Azərbaycanda ərzaq təhlükəsizliyi – Rəqəmlərin gözü ilə
Vahid Məhərrəmov: “20% ehtiyat fondun yaranması ölkənin ərzaq təhlükəsizliyini daha güvənli edir”
8 İyul 2015 14:03 İqtisadiyyat"Son zamanlar beynəlxalq aləmdə ərzaq təhlükəsizliyi önə çəkilir və bu məsələlərə xüsusi əhəmiyyət verilir. Dünya ölkələri ərzaq təhlükəsizliyini özlərinin milli təhlükəsizliyinin ən mühüm tərkib hissəsi kimi qəbul edirlər". Azərbaycanda ərzaq təhlükəsizliyi barədə danışan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov belə deyib. V. Məhərrəmov qeyd edib ki, ərzaq təhlükəsizliyinin təminatı deyəndə ölkənin ərzaq mallarına, qida məhsullarına, içməli suya olan təlabatını daxili istehsal hesabına tam həcmdə, keyfiyyətli, davamlı, hamı üçün əlçatan olmaq şərti ilə ödəməsi və əlavə olaraq 20% də ehtiyat kimi saxlanması nəzərdə tutulur: "Bəzi halda bu şərtlərin təhrif olunduğunun şahidi oluruq. Azərbaycanda ərzaq təminatının 80% ödənildiyi və 20% ehtiyatın yarandığı ərzaq təhlükəsizliyinin tam təminatı kimi təqdim olunur. Ancaq beynəlxalq təcrübələr göstərir ki, qlobal iqlim dəyişməsi nəticəsində bəzi illərdə hava şəraitinin kəskin şəkildə dəyişməsi aqrar sahəni ətraf mühitin zərərli təsirinə məruz qoyur, nəticədə bu sahədə məhsuldarlığın aşağı düşməsinə və adambaşına qida məhsullarının azalmasına səbəb olur. Ona görə də beynəlxalq mütəxəssislər hesab edir ki, yaranmış əlverişli şərait nəticəsində əhalinin tam qida təminatını ödəməklə yanaşı, hər ehtimala qarşı 20% ehtiyat fondun yaranması ölkənin ərzaq təhlükəsizliyini daha güvənli edir. Əksər inkişaf etmiş ölkələr strateji əhəmiyyət kəsb edən bu vacib məsələnin həllində xeyli işlər görüb. Belə ki, kənd təsərrüfatı məhsulunun zənciri, istehsal, logistika, emal, satış, istehlak mərhələlərinə kimi bütün həlqələrin yüksək səviyyədə təşkilinə nail olaraq bu sahədə davamlı stabil inkişafın əsasını qoya biliblər". Vahid Məhərrəmov qeyd edib ki, son zamanlar ərzaq təhlükəsizliyi məsələsi postsovet dövlətlərinin də diqqət mərkəzindədir. Ekspertin sözlərinə görə, müstəqillik əldə etmiş bu ölkələr özlərinin ərzaq və qida məhsullarına olan təlabatlarının xaricdən aslılığını azaltmaq məqsədilə aqrar sahədə islahatlar aparmış, müstəqil aqrar siyasəti müəyyənləşdirərək, istehsal münasibətlərinin yenidən qurulması üçün yeni qanun və qaydalar qəbul ediblər.
