtında dərc edilsin". Ekspert bildirib ki,bankların reytinqi o zaman aşağı düşə bilər ki, Azərbaycanın özünün suveren kredit reytinqi ensin. Bu gün belə bir təhlükə yoxdur, amma ehtimal var. Ona görə ki, neftin qiyməti düşməyə davam edərsə və neft gəlirləri azalmağa doğru gedərsə, onda ölkənin özünün də reytinqi endirilə bilər. Bu halda dövlət, bankların üzərində müəyyən sağlamlaşma əməliyyatları aparmaqla onun reytinqi qoruya bilər: "Əgər bazarda rəqabət mühitini qorumaq istəyiriksə, dövlət bankları özəlləşdirilməlidir. Çünki onların üstünlüyü rəqabət mühitini daima pozur. Ola bilsin, özəlləşdirməyə çıxarmaq üçün ilkin dövrdə banklarla bağlı müəyyən bir sağlamlaşdırma proqramı həyata keçirilsin və ilk mərhələdə dövlət tərəfindən müəyyən bir maliyyə yardım edilsin".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31