Güneyli fəallar İrana etiraz edirlər
108 fəal bəyanat imzalayıb
26 Fevral 2013 16:10 GüneyGüney Azərbaycan milli və siyasi fəalları İran dövlərinin Ermənistanla əlaqələrinə və hər tərəfli əməkdaşlığına və bu ölkəyə etdiyi yardımlara etiraz əlaməti olaraq və bu dövlətin Azərbaycan Respublikasına qarşı qərəzli siyasətinə etiraz bəyanatı imzalayıblar. 108 fəalın imzaladığı bəyanatda deyilir: "İran-Ermənistan ilişkilərinin genişlənməsinə etiraz edən Güney Azərbaycan milli fəallarını azad edin. İyirmi ildən çoxdur ki, İranın qonşusu olan müsəlman və qardaş ölkə Azərbaycan Respublikasının torpaqları işğalçı Ermənistan dövləti tərəfindən işğal olunub. Bu işğalın sonucunda Qarabağ türklərinin məscidləri, ev-eşikləri erməni işğalçılarının murdar çəkmələri altında təhqirə məruz qalıb.
Bu basqın və işğalçılıq uzun illərdir ki, bölgənin bəzi ölkələri tərəfindən, o cümlədən Rusiya və İranın iqtisadi, siyasi və hərbi-təhlükəsizlik dəstəkləri ilə davam etməkdədir". Bəyanatda qeyd olunur ki, Güney Azərbaycan xalqı Qarabağ torpaqlarının Ermənistan tərəfindən işğal olunması zamanından İran İslam Respublikası dövlətindən İran-Ermənistan əlaqələrinin tam kəsilməsini və Qarabağ xalqının dəstəklənməsini israrla tələb etsə də, islam respublikası adlanan İran dövləti bu istəklərə qarşı Qarabağın işğalına son qoyulması üçün hər hansı addım atmamış, əksinə Ermənistanla olan əlaqələrini bütün sahələrdə günü-gündən inkişaf etdirməyə çalışmışdır. "Bu illərdə milli mübariz molla Əbdüləziz Əzim Qədimi Qarabağın məzlum əhalisinin dəstəkləmək və İran -Ermənistan əlaqələrinə müxalifətin simvolu kimi tanınıb. O uzun illərdir ki, müxtəlif şəhərlərdə çıxışlarında və yazılarında İran-Ermənistan əlaqələrinin tam olaraq kəsilməsi vurğulamaqdadır. Son zamanlarda İranın Şərqi Azərbaycan vilayətinin valisi Ermənistana rəsmi görüşə getdi. Bu görüşdə İranla Ermənistan arasında işbirliyi amacıilə anlaşmalar imzalandı. O cümlədən, müştərək iqtisadi zonanın açılması qərara alındı və ixracat qadağası olan 52 məhsulun (buğda, mal-qara, ət, ərzaq, mal-heyvan, polimer məhsulları və s.) qadağaları da ləğv olundu.
İqtisad ekspertlərin nəzərinə görə illik büdcəsi 3 milyarda (İranın petrol gəlirinin 5 faizi) yaxın olan və keçmiş borclarını ödəmə imkanı olmayan Ermənistan kimi ölkə ilə ticari anlaşmalar imzalamaq iqtisadi əsaslandırması ola bilməz.
İranın Ermənistanı açıq şəkildə dəstəkləməsi və iki ölkə arasında əlaqələrini davam etməsi Qarabağ işqalının davamına və işqalçı Ermənistanın geri çəkilməməsinə səbəb olacaq və bu Azərbaycan milləti ilə açıq şəkildə düşmənçilik etmək mənasındadır" deyə, bəyanatda qeyd olunur. Milli Hərərkatın Marağada valinin Ermənistana rəsmi səfərinə etiraz etmək məqsədilə, bir etiraz aksıyası təşkil etdiyini xatırladan bəyanat müəllifləri hesab edir ki, İran rejimi bu cür aksiyaların qarşısını qəddar üsullarla alıb: "Aksıya təhlükəsizlik qüvvələrinin qanunsuz müdaxiləsi və milli fəalların tutuqlanması ilə sonlandırıldı. Bu aksıyada milli fəallardan tanınmış ruhani Əzimiqədim və muharibə əlili müəllim Davud Əzimzadə həbs olundular. Biz İran-Ermənistan əlaqələrinin dayandırılmasını və buna etiraz edənlərin azadlığa buraxılmasını tələb edirik".