Sonuncu tapşırıq

Şəhid Hüseynov Hüseyn Əkbər oğlunun əziz xatirəsinə

(povest)

25.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar çayının sağ sahilndə, müvəqqəti səhra düşərgəsi: 14:30

- Düzlən! Farağat! Diqqət mərkəzə (dodaqaltı "mərkəz məndə")! - deyərək,  11 nəfərdən ibarət kiçik dəstəni söyüd ağacının qara kölgəsində düzüb, - düşərgənin ərazisində iki söyüd ağacı olduğuna görə bu söyüdə "Put söyüd" adı vermişdilər, -   məruzə eləmək üçün təxminən bir futbol meydançası qədər uzaqlıqda digər söyüd ağacının - bu söyüdün də adı "Yoluq söyüd" idi -  altında tabor komandiri nərd oynayan taborun qərargah rəisinə tərəf sürətlə addımlamağa başladı. Qərargah rəisi 30-35 yaşlarında ala-bula qısaqol köynəkdə oturmuş cavan oğlan, limonlu çay içə-içə nərd  oynadığı tabor komandiri isə şişman, ağappaq ipqol köynəkdə oturmuş təxminən 45-50 yaşlarında başının ortası keçəl, orta yaşlı bir kişi idi. Başları qızğın  oyuna  qarışmış nərdoynayanlara 5-6 addım qalmış  dayandı və şap-şup sıra addımlarına keçərək tozu dumana qatdı. Qəfil səs-küydən diksinən kimi olmuş oyunçular sanki "bu nə hay-küydü, bu nə fısqırıqdı, sakitcə oturmuşduq də" mənalarını ifadə edən sual dolu, donuq baxışlarla altdan-altdan onu süzməyə başladılar. Nərd oynayanlara lap 1-2 addım qalanda sonuncu addımı da şappadan möhkəm yerə vurub, toz-duman məsələsində son akkordu da vurdu. Dabanlarını birləşdirib, sağ əlinin orta  barmağının ucunu qolu dirsəkdən iti bucaq altında bükülmüş vəziyyətdə baş geyiminin günlüyünün ucu bərabərində sabitləyərək, əvvəlcə üzünü ağappaq ipqol köynəkdə olan başının ortası keçəl, orta yaşlı  kişiyə tutdu:

- Cənab mayor, icazə verin, kapitan Verdiyevə müraciət edim,  - keçəl kişi dodaqaltı "əstəğfürullah" deyərək,  sadəcə üzünü yanındakı ala-bula qısaqol köynəkdə olan cavan oğlana tərəf çevirib başını begamotsayağı yüngülcə  tərpətməklə kifayətləndi. Bu işarəni razılıq əlaməti kimi qəbul edən bölük komandiri üzünü ala-bula köynəkli cavan  oğlana tərəf tutduqda, oğlan da ayağa qalxıb, ayaqlarını birləşdirdi və əllərini yanına salıb dinləməyə hazır vəziyyətə olduğunu bildirdikdən sonra məruzəyə başladı: - "Cənab kapitan, tapşırığınıza əsasən bölüyün şəxsi heyəti arasından könüllülük əsasında seçilmiş 11 nəfər ən yaxşı hazırlıqlı çavuş və əsgərlərdən ibarət əməliyyat qrupu istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır! Məruzə etdi  ikinci taborun birinci bölüyünün komandiri baş leytenant Əmirov." - dedi və əlini yanına saldı.

- Uşaqlar  hansı bölgədəndi?

- Hər rayondan var,  cənab kapitan.

- Kəşfiyyatın bölük komandirinə xəbər  elə, Yusifcanlıdan olan Əfkərli Hüseyni  də göndərsin. Mən özüm əmrə saldıracam. O, həm təcrübəlidir, həm də həmin kənddəndir, ərazini yaxşı tanıyır.  Uşaqlara "Azad" ver, dincəlsinlər. Yazıqlar bayaqdan bu günün odunda  ayaqüstə, "Farağat"da gözləyirlər.

