Naxçıvanın muxtariyyət məsələsinin dramaturji ifadəsi

Nurlana ƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin müəllimi

filologiya üzrə fəlsəfə doktoru

Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" əsərində Naxçıvanın muxtariyyət məsələsi əks etdirilib

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda tamamilə yeni bir ədəbiyyat yaranmaqda və inkişaf etməkdə idi. Xüsusilə, milli mövzu, problem və məsələlərin yer aldığı müstəqillik dövrü ədəbiyyatında tarixi mövzular və məsələlər də aparıcı yer tuturdu.

XX əsrin əvvəlləri Azərbaycan xalqının ictiai-siyasi tarixi üçün ən ziddiyyətli və mürəkkəb bir zaman olmuşdur. Bu dövrdə Azərbaycan xalqının milli mübarizəsinin nəticəsi olaraq əldə olunmuş dövlət müstəqilliyi və yaranmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra bolşeviklərin hücumları və daxili xəyanətlər nəticəsində süquta uğramış və Azərbaycan işğal edilmişdir. Belə mürəkkəb bir zamanda ortaya çıxan mühüm milli faciələrdən biri Azərbaycanın əzəli torpaqlarının siyasi fitnəkarlıq və güc tətbiqi ilə ermənilərə verilməsi məsələsi idi. Naxçıvanın ələ keçirilməsi işğal planının ən başlıca hədəfi idi. Zəngəzurun işğalından sonra Naxçıvanın blokadaya alınması və Azərbaycanın əsas hissəsi ilə əlaqələrinin kəsilməsi əslində Naxçıvanın işğal planının tərkib hissəsi idi. 1920-ci illərin ilk illərində məhz Naxçıvan əhalisi üçün ölüm-qalım məsələsinə çevrilən Naxçıvanın Azərbaycanın tərkibində qalmaq məsələsi aktuallıq qazanmışdı. Bu məsələdə əslən Naxçıvandan olan qüvvətli siyasətçi, məharətli diplomat Behbud bəy Şahtaxtinskinin fəaliyyəti daha əlamətdar olmuşdu.  Qeyd edilən məsələlər ədəbiyyatın da mühüm probleminə çevrilmiş, bu mövzuda layiqli əsərlər ərsəyə gətirlmişdi. Belə əsərlər içərisində müstəqillik dövrü Naxçıvan ədəbi mühitinin istedadlı qələm sahiblərindən olan Həsənəli Eyvazlının "Araz sahilində doğan günəş" adlı pyesinin müstəsna əhəmiyyəti var.

Ümumiyyətlə, Həsənəli Eyvazlı müstqillik dövründə inkişaf edən Naxçıvan ədəbi mühitini poeziya və dramaturgiya sahəsində təmsil edən istedadlı qələm sahiblərindən, şeir və dram əsərləri ilə Naxçıvanı vəsf, tərənnüm və onun tarixi mücadiləsini əks etdirən aparıcı imza sahiblərindən biri olmuşdur. Müəllifin bir sıra dram əsərləri, o cümlədən "Qurtuluşa gedən yol" və "Araz sahilində doğan Günəş" kimi pyesləri 1990-cı illərin böhran zamanında Naxçıvanın taleyi, habelə Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlişi və onun fəaliyyəti sayəsində Naxçıvanın və ümumən Azərbaycanın gələcək inkişafı, ümummilli tale məsələsi özünün bədii əksini tapmışdır. Həsənəli Eyvazlının "Türkmənçay qətli", "Araz sahilində doğan Günəş", "Qurtuluşa gedən yol" dramlarında milli tariximizin bir sıra qaranlıq məqamları özünün əksini tapmışdır. "Araz sahilində doğan günəş" əsəri bilavasitə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olaraq qalmasında aparılan milli mücadilədən və Behbud ağa Şahtaxtinskinin bu sahədəki məxsusi xidmətlərindən bəhs edir.

