Güneyli fəal həbs edilib

Güney Azərbaycanda milli və siyasi fəallara qarşı İran hakimiyyətinin təhlükəsizlik orqanları tərəfindən təzyiqlər günbəgün artır.  Ankarada yaşayan GAMOH fəalı Elçin Hatəminin "OLAYLAR"a verdiyi məlumata görə,  fevralın 6-da farsların Xiyav adlandırdığı Meşkin  şəhərində səhər saatlarında tanınmış milli fəallardan  Şəhram Radmehr ETTELAAT məmurları tərəfindən tutulub. ETTELAAT əməkdaşları milli fəalı yaxaladıqdan sonra onun atasının şəxsi mənzilinə hücum ediblər və evə zorla daxil olaraq ailə üzvlərini qorxudaraq evdə yoxlama aparıblar. Ailəsindən verilən məlumatda deyilir ki, məmurlar  Radmehrin Təbriz ETTELAAT idarəsinin təcridxanasına aparılacağını deyiblər. Şəhram bəyin nədə ittiham olduğu bəlli deyil, amma milli fəalın rejimin əleyhinə təşkilat yaratmaqda və ona qarşı fəaliyyət göstərməkdə ittiham olduğu ehtimal edilir. Qeyd edək ki, Şəhram Radmehr indiyə kimi bir neçə dəfə tutulub və həbs cəzasına məhkum edilib. 24 may 2010-cu ildə həbs edilmiş Radmehr 149 gün işgəncə və soğrulamadan sonra 220 milyon tümən dəyərində mülki girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı. Daha sonra Təbriz inqilab məhkəməsinin qərarı ilə 1 il müddətinə həbs cəzasına məhkum olmuş və həbsxanaya qayıtmaq məcburiyyətində qalmışdı.
Şəhram Radmehr GAMOH təşkilatının Mərkəzi Komitəsinin sabiq üzvü və hazırda Yeni GAMOH təşkilatı İdarə heyətinin üzvüdü.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31