İranda zəlzələdə ölənlərin sayı 37-yə çatdı, ölkənin cənubu yenə silkələndi - YENİLƏNİB

İranın cənubunda yenidən 5,6 bal gücündə zəlzələ baş verib

İranın cənubunda bu gün Bakı vaxtı ilə 06:58-də yenidən zəlzələ qeydə alınıb. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, 5,6 bal gücündə yeraltı təkanlar 10 km dərinlikdə, episentri isə Buşəhr şəhərindən 94 km cənubda qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Xatırladaq ki, İranın Buşəhr vilayətində aprelin 9-da 6,3 bal gücündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ qurbanlarının sayı 37 nəfərə çatıb, 850 nəfər isə xəsarət alıb.İranın IRNA rəsmi informasiya agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində Kaki, Hormuc və Kenqan şəhərlərinə ciddi ziyan dəyib. Hormuc şəhərinin ətrafında iki kənd tamamilə dağılıb.

---------
08:55

Trend-in Mehr agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, Şonbeh şəhərində 200-dən çox evin 80 faizi tamamilə dağılıb. Ümumilikdə, 700-dən çox ev tamamilə dağılıb. 850 nəfərdən artıq şəxs isə yaralanıb.

Bir çox evlərin qəzalı vəziyyətə düşməsi haqqında da informasiyalar var.

Məlumatda bildirilir ki, Türkiyə Qırmızı Aypara cəmiyyəti İrana yardım etmək üçün hazır olduqlarını bəyan edib.

Bu arada İran prezidenti Mahmud Əhmədinejad da bəyanat yayaraq, Buşəhr əyalətində baş vermiş zəlzələ ilə bağlı İran xalqına başsağlığı verib.

O, baş vermiş hadisədən kədərləndiyini dilə gətirib və bütün qüvvələri xilasetmə və yardım üçün səfərbər olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31