- Oldu, cənab kapitan! - dedi və əlini yenidən baş geyimin günlüyünün ucuna aparıb, yana salaraq, sonra da sağ  əli ilə yuxarıda "dağılıb dincəlin" anlamına gələn böyük bir qövs cızdı. Əsgərlər bu işarəyə bənd imiş kimi dağılışib "Put söyüd"ün kölgəsində oturdular. Özü onlara tərəf addımlaya-addımlaya  gözü onda olan əlində qırmızı qovluq tutmuş çavuşu əl işarəsilə yanına çağırdı. Bayaqdan bu işarəni gözləyirmiş kimi, çavuş anında sanki "100 metrə"dən qaçış imtahanı verirmiş kimi ona tərəf götürüldü. Bir neçə saniyə ərzində ona yaxınlaşdı. 5-6 addım qalmış sürətini azaldıb sıra addımlarına keçdi və eynilə bayaq o öz rəislərinə yaxınlaşdığı qaydada şap-şup ona yaxınlaşb dəyandı və məruzə etdi:

- Cənab baş leytenant, birinci bölüyün, birinci tağımın komandir müavini çavuş Qalalı əmrinizlə gəlmişdir.

- Qalalı, kəşfiyyat bölüyündə Nasosnıdan könüllü gələn Əfkərli Hüseyni tanıyırsan?

- Elədi ki, var, cənab baş leytenant!

- Qaç  kəşfiyyata, bölük komandirinə de, Hüseyni göndərsin, qərargah rəisi özü əmrə saldıracaq. Sonra əməliyyat qrupunu tam heyətdə düz və   məruzə et!

- Oldu, cənab baş leytenant!

- Cəld ol!  - dedi və siqaret çəkmək üçün zabitlər çadırının yaxınlığındakı söhbətgaha keçdi.

10 dəqiqə sonra

- Düzlən! Farağat" Diqqət mərkəzə (ürəyində "mərkəz məndə"- bu ifadə sanki, "Yasin" kəlməsindən sonra "Səlləllahu ələyhi və Alihi və səlləm" kimi bir şey idi - deyərək)! -  çavuş qrupu düzüb, bölük komandirinə tərəf gəlməyə başladı. Bir cərgə düzülmüş əsgərlərin sırasında sağdan birinci ən başda dayanmış əsgər xüsusilə seçilirdi. Bütün əsgərlərdən hündür olan boylu-buxunlu, iri cüssəli bu əsgər əvvəllər "Nasosnı"da  xidmət etsə də, ərizə yazaraq, könüllü  cəbhə bölgəsində  xidmət etməyə gəlmiş Əfkərli Hüseyn idi. Hüseyn artıq xeyli vax idi ki, bu hərbi hissədə xidmət edirdi. Həm yaxşı hazırlıqlı olduğuna görə, həm də ərazini yaxşı tanıdığına görə demək olar ki, bütün əməliyyatlarda mütləq  iştirak edirdi. Hüseyn  Ağdam rayonun Yusifcanlı kəndindən idi. Yusifcanlı üzbəüzdə, Qarqarın sol sahilində yerləşirdi. Onun uşaqlığı bu kənddə keçmişdi. Bütün çığırları gözüyumulu tanıyırdı. Hansı kolun dibində bənövşə, hansının dibində məröçə bitdiyini əzbər bilirdi. O, Yusifcanlını daş-daş, ağac-ağac tanıyırdı. Hüseyn qrupa hərbi hissənin kəşfiyyat bölüyündən bələdçi kimi qatılmışdı. Qalan 10 əsgər ikinci taborun, birinci bölüyünün öz əsgərləri idi. Hərəsi bir bölgədən idi. Tağım komandirin müavini söhbətgahda fikirli-fikirli oturmuş bölük komandirinə yaxınlaşıb, qrupun tapşırığa uyğun düzülməsi barədə məlumat verdikdən sonra ikisi birlikdə söhbət edə-edə qurupa doğru addımlamağa  başladı. Cərgəyə az qalmış tağım komandirinin müavini qaçaraq cərgənin başında, ən sağda Hüseynin yanında sıraya durub, sağ əlinin baş geyiminin günlüyünə apararaq, sıra duruşunda "Farağat" vəziyyəti aldı. Qrupun 5-6 addımlığına çatanda bölük komandiri düz mərkəzdə dayanaraq, sıra duruşunda "Farağat" vəziyyəti alıb, əlini baş geyiminə apararaq:

