İran parçalanmağa doğru gedir
7 Oktyabr 2022 10:34 GüneyRəhim Sulduzlu: "Bu rejim mütləq devriləcək"
Bir neçə həftədir ki, İranda xalq kütlələrinin rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Baş örtüyünə etiraz edən bir xanıma qarşı İran polisi tərəfindən tətbiq edilən şiddət və onun vəfat etməsi aksiyaların bütün ölkə boyu yayılmasına gətirib çıxarıb. Tehran aksiyalarda bir qayda olaraq İsrail və Amerikanı ittiham etsə də, lakin reallıq tamamilə fərqli görünür. Belə ki, insanların getdikcə rejim tərəfindən daha ciddi təzyiqlərlə üzləşməsi, onların ən adi insan hüquqlarından məhrum edilməsi xalqı təngə gətirdiyi üçün ciddi şəkildə etirazlar edir. Elə hazırda İsveçrədə yaşayan və əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu da bu qənaətdədir. Onunla İranda cərəyan edən proseslər, aksiyaların mümkün məntiqi sonluğu, eləcə də Güneydəki soydaşlarımızın bu proseslərdə nə dərəcədə fəal olub-olmadıqları barədə söhbətləşdik.
-Rəhim bəy, bu günlər dünyanın əsas diqqət mərkəzi İrandadır. Bu ölkənin siyasi çevrəsini kifayət qədər bilən, insanlarını tanıyan biri kimi nə deyə bilərsiniz, İrandakı proseslər, aksiyalar İslam Respublikasını hara aparır?
-İran adlanan ölkədə 1979-cu ildən hakimiyyəti ələ keçirən molla rejimi son 43 ildə İslam dini, məzhəb adına xalqa qarşı olmazın cinayətlər həyata keçirib. Bu gün İran adlanan ölkədəki yaranmış mənzərə gözlənilən idi ki, xalqın mövcud rejimə qarşı nifrəti özünü açıq çəkildə büruzə versin. Hazırda xalqın rejimə qarşı nifrəti ən kəskin şəkildə özünü büruzə verir. Həqiqətən də dünyanın da əsas diqqət mərkəzi məhz İran adlanan ölkədə baş verən xalq etirazlarına yönəlib. Çünki indiyə qədər Iranda buna bənzər genişmiqyaslı etirazlar olmamışdı. Bu rejim mütləq devriləcək. Çünki İran adlanan ölkədə insanlara qarşı olan repressiyalar, insanların haqq və hüquqlarının əlindən alınması, onlara qarşı təzyiqlərin getdikcə artması onu deməyə əsas verirdi ki, İran partlamağa hazır bir bombadır. Yetər ki, həmin bomba işə salınsın. Bu gün artıq İranda həmin bombanın işə salındığının şahidiyik. İlk dəfə şahidi oluruq ki, artıq orta məktəblər də bu etirazlara qoşulub. Bir daha qeyd etdiyim kimi həmin bombanın partlamasının əsas baiskarı da məhz İran adlanan ölkənin İslam, məzhəb adı altında insanlara qarşı tətbiq etdiyi işgəncələr, repressiyalardır.
Hesab edirəm ki, İran parçalanmağa doğru gedir. Biz bunu açıq şəkildə görürük. Bəlucistan, Kürdüstan, ərəblərin yaşadığı Əl-Əhvaz əyalətlərində səslənən şüarlardan bu aydın şəkildə müşahidə edilir. Eyni zamanda Azərbaycanın Güneyində də azadlıq, ədalət, milli hökumət kimi şüarların səsləndirildiyini də görürük. Bu prosesdə ilk olaraq rejimin tarixin zibilliyinə atılması əsas hədəfdir. Sonrakı mərhələdə indiyə qədər rejim tərəfindən əzilmiş xalqların hansısa haqlarının yenidən bərpa edilməsinə hazırlıqlı olarsa, mütləq həmin xalq da bu hadisələrdən uduşlu çıxacaq.
