Ağcabədidə DRAM: Zorla ərə vermək istədilər, evdən qaçdı

Ağcabədi rayonunda gənc qıza qarşı ailədaxili təzyiqlər onun evdən qaçması ilə nəticələnib. Leyla Razi qızı Paşayeva ailə qurmaq istədiyi şəxslə Bakıya gəlib və vəkillə müqavilə bağlamaqla hüquqlarının müdafiəsinə qalxıb. Gənc qız videomüraciət yaymaqla ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyib.

Musavat.com xəbər verir ki, Leyla Paşayeva yaydığı videomüracətdə ölkə rəhbərliyindən, hüquq-mühafizə orqanlarından kömək istəyib:

"Mən, Paşayeva Leyla Razi qızı, bildirirəm ki, 25.05.2026-cı il tarixində Ağcabədi rayonu, Heydər Əliyev prospektində yerləşən, valideynlərimə məxsus fərdi yaşayış evindən şəxsi iradəmlə çıxmışam. Evdən çıxarkən özümə məxsus şəxsi əşyalarımı - geyim, kosmetik vasitələr, parfüm və mənə aid kiçik oyuncağımı götürmüşəm. Bildirirəm ki, mənim Elgün Rövşən oğlu Məmmədov ilə olan qarşılıqlı sevgi münasibətlərimiz mövcuddur. Lakin anam Azadə Vaqif qızı Hüseynova, dayım Azad Vaqif oğlu Hüseynov və nənəm Xuraman Yusif qızı Ağayeva tərəfindən bu münasibətə qarşı çıxılaraq, anamın yaxın qohumu Murad Hüseynov ilə evliliyə məcbur etməyə cəhdlər edirdilər. Bu səbəbdən mənə təzyiqlər göstərilib, iradəmə zidd olaraq məcbur etmə halları baş verib, həmçinin hədə-qorxu və ölüm hədələri ilə qarşılaşmışam. Məqsəd məni Elgün Məmmədovdan ayırmaq və ailə planlarımıza mane olmaq olub. Bütün bu halları nəzərə alaraq, Elgün Rövşən oğlu Məmmədov ilə nikaha daxil olmaq barədə qərarı tamamilə öz iradəmlə qəbul etmişəm. Bununla bağlı müvafiq qeydiyyat orqanına müraciət etmişik və münasibətlərimizin rəsmi qaydada rəsmiləşdirilməsini istəyirik. Eyni zamanda, xahiş edirəm ki, ailə üzvlərim tərəfindən hər hansı mümkün təzyiq, zor tətbiqi və ya təhlükə yarada biləcək hərəkətlərin qarşısı alınsın və bu məsələyə hüquqi qiymət verilsin. Bu ərizəni tamamilə öz iradəmlə yazdığımı təsdiq edir və imzamla təsdiqləyirəm".

Leyla Paşayevanın videomüraciətindən belə anlaşılır ki, uzun müddətdir davam edən ailədaxili mübahisələr və münasibətlər fonunda onun həyatına dair seçimlərinə müdaxilə cəhdləri olub, sevgi münasibətlərinə qarşı çıxılaraq başqa bir nikah istiqamətinə yönləndirmək cəhdləri göstərilib.

Belə olan halda Azərbaycan qanunları nə deyir?

Vəkil Ceyhun Yusifov  deyib ki, bu kimi hallarda Azərbaycan qanunvericiliyi bir neçə fundamental prinsipi aydın şəkildə müəyyən edir: "Əvvəla, Azərbaycan Respublikasının Konstitusiyası hər bir vətəndaşın şəxsi azadlıq və hüquqlarını qoruyur. Konstitusiyaya əsasən, insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və hər kəsin öz həyatını sərbəst müəyyən etmək hüququ var. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın yalnız könüllü əsasda bağlanmasını təsbit edir. Qanun açıq şəkildə bildirir ki, nikah heç bir təzyiq, məcburiyyət və ya zor tətbiqi ilə bağlana bilməz. Cinayət qanunvericiliyi isə daha sərt yanaşma ortaya qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi məcburetmə, hədə-qorxu, zor tətbiqi ilə nikaha məcbur etmə, şəxsi azadlığın məhdudlaşdırılması kimi əməlləri cinayət məsuliyyəti yaradan hallar kimi qiymətləndirir. Bundan başqa, əgər iddialarda qeyd olunduğu kimi ölüm hədəsi və psixoloji təzyiq elementləri sübuta yetirilərsə, bu artıq daha ağır cinayət tərkibi sayılır və hüquq-mühafizə orqanlarının müdaxiləsini zəruri edir".

Ceyhun Yusifov bildirib ki, son illərdə Azərbaycanda ailə daxili münasibətlər, xüsusilə də gənclərin evlilik seçimlərinə müdaxilə ilə bağlı şikayətlər ictimai müzakirələrdə daha çox görünür: "Belə hallarda əsas prinsip şəxsi iradənin üstünlüyüdür və istənilən ailə modeli yalnız tərəflərin qarşılıqlı razılığı əsasında formalaşa bilər. Əgər gənc qızın müraciətində göstərilən hallar təsdiqini tapsa, hüquq-mühafizə orqanları zor tətbiqi və ya hədə-qorxu ilə bağlı cinayət işi başlamalı, şəxsi azadlığın məhdudlaşdırılması iddiaları, məcburi nikah cəhdləri, psixoloji təzyiq və ailədaxili zorakılıq hallar araşdırılmalıdır. Azərbaycan qanunvericiliyi bu kimi əməllərə qarşı həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutur. Qanun bu məsələdə aydın mövqedədir - nikah könüllüdür və heç bir təzyiq altında qəbul edilə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31