
Avronun son iki ayda dollara nisbətdə dəyərinin dəyişməsi; Mənbə: dailyfx.com
Son bir il ərzində Yunanıstanda baş verən maliyyə böhranı və Rusiyaya qarşı sanksiyalar,Ukrayna ətrafında baş verənlər və neftin qiymətindəki kəskin ucuzlaşma dolayısı yolla avronun zəifləməsinə gətirib çıxarıb. Avronun məzənnəsinin aşağı düşməsinə digər bir səbəb dolların möhkəmlənməsidir. Əslində, avronun məzənnəsinin azalması Avropa Birliyindən ixrac əməliyyatlarını asanlaşdırır.
İqtisadçı Vüqar Bayramov hesab edir ki, ABŞ və Çin kimi ixrac potensialı yüksək olan ölkələr avronun ucuzlaşmasında maraqlı deyillər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov
V.Bayramovun fikrincə, avro ucuzlaşdığı təqdirdə istehsalçı ölkələrdə məhsul bahalaşır, Avropada isə ucuzlaşır: "Avropanın son proseslərdə ABŞ-ı dəstəkləməsi rəsmi Vaşinqtonun Brüsselə jest etməsinə gətirib çıxarıb. ABŞ avronun məzənnəsinin qarşısını almaq məqsədi ilə qabaqlayıcı addımlar atmır. Bu isə Avropa Birliyinin ixrac qabiliyyətinin stimullaşdırılması üçün unikal fürsət yaradır. Dollar yalnız avroya nisbətən deyil, digər ölkələrin valyutasına nisbətdə də bahalaşır. Avronun məzənnəsində kəskin azalma gözlənilmir. Ancaq Avropa ölkələrində problemlər qaldıqca avronun ucuzlaşması da gündəmdə qalır. ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qəbul edəcəyi qərarlar avronun məzənnəsinin müəyyən edilməsində əsas rol oynayacaq", - deyə iqtisadçı əlavə edib.
Son bir ilə nəzər saldıqda Avropanın vahid valyutası haqqında nikbin danışmaq olmur. Ötən ilin eyni dövrü ilə müqayisədə avro dollar qarşısında 0.27 azalıb. Avronun son bir il ərzində dollar qarşısında ucuzlaşmasına aşağıdakı cədvəldən baxmaq olar.

Avronun son bir il ərzində dollar qarşısında ucuzlaşması; Mənbə: dailyfx.com
Avronun dolların qarşısında dəyər itirməsi manatın məzənnəsində də hiss olunur.Azərbaycan Mərkəzi Bankı nın bu günə olan rəsmi məlumatına görə, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutasının bir gün ərzində 1,1575-dən 1.1539 AZN-ə düşüb. V.Bayramov bildirir ki, Azərbaycan Mərkəzi Bankı fevral ayından etibarən ikili valyuta səbətinə keçib. İqtisadçının sözlərinə görə, əvvəllər manat bir valyutalı səbətlə müəyyənləşirdisə, indi milli pul vahidimiz ikili valyutada (dollar, avro) saxlanılır: "Mərkəzi Bank may ayından valyuta səbətində avronun payını artırıb. Bu fakt isə manatın məzənnəsinə birbaşa təsir göstərir. Avro bahalaşarsa manat dollara nisbətdə möhkəmlənəcək. Əks təqdirdə dollar həm avroya, həm də manata qarşı möhkəmlənəcək. Təəssüf ki, indiki halda avronun yumşalması manatın da yumşalmasına baza yaradır", - deyə V.Bayramov vurğulayıb. Son iki ayda avronun manat qarşısında ucuzlaşması da deyilənləri təstiqləyir. May ayında 1,8-1,9 civarında dövr edən avro, hazırda 1,5-1,6 civarında seyr edir.