Memarlıq elementləri ilə ornamentlərin kontamnasiyası dahi Əcəmi yaradıcılığında

Azərbaycan memarlığının dühası, Naxçıvan memarlıq məktəbinin banisi, ensiklopedik biliyə malik Əcəmi Əbubəkr oğlu Naxçıvani dünyanın naxışı adlandırılan Naxçıvan şəhərində inşa etdiyi əzəmətli abidələr üzərində memarlıqla ornamentasiyanın vəhdətini çox böyük ustalıqla tətbiq etmişdir. Memarın yaratdığı əsərlərdə dayanıqlılıqla yanaşı vizual görüntü də bu memarlıq abidələrinə xüsusi bir möhtəşəmlik qatır. Böyük təfəkkürü, geniş dünyagörüşü, dərin biliyi sayəsində XII əsrdə "Şeyx-ül Mühəndis" statusunu qazanmış Əcəmi Naxçıvani inşa etdiyi abidələrdə memarlıq elementləri, formaları ilə ornamentlərin birgə kontaminasiyasını dəqiq hesablamalarla böyük məharətlə aparmışdır. Dahi memarın inşa etdiyi bu abidələr Azərbaycan tarixinin qədimliyini sübut edən daş salnaməmizdir. Şərqin əfsanəsi sayılan Naxçıvandakı bu memarlıq abidələri şərq renessansında Azərbaycan memarlığının oyanışının, yüksəlişinin, çiçəklənməsinin bariz nümunəsidir.

Əcəmi Naxçıvani dövrümüzəcən gəlib çatmış Möminə Xatun və Yusif Küseyr oğlu türbələrində memarlıq formaları üzərində dərin simvolik mənalar ifadə edən zəngin ornament növlərindən istifadə etməklə öz dahiliyini həm yaşadığı dövrə, həm də gələcək nəsillərə göstərmişdir. Əcəmi Naxçıvaninin yaratdığı memarlıq abidələri şəbəkə memarlığının ən gözəl nümunələridir. Memarın bişmiş kərpiclə inşa etdiyi abidələr üzərində memarlığın və ornamentasiyanın sintezi özünü çox gözəl bir formada göstərir. Əcəmi Naxçıvani abidələrin dayanıqlılığını artırmaq üçün hörgüdə palçığın içərisinə lazımi tikinti materialları ilə yanaşı yumurta ağı da daxil etmişdir. Yusif Küseyr oğlu türbəsinin inşasında monoxrom, yəni tək rəngli kərpicdən istifadə olunduğu halda, Möminə Xatun türbəsində firuzeyi mayolikalı, yəni kaşılı kərpiclərin istifadəsi polixromiyanı artırır. Beləliklə, firuzeyi kaşılı, şirli kərpiclər Möminə Xatun türbəsinin koloritini daha da artırır.

