Hökumətlərarası komissiyanın keçiriləcəyi məkan bəlli oldu

Maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Fransa Respublikasının xarici ticarət, turizmin inkişafı və xaricdəki fransızlarla iş üzrə dövlət katibi, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Matias Feklin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən verilən məlumata görə, Samir Şərifov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu, Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb, qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirib. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdıran Fransanın dövlət katibi ölkəsini təmsil edən idmançıların və nümayəndə heyətinin Bakıdan böyük təəssüratla qayıtdığını diqqətə çatdırıb. Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının növbəti iclasının Parisdə keçiriləcəyini qeyd edən Matias Feklin iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran iqtisadi və digər sahələrlə bağlı ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31