Kamanan: "Önəmli olan komandamın qələbəsidir"

Topaz Premyer Liqasının XV turu "Qəbələ"nin hücumçusu Yannik Kamanan üçün əlamətdar olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, uzun müddətdir qol vura bilməyən legioner uğursuz seriyasını "Rəvan"la səfər matçında qırıb. Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşayıb. Kamanan sonuncu dəfə III turun avqustun 19-da "Sumqayıt"la səfər görüşündə fərqlənmişdi. Matçdan sonra fikirlərini açıqlayan hücumçu komandanın qələbəsinin daha vacib olduğunu söyləyib: "Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur". Ümumilikdə "Qəbələ"nin heyətində 17-ci qolunu vuran hücumçu klub tarixində ən çox topun müəllifi olan 4-cü futbolçudur: Rövşən Əhmədov - 20, Viktor Mendi - 18, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Luis Hilario - 16. Qollarından 16-nı çempionat oyunlarında vuran Kamanan komandanın Premyer Liqadakı 2-ci bombardiridir. O yalnız Viktor Mendidən geri qalır: Viktor Mendi - 17, Yannik Kamanan - 16, Deon Barton - 15, Luis Hilario - 14.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31