Bir vaxtlar tənqid edirdi, indi dialoqa çağırır: Tixanovskayanın dönüşünün səbəbi nədir?- ÖZƏL

AvroNest PA-nın 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifət lideri Svetlana Tixanovskaya bildirib ki, AvroNest Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir araya gətirən yeganə formatdır. O, təşkilatın müxtəlif ölkələrin həm problemlərini, həm də uğurlarını bölüşməsi üçün unikal platforma olduğunu vurğulayıb. Tixanovskaya Azərbaycana da mesaj göndərərək münasibətlərin qurulmasına açıq olduqlarını deyib. Lakin Azərbaycan və Gürcüstan AvroNest-in İrəvandakı iclasında iştirakdan imtina edib. Rəsmi Bakı bu addımı Avropa Parlamentinin Azərbaycanın suverenliyinə qarşı bəyanatları ilə izah edib. Tixanovskayanın özü isə 44 günlük müharibə dövründə və sonrasında Azərbaycan əleyhinə açıqlamaları ilə gündəmə gəlmişdi. Bu səbəbdən onun yeni "dostluq mesajı"nın motivləri sual doğurur.
Tixanovskayanın Azərbaycanla münasibət qurmaq barədə açıqlaması siyasi zərurətdən irəli gəlir, yoxsa Qərbin regiondakı yeni strategiyasının bir hissəsidir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Öncə onu qeyd etmək lazımdır ki, 2020-ci ildə keçirilən seçkilərdə Tixanovskaya Belarus prezidenti Lukaşenkonun əsas rəqibi olmuşdu və o zaman yayılan məlumatlar, müxalifətin iddiaları bundan ibarət idi ki, Svetlana Tixanovskaya həmin seçkilərdə qələbə qazanmışdı. Amma seçkilərdən sonra Tixanovskaya ölkə daxilində mübarizə aparmaq əvəzinə xaricə sığınmaq qərarı verdi və hazırda da mühacirətdə fəaliyyət göstərir. Düşünürəm ki, bu 5 il ərzində Tixanovskayanın Belarusdakı nüfuzu artmayıb, əksinə, xeyli dərəcədə aşağı düşüb. Çünki Belarus cəmiyyətində onunla bağlı müəyyən gözləntilər var idi və bu gözləntilər ondan ibarət idi ki, müxalifət lideri ölkədə insanların arasında, cəmiyyətlə bir yerdə olmalı və mübarizə aparmalıdır.
O ki, qaldı onun AvroNest-in toplantısında verdiyi açıqlamalara, əlbəttə ki, burada müsbət məqamlar var. Xüsusilə də Azərbaycanla bağlı münasibətlərin qurulmasına açıq olduğunu bəyan edir. Biz onun 5 il öncə və 44 günlük müharibə dövründə, həmçinin ondan sonrakı mərhələdə verdiyi açıqlamaları və mövqeyini yaxşı xatırlayırıq. Bu mövqe özünü demokrat adlandıran bir şəxsin beynəlxalq hüquqa uyğun olmayan açıqlaması idi. Baxmayaraq ki, bu cür şəxslər qanunun aliliyinə, insan hüquqlarına və beynəlxalq hüquqa hörmət etdiklərini bəyan edirlər, biz onun həmin açıqlamalarında bu dəyərlərə münasibətini açıq şəkildə gördük. Faktiki olaraq, o, işğalçı Ermənistanı dəstəkləməklə həm Azərbaycanın maraqlarına, həm də beynəlxalq hüquqa zidd mövqe tutdu. Onun Azərbaycanla bağlı açıqlamalarında baş verən dəyişikliklər isə ilk növbədə yaranmış yeni şəraitlə bağlıdır. Bu, Avropa qurumlarının  Avropa İttifaqı, Avropa Şurası və digərlərinin  xüsusilə də Avropa İttifaqının Azərbaycanla münasibətlərin gücləndirilməsi istiqamətində atdığı addımlardan irəli gəlir. Bir neçə il əvvəl mövcud olan gərginliklər demək olar ki, böyük ölçüdə aradan qaldırılıb və son Avropa Siyasi Birliyinin toplantısında Azərbaycan Prezidentinin Avropa İttifaqı rəhbərləri və Avropa liderləri ilə görüşü bunu açıq şəkildə göstərdi. Bu baxımdan Azərbaycan-Belarus münasibətləri kifayət qədər dinamikdir və tərəflər arasında qarşılıqlı etimada söykənən münasibətlər sistemi formalaşıb.
Düşünürəm ki, Tixanovskaya bunu da nəzərə almalıdır. Belarusun Azərbaycanla ciddi əlaqələri var və bu əlaqələri pozmaq Belarusun maraqlarına uyğun olmazdı, əksinə, ona zərər verərdi. Buna görə də Tixanovskaya həm Qərbin Azərbaycana münasibətində yaranmış ciddi dəyişiklikləri, həm də Azərbaycan-Belarus münasibətlərinin dərinliyini və miqyasını qəbul etməyə başlayıb.
O, çox yaxşı bilir ki, bunun əleyhinə addım atmaq Belarus cəmiyyətində onun nüfuzunun daha da aşağı düşməsinə səbəb ola bilər. Eyni zamanda bu, Qərbin də Azərbaycanla bağlı siyasətinə zidd olardı. Ona görə də belə açıqlamalar vermək onun üçün həm siyasi zərurət, həm də müəyyən mənada məcburiyyətdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31