CAMAH Bakıda konfrans keçirib
30 Mart 2013 15:53 GüneyBu gün Park İnn-də Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşəbbüsü ilə "Çağdaş Güney Azərbaycanın sabahı" mövzusunda konfrans keçirilib. Konfransda ABŞ və Avropadan gəlmiş nümayəndələr, o cümlədən, Gün.Az TV-nin rəhbəri Əhməd Obalı, DAK nümayəndəsi Qulamrza Səbri Təbrizi və başqaları iştirak edib. ("OLAYLAR"İA) Konfransı tarix elmləri doktoru, Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli açıb. "Araz" Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Araz Aslanlı "İran dövləti böhran içində" başlıqlı məruzə ilə çıxış edib. İran dövlətinin yanlış xarici siyasət yürütdüyünü bildirən Araz Aslanlının fikrincə, nüvə proqramının davam etdirilməsi İranı təcrid vəziyyətinə salıb. Tədqiqatçı hesab edir ki, İran əksər qonşu dövlətlərlə, özəlliklə də Azərbaycan Respublikası və Türkiyə ilə soyuq münasibətlərə malikdir. Əfqanıstanla da problemləri olan İran, politoloqun fikrincə, molla rejimi Suriyaya münasibətdə də yanlış mövqedədir: "Bu gün molla rejimi bütün gücü ilə Bəşər Əsədi dəstəkləyir. İran Əsəddən sonrakı Suriyada maraqlarının zərbə altında qalacağını nəzərə almır". Araz Aslanlı beynəlxalq sanksiyaların İranı həmişə iqtisadi böhrana saldığını bildirib. Politoloqun fikrincə, İran siyasi elitasında da parçalanma dərinləşir. İslahatçı-mühafizəkar qarşıdurmasına mühafizəkarlar daxilində yaranmış ziddiyyətlər də təsir edir. Araz Aslanlı deyib ki, prezident Əhmədinejadla ali dini lider Xamneyi arasında ziddiyyət İrana siyasi böhran vəd edir. Konfransda Nəsib Nəsibli, Yasəmən Qaraqoyunlu , Şirməmməd Hüseynov, Xaliq Bahadır və digərləri çıxış ediblər.