“Qızıl almayın” – Ekspert
3 Avqust 2015 12:58 İqtisadiyyatDünya bazarında qızılın qiyməti sürətlə ucuzlaşamaqda davam edir.Son qiymət 1999-cu ildən bu yana ən aşağı həddə enib. Belə ki, qızılın unsiyasının (29,86 qrama bərabər çəki ölçüsü) qiyməti 1080 dollara düşüb. Bazarların qarşılıqlı təsiri qanununa uyğun olaraq, qızılla yanaşı digər əlvan metallar, gümüş, mis və platinium da ucuzlaşır.Məsələyə münasibət bildirən ADR Hərəkatı sədri, iqtisadçı-ekspert Qubad İbadoğlu qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün qızılın və gümüşün qiymətində baş verənlərin təsiri digər qiymətli metallarla müqayisədə daha çoxdur. Q. İbadoğlunun sözlərinə görə, buna səbəb Azərbaycanda bu metalları istehsal edilməsi və eyni zamanda Dövlət Neft Fondunun ehtiyatlarının bir hissəsini qızılla formalaşdırmasıdır.Azərbaycan qızıl hasilatı ildən ilə genişlənir. Bu işlə məşğul olan "Anglo Asian Mining plc" şirkəti hal-hazırda "Gədəbəy" və "Qoşa" yataqlarında qızıl və digər qiymətli metallar çıxarır. Şirkət avqust ayından yeni "Qədir" yatağında da əsas işlərə başlayacaq. Hasilatın genişləndildiyi dövrdə qızılın dünya bazarında ardıcıl ucuzlaşması şirkətin investisiya siyasətinə təsirsiz ötüşməyəcək, bununla yanaşı, formalaşmış tendensiya onun gəlirlərinin, eləcə də Azərbaycanın hasilatdakı payının azalmasına gətirib çıxaracaq. Digər tərəfdən də 2012-ci ildən aktivlərinin bir hissəsini qızıla investisiya edən Dövlət Neft Fondu bu ilin əvvəlinə qədər qızıl alışlarının ümumi həcmini 30 tona çatdırıb. Beləliklə də 2014-cü ilin yekunlarına görə, Fondun vəsaitlərin 3,1 faizi qızıl portfelində yerləşdirilib. Bu göstərici əvvəlki illə müqayisədə 0,2 faiz bəndi azdır. Lakin, Fondun investisiya siyasətinə görə, qızıl portfeli - investisiya portfelinin məcmu dəyərinin maksimum 5 faizinə qədər artırıla bilər. Hesab edirəm ki, qızılın qiymətində durğunluq yaranan ərəfədə və 2012-ci ilin sentyabrından etibarən enmələr müşahidə olunan dövrdə yeni maliyyə aləti kimi qızıl külçələrinə investisiya qərarı strateji olaraq düzgün verilməyib. Çünki, dünya bazarında bu məhsulun qiymətinin ucuzlaşmasına görə Fondun qızıl portfelinin gəlirliyi ildən-ilə azalır. Bununla yanaşı, Asiya və Sakit okean hövzəsi ölkələrinə aktivlərinin 13,54 faizini yerləşdirən Dövlət Neft Fondunun Çin səhm bazarında baş verən dəyişikliklər ərəfəsində bu ölkənin iqtisadiyyatına əlavə sərmayələr yönəltməsi də strateji yalnışlıq olar. Nəticədə Fondun itkiləri daha da arta və bu il üzrə vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər əvvəlki ildəkindən (2014-cü ildə bu göstərici 493,7 milyon ABŞ dolları olub ki, bu da illik 1,33 faiz gəlir deməkdir) aşağı düşə bilər. Odur ki, Fondu qızıl alışlarını dayandırmağa və Rusiya, Çin kimi həssas və böhranlı iqtisadiyyatı olan ölkələrə sərmayə qoymaq qərarından imtinaya çağırıram". ("OLAYLAR" İA)