- Salam əsgər! - deyə qrup üzvlərilə  salamlaşdıqdan sonra "Azad" komandası verdi. Sonra tağım komandirinin müavini də ucadan: - "Azad" komandası verərək əlini yanına saldı. Yalnız bundan sonra bölük komandiri öz nitqinə başladı:

- Cənab çavuşlar və əsgərlər, siz bölüyümüzün ən sağlam, ən hazırlıqlı, ən inanılmış çavuş və əsgərlərisiniz. Bu günə qədər bir çox əməliyyatlarda iştirak etmisiniz. Hamınıza güvənim böyükdür. Bu dəfəki döyüş tapşırığı mühümdür. Odur ki, artıq-əskik heç bir hərəkət istəmirəm. Siz 11 nəfər bir-birinizi yaxşı tanıyırsınız. Əfkərli Hüseyn də bu əməliyyatda sizinlə birlikdə olacaq. O, əməliyyat keçirəcəyimiz Yusifcanlı kəndindəndir. Həm əraziyə yaxşı bələddir, həm də daha təcrübəlidir. Əlimizdə olan kohnə rus xəritələrinin qüsrlarla dolu olduğunu nəzərə alsaq, ərazini yaxşı tanıyan  bir nəfərin  bizimlə birlikdə əməliyyatda iştirak etməsi əslində bizim üçün göydəndüşmə fürsətdir. İndi gedib qalanını öz aranızda yaxşıca müzakirə edərsiniz. Söhbətləşin, öz aranızda gözlənilməz-fövqəladə hallar üçün işarələr, hərəkətlər, siqnallar müəyyənləşdirin. Əşya çantalarınızı bir daha nəzərdən keçirin. Silahlarınızı yaxşıca təmizləyib,  yoxlayın. Bir sözlə tam hazır olun, anca silah-sursat almaq qalsın. 17:00-dan, 24:00-a qədər rahat yatıb dincəlin.  Qalalı, 00:30-da bütün qrup üzvüləri, tam təhcizatla, silah-sursat yoxlanmış vəziyyətdə düzüb, mənə məruzə edirsən! O vaxta qədər işçi xəritəni bir də nəzərdən keçir, Hüseynə də göstər, sonra gətir təsdiq edim.

- Oldu, yoldaş baş leytenant!

- Xəstə olan, fikrini dəyişən, evdən pis xəbər alan, sevgilisi üçün darıxan, yorğun və halsız olan, bir sözlə hər hansı bir səbəbdən bu mühüm  əməliyyatda iştirak etmək istəməyən varsa, sıradan bir addım arxaya  çıxsın. ... Görürəm ki, hər şey qaydasındadır. Hamı döyüş tapşırığını yerinə yetirməyə hazırdı?

- Elədi ki, var!

- Mənə  əlavə sualınız var?

- Xeyr, yoxdur!

- Çavuş Qalalı, şəxsi heyət sizin sərəncamınızda.

- Farağat!

- Azad! Dincəlin. Qalalı, axşam ola bilsin, taborun qərargah rəisi də olsun. Artıq-əskik heç bir hərəkət istəmirəm. Həmişə olduğu kimi, hər şey yüksək səviyyədə olmalıdır. Əməliyyat 2-3 gün çəkə bilər. Yaxşıca hazırlaşın, yaxşıca dincəlin. Ərzaq anbarından nə istəsəniz, nə qədər  istəsəniz götürə bilirsiniz götürün. Axşama ancaq, silah-sursat almaq qalsın...