Əsərin başlıca hadisəsi Naxçıvanın statusunun müəyyənləşməsində yekun rolu oynamış Qars müqaviləsi və onun Azərbaycan və türk xalqlarının mənafeyinə uyğun müəyyənləşməsində mühüm xidmətlər göstərmiş tarixi şəxsiyyətlərin rolunu göstərməkdir. Əsərin əsas qəhrəmanı məhz Behbud ağa Şahtaxtinskidir. Pyesdə əlvan boyalarla obrazları yaradılmış Nəriman Nərimanov, İbrahim Əbilov, Veysəl Ünüvar, Kazım Qarabəkir paşa,  Mustafa Kamal Paşa Atatürk və başqaları vardır. Dramatik gərginliklə müşaiyət olunan hadisələrin mərkəzində doğma yurdunun taleyi ilə bağlı fədakarcasına xidmətlər göstərən Behbud ağa Şahtaxtinskinin obrazı dayanır. Əsər məzmun etibarilə tarixi faktlara əsaslanır.  Mövzu etibarilə tarixi dram janrına aid olan "Araz sahilində doğan günəş" əsəri müəllifin sərbəst davranması ilə ərsəyə gəlmiş, konkret tarixi faktlardan daha çox müəllifin şəxsi qənaətilə süslənmişdir.

Əsərdə düyünlənmə Naxçıvanın ermənilərə verilməsi tapşırığının Azərbaycan Xalq Komissiarları Sovetinə verilməsi xəbərindən başlayır və dramatizm Nəriman Nərimanovun Mirzə Davud Hüseynovu və Behbud ağa Şahtaxtinskini çağıraraq müzakirə aparması və verdiyi xüsusi tapşırıqla inkişaf etməyə başlayır. Məlum olur ki, XI Qızıl Ordu adlanan rus bolşevik və erməni daşnak orduları Azərbaycanda mərkəzi hakimiyyətə tabebisizlik göstərərək kütləvi həbslər keçirir, günahsız adamlara cəza kəsirlər. Hətta Stalin və Mikoyan birliyinin fitnəsi ilə Qarabağın və Naxçıvanın ermənilərə verilməsi ilə bağlı işlər aparılır. Məhz belə çətin dönəmdə Azərbaycanın rəhbəri kimi N.Nərimanov, B.Şahtaxtinski kimi milli ziyalılar bu fitnələri pozmaq üçün hər cür çətinliyi aşmağa çalışırlar. Müzakirə prosesində M.D.Hüseynovun dilindən səslənən "Məgər biz fəhlələrə arxalanıb inqilab etmədikmi?", "bu ki ... işğalçılıq siyasətidir. Buna son qoyulmalıdır", N.Nərimanovun dilindən deyilən "Cibində partiya bileti gəzdirən Lominadze kimi, Sərkis kimi adamlar kommunist adı ilə bir araya sığmayan özbaşınalıqlar edirlər" kimi qətiyyətli çağırışlar bolşevizmin fitnə və işğalçılıq niyyətlərinə qarşı etiraz, üsyan və nifrət dolu münasibəti ifadə edir. Əsərdəki bu qətiyyətli münasibət bir tərəfdən müəllifin şəxsi qənaəti olaraq özünə yer tapdığı kimi, digər tərəfdən də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra haqqında ziddiyyətli fikirlər səsləndirilən Nəriman Nərimanovun özünün "Ucqarlarda inqilabımızın tarixinə dair", "N.Nərimanovun V.İ.Leninə məktubu", "N.Nərimanovun oğlu Nəcəfə məktubu" kimi əsərləri əsasında meydana qoyulmuşdur.

