"Mən əvvəl Bakıya, sonra behiştə gedərəm"

İranda səfərdə olan Azərbaycan nümayəndə heyəti bəzi ziyarətgahlarda olub və din alimləri ilə görüşüb

Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasında dini təhsil mərkəzi sayılan Qum şəhərində olub. ANS PRESS-in İran bürosunun məlumatına görə, Qum şəhərinin rəhbəri Hüccətül-İslam Hüseyn Nejad Azərbaycan nümayəndə heyətini salamlayıb, onların simasında Azərbaycan xalqına və dövlətinə ehtiramını bildirib.Şeyx isə öz növbəsində İran İslam Respublikasında özlərini evlərindəki kimi hiss edən nümayəndə heyəti adından öz təşəkkürünü bildirib. İmam Museyi Kazımın qızı həzrəti Məsumənin məzarının yerləşdiyi hərəmi ziyarət edən qonaqlar ziyarət namazı qılıblar.Günün ən maraqlı hadisələrindən biri İslam dünyasının ən nüfuzlu alimlərindən biri olan Ayətullah Musəvi ilə görüş olub. Azərbaycana səfərini xoşluqla xatırlayan müctəhid yaşının çox olmasının səfəri təkrar etməsinə mane olduğunu və buna görə təəssüfləndiyini bildirib, amma Azərbaycana sevgisini bu sözlərlə ifadə edib: "Mənə desələr ki, behişti yoxsa Bakını seçərsən, əvvəlcə Bakıya, sonra behiştə gedərdim".Qum şəhərində təhsil alan azərbaycanlı tələbələrlə görüş də maraqlı olub. Hacı Allahşükür Paşazadə onlardan problemləri barədə açıq danışmağı xahiş edib."Azərbaycanın xəbəri olmadan təhsil almağa gələn, səfirlikdə qeydiyyata belə düşməyən tələbələr sonradan Azərbaycanı diqqətsizlikdə günahlandırırlar" deyən Şeyx belə halların olmaması üçün Qum Camaatı Mustafa universitetinin rəhbərliyinə müraciət edib.Milli məclisin üzvü Şəmsəddin Hacıyev isə müsəlman ölkələrini birləşdirən məsələlərdən danışıb, Azərbaycanı uğurlu örnək kimi misal çəkib.
Tədbir xoş ovqatla başa çatıb. İndi nümayəndə heyətini müctəhid Məkarim Şirazi ilə maraqlı görüş gözləyir. Azərbaycana və onun dövlətinə öz sevgisini bildirən böyük alim Azərbaycan milləti üçün dua etdiyini bildirib. Bütün Qafqazın Şeyxinin rəhbərlik etdiyi nümayəndə heyətinin Qum səfəri iki ölkə təmsilçilərinin bir-birinə səmimi və xoş münasibətləri ilə yadda qalıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31