-Bundan əvvəllər də İranda etirazlar olub, lakin rejim zor gücü ilə həmin etirazları yatırıb. Bu dəfəki etirazların əvvəlkilərdən fərqi nədir və rejim bir növ hazırda xalq kütlələrinin qarşısında aciz görünmürmü?
-Düzdür, bundan əvvəl də İran adlanan ölkədə etiraz aksiyaları baş verib. Ancaq həmin etiraz aksiyalarının müəyyən səbəbləri olub. Məsələn, 2006-cı ildə İranda işıq üzü görən qəzetdə Azərbaycan türk millətinə qarşı alçaldıcı karikaturanın verilməsinə etiraz olaraq aksiyalar keçirildi. Lakin həmin vaxt xalqımız yalnız, tək olaraq etiraz edirdi. Yaxud ərəblərin Əl-Əhvaz əyalətində su probleminə qarşı keçirdikləri etiraza digər əyalətlər tərəfindən dəstək verilməmişdi. Mən həmişə demişəm ki, İran adlanan ölkədə hər hansı bir millət təkbaşına hərəkət edərsə və vahid cəbhədə mübarizə aparmarıqsa, bu mənfur rejimə qarşı zəfər əldə edə bilməyəcəyik. 85 milyon insanın taleyi bir-birinə bağlıdır. Bu gün ərəblər İran adlanan ölkədə keçirilən aksiyalara dəstək verərkən, eyni zamanda öz mənfəətlərinə xidmət edən şüarlar da səsləndirirlər. Həmçinin, Azərbaycan türkləri, kürdlər və s. də eyni mövqe ortaya qoyurlar. Bir sözlə, ilk növbədə rejimin yıxılması, daha sonra milli mənfəətlərin əldə edilməsi başlıca hədəfdir. Elə buna görə də aksiyaların qarşısını almaqda çətinlik çəkirlər. Təsəvvür edin ki, aksiyalar İranın 130-a yaxın şəhər və qəsəbəsinə yayılıb və rejimin bunun qarşısını almağa gücü, qüvvəsi yoxdur. Hesab edirəm ki, bu proses genişlənməkdə davam edəcək və rejim yaxın aylarda tarixin zibilliyinə atılacaq. Onu da qeyd edim ki, ilk dəfədir ki, İranda ticarət şəbəkəsi, mağaza sahiblərinin mədəni itaətsizliklə tətil etdiklərini görürük. Eləcə də sürücülər, neft şirkətlərinin işçiləri bu etirazlara qoşulub. Müəllimlərin belə İranın bir çox vilayətlərində mədəni itaətsizliyə qoşulduğunun şahidi oluruq. Bu proseslər, hadisələr mənə 1979-cu illəri xatırladır. 1979-cu il hadisələrinin şahidi olaraq deyə bilərəm ki, o zaman da proseslərə bu cür, mədəni itaətsizliklərlə start verildi. Nəticə etibarilə proseslər bir qədər də inkişaf etdi və şah rejiminin devrilməsinə yol açdı. Ona görə də mən artıq rahatlıqla deyə bilərəm ki, molla rejimi İranda son nəfəsini alır və yaxın zamanlarda rejimin tarixin zibilliyinəı atılacağının şahidi olacağıq. Ona da diqqət çəkmək istərdim ki, İran adlanan ölkədə ordu ilə İnqiliab Keşikçiləri arasında çox böyük ixtilafların yaşandığının da şahidi oluruq. Bu da olduqca önəmlidir. Çünki indiyə qədər xalqa qarşı ordudan istifadə edilməyib. Bu vaxta qədər keçirilən aksiyaılarda yalnız İnqiliab Keşikçiləri, BƏSİÇ, intizamı qoruyan qüvvələr adlı qurumdan istifadə olunub. Bu dəfə isə rejim istədi ki, ordunu da proseslərə, etirazlara yatırmağa cəlb etsin. Ancaq ordunun bir çox yüksək rəsmilərinin etirazçıların sırasına qoşulduğunu gördük. Düzdür, gedişat proseslərin qanlı olacağını deməyə əsas verir. Ancaq rejimin bütün halda bu etirazları yatıra biləcəyi mümkün görünmür. Hətta İran-İraq müharibəsinin iştirakçıları da bu gün etiraz edənlərin sırasında yer alır. Ancaq bu aksiyaların keçirilməsi və əldə ediləcək nəticənin Güney Azərbaycan türklərinin maraqlarının təmin ediləcəyinə gətirib çıxaracağını demək isə məncə indiki halda doğru olmazdı və insanları bu kimi populist fikirlərlə aldatmış olaram. Hesab edirəm ki, Güney Azərbaycan Milli Hərəkatının zəif səviyyədə olması hərəkatın öndə gedən simalarının mövcud problemləri həll etmək əvəzinə, mediada populist çıxışlar etməsindən irəli gəlir.