"Süd və ət istehsalı tələbatı ödəmir"
Vahid Məhərrəmov bildirib ki, MDB ölkələrinin bəzisi ərzaq və qida məhsullarına olan təlabatlarının əsas hissəsini daxili istehsal hesabına ödəyə bilir: "Belə ki, Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 84 kiloqram olduğu halda Belarus 124 kiloqram ət və ət məhsulları istehsal etməklə MDB-də liderdir, normadan aşağı olsa da ikinci yerdə 60 kiloqramla Rusiya, üçüncü yeri adambaşına 55 kiloqram ət istehsal etməklə Qazaxıstan tutur. Azərbaycan il ərzində adambaşına 32 kiloqram ət istehsal etməklə bu siyahıda axırdan ikinci yerdədir. Sonuncu yerdə isə Tacikistandır. Azərbaycan Dövlət Statistika Komitəsinin saytında, beynəlxalq müqayisələr bölümündə Ermənistanın 2013-cü ildə istehsalı etdiyi ət və ət məhsulları haqda məlumat verilməyib. Azərbaycanın 2013-cü ildə istehsal etdiyi ət və ət məhsulları isə təlabatın 38 faizini təmin edir. Qeyd etmək istərdim ki, bəzi MDB dövlətləri daxili istehsal hesabına özlərinin əsas ərzaq və qida məhsullarına olan təlabatlarını ödəyə bilmədikləri halda əhalinin alıcılıq qabiliyyətini artırmaq hesabına beynəlxalq normaya uyğun şəkildə əhalinin qidalanmasını təmin edirlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Rusiyada daxili istehsal hesabına adambaşına 60 kiloqram ət istehsal olunsa da xaricdən idxl olunan ət və ət məhsullarının hesabına bu göstərici 74 kiloqrama qədər artıraraq normaya yaxınlaşdırıblar. Belə ki, 2013 -cü ildə ölkədə adambaşına 33, 8 kiloqram ət və ət məhsulları istehlak olunub. Bu da müəyyən edilmiş normanın 40 faizi qədərdir". Vahid Məhərrəmov bildirib ki, MDB ölkələri arasında yeganə ölkə olaraq Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəməklə yanaşı təxminən bir o qədər də məhsul ixrac edir: "MDB ölkələri sırasında adambaşına 703 kiloqram süd istehsal edərək Belarusiya birinci yerdə, Qazaxıstan 287 kiloqramla ikinci, Ukrayna 253 kiloqramla üçüncü yerdədir. Azərbaycan adambaşına süd istehsalına görə Tacikistan və Moldovadan irəlidədir. Bu göstərici Azərbaycan üzrə 193 kiloqram təşkil edir. İstehsal olunan süd və süd məhsulları ölkə əhalisinin təlabatının yalnız 53 faizini təmin edir.
"Taxıl istehsalı azalıb"
Taxılçılığın bitkiçiliyin mühüm və vacib sahəsi olaraq qaldığını diqqətə çatdıran kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu sahənin inkişafı əhalinin çörək və un məmulatlarına olan ehtiyacını ödəməklə yanaşı yüksək kalorili heyvandarlıq məhsullarına olan təlabatın da ödənilməsində əhəmiyyətli rol oynayır: "Belə ki, heyvanların sağlam yetişməsində, ət, süd, yumurta istehsalında, əldə olunan məhsulun keyfiyyətli olmasında heyvanların qida rasionunda qüvvəli yem kimi istifadə olunan taxıl məhsullarının əvəzsiz rolu var. Son zamanlar MDB ölkələrində də taxıl istehsalına xüsusi fikir verilir. Keçən il Ukrayna adambaşına 1388 kq.taxıl məhsulu istehsal etməklə Kanada (1800 kq.), Avstraliya (1500 kq.) kimi dünya liderləri hesab olan ölkələrin göstəricilərinə nisbətən yaxınlaşa bilib. Bununla yanaşı 2013-cü ildə adambaşına Qazaxıstan-1070, Belarusiya-803, Moldova -747, Rusiya-637 kiloqrm taxıl istehsal edib. Azərbaycan 2013-cü ildə admbaşına 170 kiloqram taxıl idxal etməklə yanaşı həm də 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2 min 550 ton quş əti, 133838 baş iribuynuzlu, 160 min baş xırdabuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası idxal edib".
"Meyvə-tərəvəz istehsalı azalıb"
Vahid Məhərrəmov vurğulayıb ki, postsovet ölkələrində hələ də kartof ikinci çörək hesab edilir: "MDB ölkələrinin əksərriyyətində kartof istehsalı göstəriciləri yüksələn xətt üzrə gedir. Xüsusən Belarus, Ukrayna, Qırğızıstan, Rusiya kimi ölkələr istehlak normasından dəfələrlə çox məhsul istehsal edir. Bu qədər məhsul onların istehlak tələbini ödəməklə yanaşı həm də ixraca yönəlir, bu da ölkəyə valyuta gətirir. Adambaşına istehlak norması 124 kiloqram olduğu halda Azərbaycan adambaşına 105 kiloqram kartof istehsal edir. İstehsal olunan məhsulun heç də hamısı istehlaka yönəlmir. Elə bu səbəbdən də keçən il adambaşına kartof istehlakı normanın 51 faizi qədər, yəni 64,2 kiloqram olmuşdu. Təəssüflər olsun ki, Ermənistan 2013-cü ildə bizdən 2 dəfə çox, yəni adambaşına 209 kiloqram kartof istehsal edib". Ekspertin sözlərinə görə, son zamanlar Azərbaycanın istehsal etdiyi tərəvəz və meyvə məhsullarına Rusiya hökumətinin marağının artması nəticəsində bu sahədə çox ciddi ajiotaj yaranıb.
Mənsur