“OCAQ BAŞI” ında SICAQ SÖHBƏT
22 İyun 2023 13:11 İncəsənət
Paytaxtın ən sevilən guşələrindən olan qədim İçərişəhər günün istənilən çağında qonaq - qaralıdır. 22 hektar əraziyə malik Dövlət Qoruğu tarixi memarlıq abidələri ilə yanaşı, çoxsaylı sərgi - satış salonları, nadir eksponatlarla zəngin muzeyləri və xalq sənətkarlarının, incəsənət xadimlərinin fərdi yaradıcılıq emalatxanaları ilə diqqət çəkir. Rəssamlar İttifaqının üzvü, dosent Nigar Bağırovadan müsahibə almaq üçün onun "İlham yuvası"na qonaq gələndə ilk diqqətimi çəkən məkanın ab-havası oldu. İrili-xırdalı rəsm əsərlərinə baxdıqca, özümü gah sıra dağlar qoynunda sərbəst gəzib dolaşan, köhlən atın belilndə çapan, gah da Xəzərin mavi sularında üzən təsəvvür etdim. Yan guşədə sərgilənən portretlərə göz gəzdirəndə, yağlı boyaların qəribə qoxusunu duydum. Bu məqam Nigar xanımın diqqətindən yayınmadı. Dedi ki, Yeni işlərimdir, - dedi, - boyası hələ tam qurumayıb. Çox da böyük olmayan sənət ocağında divarlardan asılan əsərlərə diqqətlə baxırdım. İncə zövqlü xanımın rənglər aləminə səyahət etdikcə, qanadlanan xəyallarım məni xeyli uzaqlara aparırdı... Düşünürəm ki, mükəmməl əsərlər yaratmaq istedadla yanaşı, rəssamdan böyük zəhmət, hətta könüllü səfərbərlik tələb edir. Nigar xanımla söhbət əsnasında buna bir daha əmin oldum.
- Siz ixtisasca bioloqsuz. Səhv etmirəmsə, həm də elmlər namizədisiz. Daimi iş yeriniz Akademiyanın elmi - tədqiqat institutlarından biridir. Gördüyüm əsərlər, haqqınızda mətbuatda oxuduğum təqdimatlar, müxtəlif sərgilərdə iştirakınız isə sizin peşəkar rəssam olduğunu nümayiş etdirir. Bəs, rəsm sənətinə vurğunluğunuz nə zaman, necə, hansı ehtiyacdan yarandı?
- - Mənə görə, rəssamlıq bambaşqa dünyadır. İncəsənət - sərhəd tanımayan fədakarlıq meydanıdır. Burada hər kəs öz fitri istedadı, yaradıcı əməyi, biliyi, bacarığı sayəsində ərsəyə gətirdiyi əsərləri nümayş etdirməyə çalışır. Özündən sonra iz buraxıb dünyadan köçməyi arzulayır. Soruşursuz, sənətə nə zaman, necə gəldim? Həyatda heç nə təsadüfən baş vermir. Atılan hər addımın arxasında müəyyən səbəb var. Bizi hərəkətə gətirən qüvvə bəzən anidən qəlbimizə hakim kəsilir, gələcək istiqaməti müəyyənləşdirir. Uşaqlıqdan şəkil çəkməyə meyl göstərirdim, yaşıdlarım arasında seçilirdim. Böyüdükcə marağım da artırdı. Molbert arxasında dayanıb şəkil çəkmək, necə deyərlər, mənim üçün "xobbi" idi.
... Günlərin birində gözləmədiyim bəzi hadisələrlə üzləşdim. Baş verən acı olaylar qəlbimi yaman sıxırdı. Bu fürsətdən istifadə edib ayağımın altını qazmaqdan zövq alan bədxahlar da çevrəmdə tapıldı. Çox şükür ki, gənc ananı mənən sındıra, ruhən sarsıda bilmədilər... Bu barədə təfərrüata varmgaq istəmirəm. Hesab edək ki, sizə başıma gələnləri deyil, nə vaxtsa yuxuda gördüyümü danışdım. Məni psixoloji gərginlikdən qurtaran isə Ana torpaq, dogma təbiət oldu. Bir rəssam kimi gəzib-dlaşdıqca dolaşdıqca dağların əzəmətini, səmanın ənginliyini, buludların rəngini, həm də daxilən görməyə başladım. Ləpələrin pıçıldaşan nəğmələrini etişməyi öyrəndim. İlin dörd fəslinin ibrətamiz məna yükünü dərk etdim. Hər qaranlıq gecənin bir işıqlı səhərə açıldığına inamım artdı. O zamandan könül dəfrərim kətan lövhələr oldu. Məni peşəkar rəssam edən, bəlkə də qarşıma çıxan bəzi mənəvi eybəcərliklərə daxili üsyanım, sabaha böyük ümidim, həyata sonsuz məhəbbətimdi.