Əcəmi yaradıcılığında 8 və 10 rəqəmləri dərin mənalar kəsb edir. Belə ki, Yusif Küseyr oğlu türbəsinin plan-məkan quruluşu səkkizbucaqlıdır. "Quran"da 8 rəqəmi cənnəti təmsil edir. Yusif Küseyr oğlu da öz xeyirxah əməlləri ilə cənnəti qazanmış şəxs hesab olunmuşdur. Buna görə də şeyxlər başçısı titulunu qazanmışdır. Möminə Xatun türbəsinin plan-məkan quruluşu isə onbucaqlıdır. Mifik təfəkkürə görə, 10 rəqəmi İlahi güclə boşluğun və ya yoxluğun mükəmməl qarışığı hesab olunur. Bu o mənaya gəlir ki, İlahi güc, yəni Allah bütün kainatı xaosdan - boşluqdan yaratmışdır. Buna görə də 10 rəqəmi müqəddəs hesab olunur. Abidələrin eksteryerlərində, yəni xarici səthləri üzərində həm sadə, həm də stalaktitli tağçalar yerləşdirilmişdir. Bu memarlıq abidələri üzərində həkkaklıq, yəni həkk etmə sənəti çox böyük dəqiqliklə və gözəl şəkildə yerinə yetirilmişdir. Səthlər üzərində həm həndəsi, həm də nəbati, yəni bitkisəl naxışların ahəngdar şəkildə birləşməsi bu abidələrin gözəlliyini daha da artırır. İşlənən ornamentlər relyefli, yəni qabarıq formada görünür. Abidələr üzərində nəqqaşlıq - naxış vurma sənəti böyük ustalıqla yerinə yetirilmişdir. Həndəsi naxışların ən mürəkkəb forması sayılan cəfəri şəbəkə sistemini memar Əcəmi Naxçıvani böyük bir ustalıqla yerinə yetirmişdir. Bu şəbəkələr girih adlanan həndəsi naxışların ahəngdar şəkildə birləşməsindən əmələ gəlmişdir. Abidələrin səthləri üzərində tətbiq edilmiş cəfəri şəbəkə sistemi ilə qurulmuş həndəsi naxışların quruluşu kvadrat, düzgün altıbucaqlı və onların birgə kontaminasiyasından yaranan şəbəkə sisteminə əsaslanır. Həndəsi ornamentlərdən 3, 4, 5, 6, 8, 10, 11, 12, 13 bucaqlılar, romblar, düzbucaqlılar, kvadratlar, kublar istifadə olunmuşdur. Bu ornamentlərdən 3, 4, 5, 6, 7, 8, 10, 11, 12, 13 guşəli ulduzlar yaranmışdır ki, həmin ornamentlər də astral ornamentlərə daxil edilir. Möminə Xatun türbəsində qızıl bölgü mütənasiblik sistemi aparıcı rol oynayır. Belə ki, türbənin plan-məkan quruluşu bütövlükdə onluq prinsipi üzrə qurulmuşdur. Dahi ustad Əcəminin yaratdığı memarlıq abidələrinin müxtəlif hissələrində haşiyələrdən, yəni bəzəkli çərçivələrdən də istifadə olunmuşdur. Əcəmi memarlıq abidələri üzərində işlənən ornamentlərdən meandr ornamentini xüsusi qeyd etmək lazımdır. Svastika elementindən əmələ gələn bu simvol qədim türk mifologiyasına aid ornamentlərdəndir. Əcəmi memarlıq abidələri üzərində həm kvadrat formalı, həm də dairəvi "S" şəkilli su elementi olan meandrlardan istifadə edilmişdir. Bu abidələr üzərində antablementin orta hissəsi sayılan frizlər də xüsusi rol oynayır. Həm Möminə Xatun, həm də Yusif Küseyr oğlu türbələrinin yuxarı hissələrindəki frizlərdə epiqrafik ornamentlərdən ibarət kitabələr yerləşdirilmişdir.

Əcəmi Naxçıvani yaratdığı memarlıq abidələrinin giriş qapıları olan hissələrində zəngin ornamentli portallardan, yəni baştağlardan istifadə etmişdir. Çatmatağ şəkilli giriş portallarının timpanları - daxili səthləri cəfəri şəbəkələri ilə bəzədilmişdir. Giriş portallarında memarlıq formalarından olan arxivoltlar da ornamentlərlə bəzədilmişdir. Giriş qapılarının yanlarındakı sütuncuqların üzərlərində arxitravlar da qoyulmuşdur. Memarın əsərlərinin giriş qapıları olan üzlərində filenka bəzəyi də işlənmişdir. Əcəmi abidələri üzərindəki nəbati naxışlar gəc üzərində oyma üsulu ilə aparılmışdır. Gəc məhlulu ilə doldurulmuş şəbəkə naxışlarının arasında nəbati - bitki motivli ornamentlərdən müxtəlif güllərin, yarpaqların təsvirləri geniş istifadə edilmişdir. Abidələr üzərində xəttatlıq sənəti, yəni kalliqrafiya da möhtəşəm formada işlənmişdir. Gözəl xətt ilə yazma sənəti sayılan kalliqrafiyada kufi xəttli yazıdan istifadə olunmuşdur. Kufi xətti ərəb əlifbasının düz xətlərdən yaranan kvadrat formalı növüdür. Bu yazılar epiqrafik ornamentlər siyahısına daxildir.  