Müəllif dövrün fitnə təzahürü olan bolşevizmin xəyanəti ilə Azərbaycan əraziləri olan Qarabağ və Naxçıvanın ermənilərə verilməsi məsələsinin çətinliyini, problemin ağırlığını göstərmək məqsədilə əsərin əvvəlıində iki müxtəlif yerdə - Azərbaycanda - Bakıda Nərimanovun otağında, Türkiyədə - Ankarada Atatürkün qəbulunda gedən müzakirələr kontekstində təqdim edilir. Bu təqdimat həm də iki qardaş ölkənin naxçıvan məsələsində vahid mövqedən olan maraqlarını nümayiş etdirmək üçündür. Nərimanovla Hüseynov və Şahtaxtinskinin söhbətinin davamı olaraq Atatürklə İbrahim Əbilovun arasında keçən eyni məzmunlu söhbətdə məhz Azərbaycandakı gərgin ictimai-siyasi vəziyyət və Naxçıvanın itirilməsi problemi dramatizmin fonuna çıxarılır. Sonrakı hadisələr və əsərin ideyası da məhz bu kontekstdən özünə aydınlıq tapır. Burada da Atatürkün və İ.Əbilovun dilindən səsləndirilən "Qafqazın, o cümlədən Naxçıvanın taleyi Türkiyənin qətiyyətindən asılıdır", "Türkün türkdən başqa dostu yoxdur" kimi fikirlər dövrün çətin problemlərinin həlli yönündə vahid milli istiqamətə çağırışı ifadə edir. Ümumiyyətlə, bu söhbətdə İbrahim Əbilovun Mustafa Kamal Atatürkə Azərbaycandakı vəziyyət, xüsusilə Naxçıvanın taleyi ilə bağlı səsləndirdiyi fikirlər problemin çətinliyi və vəziyyətin vəhmliyi barədə kifayət qədər fikir formalaşdırır.  Mustafa Kamalın səsləndirdiyi və İosif Stalinin Azərbaycanla bağlı niyyətini ehtiva edən ""Bakının yanacağı olmadan sovet Rusiyası yaşaya bilməz". Bax bolşevik Rusiyasının Qafqazadkı siyasətinin əsasını bu təşkil edir" fikirləri də Naxçıvanın taleyi ətrafında mövcud olan qatı siyasət dumanının sirrini açmağa yönəlmişdir. Müəllif bu fikirləri səsləndirməklə Azərbaycanı parçalamağa yönəlik rus-bolşevik siyasətini və onun xain niyyətinin vəhmliyini diqqətə çatdırmağa xidmət etmişdir. Ümumiyyətlə, Mustafa Kamal Atatürk və İbrahim Əbilov arasındakı müzakirə mövcud ictimai-siyasi şəraiti, onun tələblərini və Azərbaycanın ətrafında dolaşan xain məqsədləri ifadə etmək üçün niyyətlənmişdir. Burada vəziyyətin nə qədər çətin və mürəkkəb olması ilə bağlı təəssürat əksini tapmışdır. Mustafa Kamalaın eyni zamanda bu fikirləri də Azərbaycanın başı üzərində dolaşan əbədi problemi ehtiva etmək üçün əsaslı faktordur: "Bəli, sərvət dövlət üçün şöhrət gətirdiyi qədər də problemlər gətirir".

Əsərdə xalqın mübarizə əzmi və idealının göstərmək üçün xalq nümayəndələrindən ibarət obrazlar təqdim edilmişdir. Sadə camaat Naxçıvanın Azərbaycanın işğaldan qurtulması, Azərbaycanın tərkib hisəsi olaraq qalması üçün bütün qətiyyətilə apardığı mücadilə də uğurla obrazlaşdırılmışdır. Buradakı Müşkünaz arvad, Qasım, Kərbəlayı Kərəm, Bağır kişi  məhz sadə camaatın obrazları kimi diqqəti cəlb edirlər. Müşkünaz arvad xalqının çətin günündə biricik övladı Qasımın toyuny dayandırıb övladını vətənin mübarizəsinə göndərir, ona vətən üçün sədaqət və vəfa andı içdirir. Bağır kişi hər cür zəhmətkeşliyi təmsil edərək əmək adamlarının vətənə bağlılığını təcəssüm etdirir. Kərbəlayı Kərəm qoca yaşında əlinə silah alaraq vətənini erməni-bolşevik birləşmələrinin fitnə-feilindən qorumaq üçün mübarizə aparır. Hətta erməni ajanını dəhnəni keçərkən yaxalayaraq satqın Vəlibəyovun xəyanətini ortaya qoyur. Bu sadə insanların obrazları hər cür çətinliyə rəğmən döyüşən və müqavimət göstərən xalqın qırılmayan iradəsini təmsil edir, Azərbaycan xalqı və torpağının birlik-bərabərlik əzəmətinin təcəssümü kimi çıxış edirlər. Naxçıvanda yaşayan hər bir insan "Azərbaycan" deyir, "birlik" söyləyir, ümumi mücadiləyə qoşularaq xalqın qırılmaz iradəsini nümayiş etdirir.