-Sizcə baş verənlər təsadüf idi, yoxsa burda həm də xarici qüvvələrin əli var?
-İranda baş verən etiraz aksiyaları təsadüfi deyildi. Uzun illər yığılıb qalan xalqın nifrət duyğularının özünü büruzə verməsi nəticəsində bütün bunlar baş verdi. Bir növ proseslərin belə bir vəziyyətdə inkişaf etməsnin səbəbkarı Məhsa Əmini oldu. Onun yerində başqa biri də ola bilərdi. Aksiyalarda xarici qüvvələrin rolunun olması iddialarına gəlincə, hesab edirəm ki, bu tamamilə uydurma bir şeydir. Bu proseslərin içində heç bir xarici qüvvə yer almır. Sadəcə bu İran hakimiyyətinin ənənəvi metodudurr ki, onun siyasətini pisləıyən, Tehrandan insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı tələb edənləri xarici dairələrin İrandakı əlaltıları kimi qələmə verir. Bir qayda olaraq onları ya İsrailə, ya da Birləşmiş Ştatlara bağlayar. Ancaq mən hesab edirəm ki, son 44 illik İran hakimiyyəti əslində bölgədə Amerika və İsrailin maraqlarına xidmət edən, onların çörəyinin üzərinə yağ sürtən yeganə ölkədir. Əgər İran adlanan ölkə İsrailə heç bir real gücə əsaslanmayan təhdidlər səsləndirməsəydi, bu gün İsrail belə bir hüclü dövlət səviyyəsinə gəlib çıxmazdı. 1979-cu ildə dünyada mövcud olan yalnız 3 müsəlman ölkəsi İsrailin müstəqilliyini tanımışdı. Bunlar Türkiyə, Misir və Mərakeş idi. Ancaq İranın nifaq dolu yırtıcı, lakin içi boş şüarları elə bir sutuasiya yaratdı ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və digər müsəlman ölkələri İsraillə siyasi, iqtisadi və diplomatik əlaqələr quraraq onun müstəqilliyini tanıdılar. Deməyim odur ki, İran hakimiyyəti İsrailin güclənməsində çox böyük rol oynayıb və nəticə etibarilə bu gün ərəb müsəlman ölkələri İsraillə daha da yaxınlaşıb. Amerikaya gəlincə, aksiyalarda bu ölkənin əlinin olması iddiası da kökündən yalandır. İsrail kimi eynən Amerikaya olan yırtıcı mövqe, "Amerikaya ölüm olsun" kimi şüarlar boş, mənasız şüarlardır. Maraqlıdır ki, həmin şüarı bizim beynimizə, zehniyyətimizə sırımaq istəyənlərin bir çoxunun ailəsi elə Amerikada lüks həyat tərzi yaşayırlar. Ona görə də qətiyyətlə və səmimiyyətlə deyə bilərəm ki, İranda baş verən aksiyalarda heç bir xarici dövlətin əli yoxdur. Bu sadəcə olaraq xalqın rejimə qarşı olan nifrət duyğularıdır.