Möminə Xatun türbəsinin yeraltı sərdabə hissəsində divar hörgüsündə cinağı naxış növündən istifadə olunmuşdur. Bu naxışa yolka naxışı da deyilir. Sərdabənin mərkəzində göbələkvari onüzlü dayaq qoyulmuşdur. Dayağın üzləri yan  tərəflərə sivri tağbəndlərlə birləşdiyinə görə göbələkvari görüntü ortaya çıxır. Göbələkvari dayağın tinlərindən qarşı künclərə kərpic qabırğalar (nervürlər) verilmişdir. Bu çıxıntılar dayağın gözəlliyini və işlənmə effektini artırır. Nervürlər sərdabə hissədə ulduzvari karkas görüntüsü əmələ gətirmişdir. Qabırğaların karkaslarının araları saya naxışlı, yəni birrəngli kərpic hörgüsü ilə üzlənmişdir. Bu da dayağa tektonik gözəllik vermişdir. Dayağın üzərində də cinağı və nəbati ornamentlər işlənmişdir. Nəbati ornamentlərdən dördləçəkli çiçəklər və spiralvari formada düzülmüş yarpaqlar vurulmuşdur.

Eksteryerdə türbənin diorit daşlardan yığılma kürsülüyü, yəni postamenti üzərində ucaldılan yerüstü qülləsinin, yəni gövdəsinin on üzündə də müqarnalı stalaktitlər işlənmişdir. Bu memarlıq formaları həm abidənin səthləri üzərində, həm də antablementin yuxarı hissəsi olan karnizdə işlənmişdir. Məqbərənin on səthindəki tağçaları çərçivələyən haşiyələrin hər biri də "Quran" ayələri və surələrlə П formasında haşiyələnmişdir. Bu yazılar isə eyni şəkildə cülmə naxışı, yəni dairə həndəsi naxışı ilə nəbati naxışının kompozisiyasından yaranan "quş gözü" naxışı ilə çərçivələnmişdir. Abidənin çatmatağçasının hər iki yanı bagetlərlə çərçivələnmişdir. Ondan yuxarıdakı kvadrat formalı meandr ornamenti ilə haşiyələnmiş linteldə isə abidənin tikilmə tarixi verilmişdir. İstifadə edilən bitkisəl motivli naxışlara lalə, palmet, hoya, yəni beşləçəkli çiçək təsvirli ornamentlər daxildir. Çoxbucaqlıların içərilərində lalə motivli ornamentlər sağ və sol tərəflərdən təkrarlanaraq madoksil adlanan islam nəbati naxış növünü əmələ gətirmişdir. Abidənin bəzi hissələrində bitkisəl ornamentlər sarmaşıqlar və spiralvari naxışlar şəklində birləşərək islimi, yəni arabeska nəbati naxış növünü yaratmışdır. Səthlər üzərində sütuncuqlar yerləşdirilmişdir ki, onlar da giriş qapısının yan tərəflərində və stalaktitli tağçalarda verilmişdir. Sütuncuqların kapitellərində, yəni başlıqlarında və orta hissələrində relyefli xonçalar işlənmişdir.

Möminə Xatun türbəsinin ümumi hündürlüyü 34 metr olmuş, lakin 8 metr hündürlüyündə olan piramida şəkilli günbəzi zaman aşımına uğrayaraq dağılmış və türbənin üzəri indiki formada örtülmüşdür. İnteryerdə qübbənin, yəni digər adı ilə günbəzin daxili sərhində günəşi, ayı, planetləri təmsil edən 4 ədəd medalyon işlənmişdir. Bu bəzək elemenlərinə xonçalar və ya damğalar da deyilir. Medalyonların içərisində kufi xətli epiqrafik yazı kimi İslam dininin sonuncu peyğəmbərinin, dörd xəlifənin və iki imamın adları həkk olunmuşdur. Dörd medalyonun hər birinin mərkəzinə "Allah" sözü yerləşdirilmişdir. Tədqiqatçıların fikrincə, vaxtilə türbənin daxili səthində qurşaq, yəni divarları bölən üfüqi bəzəkli zolaq da olmuşdur. Lakin restavrasiya zamanı bu memarlıq elementinin bərpası mümkün olmamışdır.

    Brilyant Cəfərli            

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31