65 milyon manatlıq pozuntu: Sadəcə görünən tərəfdir? - ÖZƏL
31 İyul 13:17 HadisəHesablama Palatası 2025-ci ilin ilk yarısı üzrə hesabatında 65 milyon manatlıq maliyyə pozuntusu aşkarladığını açıqlayıb. Bunlardan 17,8 milyon manatı birbaşa büdcəyə dəymiş zərər kimi qiymətləndirilib. Audit zamanı dövlət vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması və digər ciddi nöqsanlar müəyyən edilib.
Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Olaylar.az-a açıqlama verib. İqtisadçı bildirib ki, əgər nüfuz təsirləri Hesablama Palatasının fəaliyyətindən uzaqlaşdırılsa, nəticələrə təsir edən amillər aradan qaldırılsa, o zaman biz daha effektiv kənar auditin təşkilinin şahidi ola bilərik:
"Öncə onu qeyd edim ki, kənar auditin təşkili ictimai vəsaitlər üzərində kifayət qədər mürəkkəb prosesdir və bu prosesin effektiv həyata keçirilməsi üçün, təbii ki, eyni zamanda Hesablama Palatasının səlahiyyətlərinin daha da genişləndirilməsi, kadr potensialının artırılması, maddi-texniki bazasının gücləndirilməsi və il ərzində auditlərlə əhatə olunan dövriyyənin məbləğinin artırılması, yaxud da yüz faizə çatdırılması hədəf olaraq müəyyən edilərsə, effektivlik daha da artırıla bilər. Eyni zamanda nəzarət tədbirlərinin spesifikası təkmilləşdirilməlidir. Sizin də qeyd etdiyiniz kimi, burada təbii ki, önləyici istiqamətdə faktiki olaraq tədbirlər həyata keçirilir - həm qanunvericiliyin təkmilləşdirilməsi, maliyyə axınlarının tənzimlənməsi, büdcə prosesinin təkmilləşdirilməsi, həm də ictimai vəsaitlərin xərclənməsi ilə bağlı hüquqi çərçivənin gücləndirilməsi ilə əlaqədar Hesablama Palatası zaman-zaman öz rəylərini təklif edir. Bu boşluqların aradan qaldırılması ilə bağlı müvafiq təkmilləşdirici tədbirlər qəbul edildiyi təqdirdə müəyyən töhfələri olduğunu düşünürəm. Amma təbii ki, burada effektivliyin, səmərəliliyin qiymətləndirilməsi, performans auditinin həyata keçirilməsi kimi istiqamətlərdə daha geniş, əhatəli tədbirlərin görülməsi üçün müvafiq imkanların təmin edilməsi zəruridir. Bəli, razıyam ki, 40 milyardlıq dövlət büdcəsi və eyni zamanda 100 milyardlarla ölçülə bilən dövlət müəssisələrinin maliyyə axınları nəzərə alınarsa, mövcud şəraitdə sui-istifadə hallarının geniş yayılması, korrupsiyanın sistemli problemlərə çevrilmə ehtimalı və zaman-zaman kütləvi informasiya vasitələrində yayımlanan məlumatlar, monitorinq nəticələri də nəzərə alındıqda, 65 milyon manatlıq pozuntu, yaxud da birbaşa büdcə ilə bağlı olan 18 milyon manatlıq zərər o qədər də böyük rəqəm hesab edilmir və bu, müəyyən suallar yaradır. Çünki bəzi hallarda, hər hansı bir qurum üzrə aparılan əməliyyatlar - məsələn, yadınızdadırsa, Naxçıvanla bağlı həyata keçirilən əməliyyatlarda - bir qurumda 300, 250, ya da 150 milyon manatlıq yeyintilər ortaya çıxırdı. Və yaxud hər hansı bir məktəbdə belə aparılan əməliyyat nəticəsində 7 milyonluq bir yeyinti faktı aşkar olunursa, yaxud bir icra hakimiyyətinin fəaliyyəti ilə bağlı həyata keçirilən audit nəticəsində böyük korrupsiya halları üzə çıxırsa, bütün bunlar onu deməyə əsas verir ki, əslində, hazırda Hesablama Palatası tərəfindən təqdim olunan rəqəmlər real vəziyyətlə, yəni real kənarlaşmalarla, sui-istifadə hallarının miqyası və korrupsiya ilə müqayisədə çox kiçikdir.
Eyni zamanda düşünürəm ki, burada Hesablama Palatasının müstəqilliyinin də çox ciddi önəmi var. Onun müstəqilliyi, auditorların təminatı, onların fəaliyyətinin şəffaflığının təmin edilməsi məsələləri ciddi şəkildə qanunvericiliklə müdafiə olunmalıdır."
Zeynəb Mustafazadə