-Artıq Güneydəki soydaşlarımız da ayaqlanıb. Bəs güneyli soydaşlarımıza İrandan kənarda yaşayan Güney azərbaycanlılar tərəfindən hansısa dəstək olurmu?
-Bu gün xalqımızın bəlli bir hissəsi, xüsusilə tələbələr Güney Azərbaycanda öz etirazlarını dilə gətirmək üçün səhnədədirlər. Bu prosesdə Güney Azərbaycan Milli Azadlıq Hərəkatı, yaxud onun ayrı-ayrı təşkilatlarının baş verən etirazlarda iştirak edib-etmədiyi sual altındadır. Şəxsən mən təşkilatlarımızdan küskünəm. Çünki ərəblərə, kürdlərə, bəluclara baxanda bizim təşkilatların sinifdə qaldığının şahidi oldum. Dostlarımız yalnız və yalnız populist çıxışlar edərək işlərini bitmiş hesab edirlər. Əgər fəallarımız, liderlərimizin xalqla yaxından işləməsini görsəydik, o halda bu gün Təbrizdə, Urmiyadaki tələbələrimiz yalnız qalmış olmazdı. Yaxud Ərdəbildən aksiyalara qoşulan tələbələrimiz meydanda tək qalmazdı. Hesab edirəm ki, Güneydəki təşkilatlar zaman itirmədən özlərinə çəki-düzən verib birləşməlidirlər. Məncə, Güney Azərbaycan parlamentinin qurulması şərtdir. Hətta mühacirətdə belə Güney Azərbaycan dövlətinin qurulması vacibdir. Təşkilatlar və onlara rəhbərlik edən şəxslər 2006-cl ildən xalqla aralarında yaranmış qırılmaları bərpa etməlidirlər. Xalqda Güney Azərbaycan Milli Azadlıq Hərıkatı və təşkilatlara etimadın bərpa olunması üçün fəaliyyətlər ortaya qoyulmalıdır. Bu gün hər kəs deyir ki, mən hərəkatın lideriyəm. Mən də sual edirəm ki, ötən 30 il ərzində yetişdirmiş olduğunuz 5 kadrın adını təqdim edin. Bu mənada ürəyimiz yaralıdır və onlar doğru şəkildə çalışmayıblar. Xalqla həqiqətən dürüst olmayıblar. Əgər onlar xalqla dürüst olsaydılar, o halda hərəkatımız son proseslərdə bu qədər zəif olmazdı. Məsələn, kürdlər belə bizdən kifayət qədər fəaldırlar və bir çağırışla bütün dükanlarını bağlayıb mədəni itaətsiliyə qoşulurlar. Yaxud bir çağırışla küçələrə çıxırlar, aksiyalara qoşulurlar. Əgər təşkilatlarımız xalqın etimadını qazanmasalar, vəziyyət heç də yaxşı olmayacaq.
-Etirazlar məntiqi sonluqla başa çatacağı təqdirdə güneyli soydaşlarımız öz haqq və hüquqlarına, istiqlaliyyətlərinə qovuşacaqlarmı?
-Bizim şüarımız azadlıq, ədalət və milli hökumətdir. Biz əlbəttə ki, Güney Azərbaycanın istiqlaliyyətinin tərəfdarıyıq. Bunu da millətimizə aşılamaq lazımdır. İndi 1979-cu il deyil ki, orada milli şüurun zəfi olduğunu söyləyək. Sadəcə təşkilatlarımız bu prosesi irəli apara bilsə, o halda bütün haqlarımızı ala bilərik. Yox, əgər milli mənafeyimizi düşünməyib, yalnız rejimin yıxılması istiqamətində çalışacağıqsa, yenə də sinifdə qalan biz olacağıq. Yenə də assimiliyasiya siyasəti ilə üzləşəcəyik, haqq və hüquqlarımız tanınmayacaq, istiqlaliyyətimizi əldə edə bilməyəcəyik. Hesab edirəm ki, təşkilatlar və xalq bir yerdə zərbəni bir nöqtəyə vurarsa, o zaman istədiyimizə nail ola bilərik.
Süleyman