26.05.1994-cü il Ağdam rayonu, Yusifcanlı kəndi yaxınlığında Qarqar çayının sağ sahilndə, müvəqqəti səhra düşərgəsi: 00:30

- Qrup!

- Azad! Yanıma gəlin. Hamı yaxın gəlsin. Tam dövrə! Yığışın başıma. - deyə, bölük komandiri 12 nəfərdən ibarət qrupun bütün heyətini ətrafına topladıdan sonra yan sənəd çantasından çavuş Qalalının işçi xəritəsini, ərazinin plan sxemini və bir də möhürlü bağlı zərf çıxardıb, ancaq özlərinin eşidə biləcəyi səslə davam etdi, - Hüseyn, diqqətlə dinlə və bax, ola bilsin ki, ərazidə olan oriyentirlərlə bu xəritə üzərində olan qeydlər üst-üstə düşməyə bilər. Və ya buradakı hər hansı bir obyekti ərazidə tapmaya bilərsiniz. Bütün gözlənilməz hallarda  yalnız və yalnız sənin əraziyə yaxşı bələdçiliyin bizim koməyimizə çata bilər. Deməli belə, qrupa ümumi rəhbərliyi çavuş Qalalı edəcək. Əgər, hər hansı bir zərurətdən ikiyə bölünməli olsanız,  dəstənin birinə  Hüseyn, digərinə Qalalı  özü rəhbərlik edəcək. Fövqəladə hadisə baş verərsə, səpələnmək məcburiyyətində qalsanız, hər kəs özünə cavabdehdir və əməliyyatın nəticəsindən asılı olmayaraq, sonuncu gələn üçün vaxt: 28.05.1994-cü il saat 6:00  olmaqla toplanış yerimiz bax bu söyüd ağacının altıdır! - "Put söyüd"ü göstərdi. Bəri başdan hamınızı Müstəqillik günü münasibətilə təbrik edirəm. Bayramımız mübarək olsun! Unutmayın ki, ən çətin günlərində bu Respublikanın  müdafiəçiləri siz olmusunuz! Qalalı olub, Hüseyn olub, Ucarlı, sən olmusan! Bunları heç zaman unutmayın! 10 ildən, 20 ildən, lap 100 ildən sonra sizin bu gün gördüyünüz işlər, etdiyiniz  fədakarlıqlar böyük qürula xatırlanacaq, haqqınızda kitablar yazılacaq, filimlər çəkiləcək.  

- İndi hamı həm diqqətlə bura baxsın, həm də dinləsin, - deyərək, yan sənəd  çantasından çıxardığı əl fənərini yandırıb çavuş Qalalıya verdi və dairənin mərkəzini işıqlandırmasını tapşırdı. Sonra əvvəlcə ərazinin plan sxemi üzərində "Eşşəkkeçməz", "Köndələn", "Ocaq dağdağanı", "Motunun qozu", "Mahmudun körpüsü", "Yelləncək ağacı", "Qobunun körpüsü", "Şəhidlər abidəsi", "Təzə məktəb", "Kəhrizin gözü",  "Tək söyüd",  "Xanqulu əyrisi",  "Zaurun çardağı", "Nadirin çəni", "Mirələmin evi", "Mustafanın göydaş quyusu",  "Əhəng quyusu", "Yataq təpəsi", "Toyuq ferması", "Köhnə məktəb", "Qanlı dərə",  "Üçbacı postu", "Gümbəzlər",  kimi əsas oriyentirlərlə bir daha tanış oldular. Sonra  bayaqdan hamının səbirsizliklə gözlədiyi möhürlü zərfi götürüb ehtiyatla açdı.

(ardı növbəti sayımızda)

Zaur Ustac,

"Yazarlar" jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31