“Berti Foqtsun məşqçi kimi nələrə nail olduğunu bilirəm”

"Qırğızıstanla qarşılaşma Azərbaycan milli komandasının heyətindəki debüt oyunum olduğundan həyəcanlı idim. Lakin məşqçimiz məni sakitləşdirirdi". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının futbolçusu İltər Taşkın deyib. Yığmamızın milliləşən almaniyalı futbolçusu noyabrın 19-da Bişkekdə Qırğızıstanla keçirilən yoxlama oyununda millidə debüt edib. Bunadək U-21-in şərəfini qoruyan 19 yaşlı futbolçu əsas komandada Berti Foqtsun rəhbərliyi altında çıxış etməsindən məmnun qalıb. Hazırda Braunşveyq "Ayntraxt"ının 2-ci komandasında çıxış edən türk futbolçu almaniyalı mütəxəssislə asan dil tapdığını bildirib: "Eşitdiyim və oxuduqlarımdan Berti Foqtsun məşqçi kimi nələrə nail olduğunu bilirəm. Azərbaycan yığmasının düşərgəsində olanda onunla alman dilində danışa bilirdim. Bu da əlavə rahatçılıq deməkdir. Ümumilikdə isə Foqts ingiliscə danışır. Futbolçularla fərdi söhbət üçün isə tərcüməçi də var."

Qeyd edək ki, Taşkın U-21-də 4 oyun keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31