- Beləliklə, təbiətlə bağlılığınızın sirri ilk dəfə açıldı. Kətan üzərində çəkdiyiniz silsilə əsərlərlə təbiətə vəfa borcunuzu hissə-hissə qaytarmış olursunuz.
N.Bağırova - Kainat Yaradanın ölçüyə gəlməz əsəridir. Təbiət Yer üzünün şah əsəridir. Məncə, insan bu mənzərəni əbədi qorumaq, daim yaşatmaq üçün dünyaya gəlib. Hər kəs bu həqiqəti dərk etsə, analar göz yaşı tökməz, balalar yetim qalmaz, ağaclar baltalanmaz, çaylar qurumaz, suyumuz, havamız zəhərlənməz. Dünya cənnətə dönər.
- Emalatxanada sərgilənən əsərləriniz arasında dağ mənzərələri xüsusilə diqqətimi çox çəkdi. Dağları sizə sevdirən nədir?
N.Bağırova - Mənim üçün dağlar əzəmət rəmzidir. Baxanda adama ucalıq hissi aşılayır. Uzaqdan dağlar nə qədər yüksək, əlçatmaz görünsələr də, insanı zirvələrə aparıb çıxaran bir yol, bir cığır orada mütləq olmalıdır. Mən o çığırların sorağındayam. İnsanı vüsala aparan öncə ümid, sonra yoldur. Dağı yaradan təbiət, yolu salan insandır.
- Sizinlə söhbətdən hiss etdim ki, mütaliəniz genişdir. Çay süfrəsi arxasında klassik ədəbiyyatdan əzbər söylədiyiniz nümunələri eşidəndə, əmin oldum ki, əsil poeziya aşıqi, hətta deyərdim ki, sinədəftərsiz.
N.Bağırova - Ədəbiyyat, poeziya gənclik illərimdən ən vəfalı yol yoldaşım olub. Məni düşündürən sualların bir çoxunun dəqiq cavabını Məhsəti Gəncəvinin, Nizaminin, Nəsiminin, Natəvanın misralarında tapmışam. Fəxr edirəm ki, zəngin Azərbaycan poeziyasının yaranmasında və inkişafında xanımlarımız müstəsna rol oynayıb. Qadın incə məxluqdur, qadın anadır. Əsrlər ötsə də, sevərək yazılan əsərlər ilkin təravətini itirməyib.
- XX əsrdə müasir ədəbiyyatımızın, incəsənətimizin, mətbuatımızın inkişafında Azərbaycan qadınlarının müstəsna xidməti var.
N.Bağırova - Sizinlə tam razıyam. Dedikləriniz təsvəsi sənətə də aiddir. Bu sahədə öndərlər sırasında Vəcihə Səmədovanın, Maral Rəhmanzadənin adlarını xüsusi qeyd etmək istərdim. Vəcihə xanımın "Göy göl" əsəri çox gözəldir. İndinın özündə də baxdıqca adamı özünə cəlb edir. Obrazlı desəm, onun "Göy gölü"nün suyu heç vaxt qu- rumayan kimi, rəngi də solan deyil. Yüksək peşəkarlıq nümunəsi olan "Kəpəz" əsəri də rəssamın dağlara vurğunluğunun parlaq nümunəsidir. Maral Rəhmanzadənin "Naxçıvan dağları" lövhəsi onun ən uğurlu əsərləindən biridir. İstər rəssam, istər vətəndaş kimi, Maral xanımın ən böyük xidmətlərindən biri qədim Xınalıq kəndini dünyaya tanıtmasıdır. O zaman bu kəndə normal yol yox idi. Qış aylarında gediş-gəliş problem yaradırdı. Maral xanım o yerləri qarış-qarış gəzib, tarixini, etnoqrafiyasını dəqindən öyrənib, təmiz dağ havasını doyunca udub, buz bulaqların suyundan içib və nəticədə işlətdiyi rənglərə Xınalıq sevgisini də qataraq, o möhtəşəm gözəlliyi bədii əsərlərində əbədiləşdirib.
- Nigar xanım, Sizin bu gözəl sənət ocağnızda "bişən" işlərinizə baxmaq mənə çox xoş oldu. "Təndir" başında növbə gözləyən yarımçıq işləriniz də, maşallah, xeyli var. Ümidvaram, bu barədə gələn görüşümizdə daha ətraflı danışmaq imkanımız olacaq. "Yaradııclıq ocağ"ı başında maraqlı müsahibə üçün Sizə minnətdarlığımı bildirir, yeni yaradıcılıq uğurları arzulayıram.
______________________________
Aygün Ramiz qızı