Əsər boyu Naxçıvanın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində türk yurdu olması uğrunda siyasi-diplomatik mübarizə özünü bütün gərginliyi ilə təzahür etdirir. Hətta Moskvadakı Çiçerin, Stalin və Vladimirski arasındakı gərgin və əsəbi dialoqda Stalinin xainliyinə qarşı Çiçerin və Vladimirski qətiyyəti də nəzər diqqətə çatdırılmışdır. Stalinin əsər boyu Azərbaycan xalqına qarşı kini və nifrəti özünü nümayiş etdirir, ermənilərlə əlbirliyi diqqət mərkəzinə çəkilir. Lakin Çiçerin və Vladimirski onun bu ciddi siyasi səhvlərini davamlı olaraq tənqid edir, qarşısını almağa çalışırlar. Qeyd etmək yerinə düşər ki, müəllifin Stalini Azərbaycana qarşı bu cür hiyləgər, xain, düşmən ruhunda təqdim etməsi onun azərbaycanlıalrı dədə-baba torpaqlarından ardıcıl olaraq deportasiya etdirməsi, 1937-ci il repressiyasında Azərbaycanın daha ciddi itkilər verməsi və b. hadisələr əsaslı rol oynamışdır. Bununla belə əsərdə müəllif tərəfindən Naxçıvanın status məsələsində Rusiya siyasətinin ikiüzlülüyü və hiyləgərliyi də diqqət mərkəzinə gətirilmişdir. Belə ki, Naxçıvanın statusu məsələsində ciddi tarixi sənəd olan Qars müqaviləsinin hazırlanaması və müzakirəsi məsələsində Naxçıvana tam müstəqillik verilməsi təklifi də bu rus hiyləgərliyinin təzahürü kimi nəzər diqqətə çatdırılır.

Əsərdə diqqət cəlb edən mühüm obrzalardan biri Mustafa Kamal Atatürk obrazıdır. Ozamankı Türkiyə Cümhuriyyətinin rəhbəri olan bu nəhəng şəxsiyyət əsərdə türk qardaşlığının möhtərəm və möhtəşəm siması kimi əks etdirilmişdir. Naxçıvanı "türk qapısı" adlandıran Mustafa Kamal əsər boyu Naxçıvanın itirlməsi probleminin aradna qaldırılmasında misilsiz rolu və görkəmli xidmətlərilə əksini tapmışdır. Mustafa Kamal Paşa bütün varlığı ilə Azərbaycanın Naxçıvanı sahiblənməsində bütün əzmini və ağlını ortaya qoymuş, Azərbaycan diplomatlarına bu mühüm işdə ən gərəkli dəstək və köməyi ifadə etmişdir. Əsərdə müsbət obraz olaraq yaradılan Mustafa Kamal obrazı iki qardaş xalqın qardaşlıq və birliyinin təcəssümü olaraq çıxış etmişdir.

Beləliklə, əsərdə Qars müqaviləsinin müzakirəsi və imzalanması  prosesi ədəbi-bədii cəhətdən əks etdirilmişdir. Bu gərgin müzakirədə Azərbaycan və türk diplomatlarının, xüsusilə Behbud ağa Şahtaxtinski və Yusif Kamal bəyin gərgin əməkləri Azərbaycan və Türkiyə qardaşlığının bədii təzahürü olaraq özünə yer tapmışdır. Müəllif Naxçıvanın Muxtar Respublika olaraq taleyinin müəyyənləşməsində onların əməklərinin, mübarizələrinin ardında qətiyyətli Azərbaycan və Türkiyə qardaşlığının və güclü diplomatiyasının olduğunu təcəssüm etdirməyə çalışmışdır. Əsərdə Qars müqaviləsinin Naxçıvanın statusu və sərhədlərini dəqiq müəyyənləşdirən bəzi mühüm maddələri də təqdim edilmişdir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31