“Neftin qiyməti 35 dollara düşə bilər” – Ekspert
10 İyul 2015 16:15 İqtisadiyyat"ABŞ neft ixracına qoyduğu qadağanı götürmək istəyir". Dünya neft bazarında son vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. "1973-cü ildə dünyada ciddi neft böhranı yaşandı.İsrail və Ərəb ölkələrinin müharibəsində İsraili dəstəkləyən ABŞ-a və bəzi Avropa ölkələrinə OPEK təşkilatına daxil ərəb ölkələri neft enbarqosu tədbiq etdi. Bu embarqodan ən çox ABŞ əziyyət çəkdi, neftin qiyməti isə bir barelə 3 dollardan 21 dollara qalxdı, yəni, qiymət 7 dəfə qalxdı.Ərəb ölkələrinin bu addımından sonra ABŞ ölkədən neft ixracına qadağa qoydu, bu zamana qədər ABŞ-da hasil olunan neftin bir qismi ixrac edilirdi. Həmin qadağa bu günə qədər də qüvvədədir. "Reuters" agentliyinin xəbərinə görə ABŞ prezidenti konqressə müraciət edərək bu qadağanın götürülməsinə çağırıb. "21st Century Cures Act" adı alan qanun layihəsi qəbul edilsə, ABŞ 42 illik bu qadağanı götürəcək. Obamanın belə bir çağırışla çıxış etməsinin səbəbləri odur ki, ABŞ-da toxunulmaz strateji neft ehtiyatları tarixinin ən çox həcminə, 465,8 milyon barelə çatıb, neft hasilatı isə gündəlik 9,604 milyon barelə (müqaisə üçün deyim ki, Azərbaycanın gündəlik hasilatından 17 dəfə çox) çatıb. Yaxın gələcəkdə neft hasilatının gündəlik 11 milyon barel olması gözlənilir. Bütün bunları, həm də klassik anlamda neft erasının bitdiyini nəzərə alaraq, ABŞ neft ixracına qoyulan qadağanı götürmək istəyir. Bu qərar qəbul olunsa, neftin indiki qiymətlərinə ciddi basqı yaradacaq və uzun onillər neftin qiyməti 35-65 dollar arası gedib-gələcək", deyə N. Cəfərli vurğulayıb. ("OLAYLAR" İA)