Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mətbuat və İnformasiya Mərkəzinin açılışı olub. "APA-Economics"in məlumatına görə, müasir standartlara əsaslanan yeni üslublu mərkəzin açılış mərasimində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iştirak edib. Bildirilib ki, bu gün informasiya cəmiyyətinin inkişaf etdiyi, qlobal informasiya məkanında yeni tələb və trendlərin formalaşdığı zamanda bütün informasiya təsisatlarının öz strukturunda dəyişikliklər etməsi labüddür. Qeyd olunub ki, bu baxımdan müasir standartlara və ən son texnologiyalara əsaslanan mərkəzin fəaliyyəti məqsədə uyğundur. RYTN-in informasiya siyasətinin tənzimlənməsi, nazirliyin həyata keçirdiyi tədbir və layihələrin təşviqi, ictimaiyyətin məlumatlandırılması funksiyalarını Mətbuat və İnformasiya Mərkəzi yerinə yetirəcək. Mərkəzin nəzdində nazirliyin rəsmi saytı (www.mincom.gov.az), "Rabitə dünyası" qəzeti və "ICTnews" Elektron Xidməti fəaliyyət göstərəcək. Eyni zamanda, yaradılması nəzərdə tutulan internet televiziyasının da bu mərkəzdən idarə olunması planlaşdırılır. Mərkəz eyni zamanda nazirlik, idarə və müəssisələrin fəaliyyətinə dair məlumat, çıxış və müsahibələrin hazırlanması, foto, video çəkilişlərinin aparılması ilə də məşğul olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31