“Prezident olsam Tacikistan, Ermənistan və Azərbaycanı İrana qaytaracam”
6 Fevral 2013 19:51 GüneyBu sözləri İran prezidentliyinə namizəd Ayətullah Seyyid Məhəmməd Bağır Xərrazi deyib. O çıxışında cəmiyyətdə o qədər də tanınmadığını bildirib və bunu belə izah edib: "Dini liderimiz Ayətullah Xomneyi də rəhbər olanda o qədər də tanınmış sima deyildi. Bu gün mənim tanınmamış qalmağım da düşmənlərin mənə qarşı proqram hazırlamasına mane olub".
Kanadada yaşayan politoloq Hüseyn Türkellinin verdiyi məlumata görə Məhəmməd Bağır Xərrazi İranda keçirdiyi sonuncu mətbuat konfransında bildirib ki, ölkənin idarəçiliyi tamamilə ayətullahların və dini xadimlərin əlində olmalıdır. O bildirib ki, tarixi İran ərazilərinin hamısı qan tökülmədən geri qaytarılmalıdır. O həmçinin qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1 il ərzində dolların məzənnəsini 1000 tümənə qaytaracaq və beynəlxalq sanksiyaları prezidentliyinin ilk aylarında ləğv edəcək. Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 4000 tüməndir.
Xatırladaq ki, İran prezidentliyinə namizəd Ayətullah Məhəmməd Bağır Xərrazi İran Elita Məclisinin üzvü Ayətullah Seyid Mövsün Xərrazinin oğludur. O həmçinin İranın dini lideri Xamneinin oğlu Məsud Xamneinin qaynı və İran Hizbullah Təşkilatının baş katibidir.