İpoteka ilə alınan mənzil satıla bilərmi?

Dünyamin Novruzov: “Əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur”

Azərbaycanda tətbiq edilən ipoteka kreditləri son illərdə mənzil bazarında bir canlanma yaradıb. Xüsusilə, müəyyən təbəqələrdən olan şəxslərə verilən ipoteka kreditlərinin faiz dərəcələrinin  aşağı olması daşınmaz əmlak alanlarının sayının artmasına müsbət təsir göstərib. Bir müddət əvvəl isə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ipoteka kreditlərinin faiz dərəcələrinin bir qədər aşağı salınması ilə bağlı tövsiyyələrindən sonra  hökumətin bu istiqamətdə fəaliyyətə keçməsi evsiz vətəndaşlarda məmnunluq hissi yaradıb. Şübhə edilmir ki, artıq bu yolla mənzil alanların sayında kifayət qədər artım müşahidə ediləcək. Ancaq bir çox hallarda ipoteka kreditləri ilə alınmış daşınmaz əmlakın, xüsusilə evin sonradan alqı-satqı prosedurunda müəyyən problemlər ortaya çıxır. Bir çox hallarda vətəndaşa süni problemlər yaradılır, onun kifayətqədər qanunvericiliyi bilməməsindən istifadə edilərək süründürməçiliyə yol verilir. Bəs görəsən ipoteka ilə alınan ev satıla bilərmi? Belə evi alan insanı hər hansı bir problem gözləyirmi? Bu və ya digər suallarla bağlı ortaya çıxan məsələlərə "Bakı Hüquq Mərkəzi"-nin hüquqşünası vəkil Dünyamin Novruzov aydınlıq gətirib. Vəkil bildirib ki, "İpoteka haqqında" qanunun 30.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair). Dünyamin Novruzovun sözlərinə görə, qanunun 30.2-ci maddəsinə görə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə, ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır". Vəkil qeyd edib ki, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur: "Bu zaman vətəndaş ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi ona satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələrini daşıyacaq. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında, ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski vardır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31