İran ABŞ ilə birbaşa danışıqlar apardığını təkzib edib
14 Aprel 2013 11:09 Güneyİran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Qazaxıstanın Almatı şəhərində son görüşdə İran və ABŞ rəsmiləri arasında birbaşa danışıqların aparılması barədə məlumatları təkzib edib.Bu barədə Trend "ISNA" agentliyinə isitnadən məlumat verib.
"İran və ABŞ arasında danışıqlar barədə xəbərlər doğru deyil. ABŞ danışıqlara çağırılıb, lakin danışıqlar baş tutmayıb", - Mehmanpərəst deyib.
Mehmanpərəst əlavə olaraq bildirib ki, Vaşinqton düşmənçilik mövqeyini dayandırsa və İrana qarşı öz münasibətini dəyişsə, İran ABŞ ilə danışıqların aparılması məsələsinə yenidən baxa bilər.
Daha əvvəl bəzi İran KİV-ləri xarici informasiya agentliklərinə istinadən bildiriblər ki, İranın nümayəndə heyətinin üzvləri Almatıda "altılıq" ölkələri ilə keçirilən görüşün kuluarlarında ABŞ-la birbaşa danışıqlar aparıblar.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Alan Eyr cümə axşamı Trend-in bu sualını şərh etməkdən imtina edib.
Xatırladaq ki, İranın ali lideri Ayətullah Əli Xamenei Novruz bayramı təntənələri zamanı bildirib ki, ABŞ-la birbaşa danışıqların əleyhinə deyil, ancaq əlavə edib ki, onların nəticəsi ilə bağlı nikbin fikirdə deyil.