Zəmanəsinin Aristoteli adlanan, I Şah Abbasın vəziri Hatəm bəy Ordubadi kimdir?
19 İyul 2024 13:36 ƏdəbiyyatRAMİZ QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin böyük təntənə və silsilə tədbirlərlə qeyd edilməsi həm də muxtar respublikanın ədəbi-mədəni mühitinin də dərindən öyrənilməsi kimi mühüm vəzifələr müəyyənləşdirir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan torpağı tarixin müxtəlif mərhələlərində ədəbiyyatın, ümumən mədəniyyətin inkişafı baxımından diqqətəlayiq olub. Burada yetişən və fəaliyyət göstərən alimlər, şairlər, incəsənət adamları və b. təkcə ölkədə deyil, habelə ölkənin sərhədlərindən kənarda tanınmış və geniş şöhrət sahibi olmuşlar.
Azərbaycan ədəbiyyatı haqqında çox qiymətli mənbə olan Sadiq bəy Əfşarın məşhur "Məcməül-Xəvas" təzkirəsində Səfəvilər dövrünün bir sıra tanınmış və görkəmli şeir-sənət adamları haqqında gen-geniş məlumatlar verilir. Burada adları çəkilən, haqlarında məlumat verilən çoxsaylı şairlər arasında Naxçıvandan olan qələm sahibləri haqqında da məlumatlar yer almışdır. Belə şəxsiyyətlər arasında Mirzə Hatəm bəyin də adı çəkilir. Haqqında müxtəlif mənbələrdə böyük hörmətlə bəhs olunan bu izzətli şəxsiyyət kimdir?


"Məcməül-Xəvas" təzkirəsində bu görkəmli şəxsiyyət haqqında deyilir: "Ordubadlıdır. Azərbaycana tabe olan kiçik bir qəsəbədir. Hal-hazırda Mirzə Həzrətləri Allahın yerdə olan kölgəsi Şah Abbas Bahadur xanın böyük vəzir əmri ilə Etimadüd-dövləsidir. Çox istedadlı və qüdrətlidir. İnşa və imlada və yazıçılıqda lazım olan türkcə və farsca istilahları yaxşı bilir. İnşa babında yazılmış az risaləvə kitab tapılar ki, Mirzə onları mütaliə etməmiş olsun. Böyük hörmət və izzət sahibidir. Mirzə həzrətlərinin böyük və kiçiklə, aşağı və yuxarı təbəqədən olan insanlarla ünsiyyəti və yaxınlığı vardır". Mənbələrin verdiyi məlumatdan aydın olur ki, Hatəm bəy həm də ədəbiyyat, şeir-sənət adamı olmuşdur. Necə ki adıgedən məşhur təzkirədə haqqında bəhs edilərkən müəllif yazır ki, "Mirzə həzrətləri ... son vaxtlarda şeir yazmağa başladılar. Bu beytlər onundur". Doğrudur, müəllif "bu beytlər onundur" deyə yazsa da, təəssüf ki, tərtibçinin (Təzkirənin tərtibçiçisi və tərcüməçisi Əkrəm Bağırovdur - R.Q.) də qeydlərinə əsasən, əlyazmada qeydə alınmamışdır. Lakin Sadiq bəy Əfşarın verdiyi məlumatdan açıq görünür ki, Mirzə Hatəm bəy yazıçıdır, şairdir, özü də ədəbiyyatşünaslığa dərindən bələd olan bir adamdır. Onun haqqında bəhs edən mənbələr bu görkəmli şəxsiyyətin istedad və qabiliyyətinin müxtəlif tərəflərindən razılıqla bəhs edirlər. Onun haqqında hətta "Zəmanəsinin Aristoteli" (İsgəndər bəy Münşi), - deyə bəhs edilmişdir. Hərtərəfli və dərin biliklərə malik olan Mirzə Hatəm bəy ordubadlı olması münasibətilə "Ordubadi" təxəllüsü və ya nisbəsindən də istifadə edilərək haqqında bəhs açılır. Eyni zamanda onun haqqında: "O, Səfəvilər İmperiyasının hökmdarı I Şah Abbasın vəziri olub. Dərin zəkasına, müdrikliyinə və elmi biliklərinə görə dövrün görkəmli tarixçisi İsgəndər bəy Münşi onu "zəmanəsinin Aristoteli" adlandırıb. Münşi onun sərkərdəlik qabiliyyətindən bəhs edərək bir qalanın alınmasında göstərdiyi şücaətdən bəhs edib", - deyə söz açılıb.

Hatəm bəy Ordubadinin dünyaşöhrətli azərbaycanlı alim və dövlət xadimi, əxlaq nəzəriyyəçisi Nəsirəddin Tusinin qohumlarından, onun törəmələrindən olduğu deyilir. Birinci Şah Abbasın bütün Ordubad əhalisini vergilərdən azad tutması haqqında fərmanı da olmuşdur. Bu fərman Ordubad şəhərinin mərkəzində yerləşən Cami məscidinin üzərində qeydə alınıb. Fikirlərə görə, Birinci Şah Abbasın belə bir fərman verməsi və Ordubad əhalisini vergilərdən azad etməsi kimi mühüm bir hadisə onun Ordubadda yaşayan törəmələri, nəsli vəsilə olmaqla bu görkəmli dövlət, elm və ədəbiyyat xadimi məşhur Nəsirəddin Tusiyə hörmət və ehtiram əlaməti idisə, digər tərəfdən də özünün vəziri olan və elə Nəsirəddin Tusinin nəslinə aid olduğu deyilən şanlı-şövkətli insan Mirzə Hatəm bəyə görə idi. Bu görkəmli şəxsiyyətə "Dünyanı bəzəyən Abbasın tarixi" kitabında da xüsusi yer verilərək bəhs olnumuşdur. Adıgedən mənbədə Hatəm bəy Ordubadi haqqında bəhs edilərək yazılıb: "O, yüksək rütbəli dövlət xadimi olub, təmiz əxlaqlı, nəfsi tox, xalqın yaxşılığını istəyən adam idi və qabiliyyəti, işgüzarlığı ilə məşhur olduğundan ali divanın vəziri rütbəsi ilə şərəflənərək, iyirmi ilədək 29 divan vəziri kimi cahan işlərinin həlli və əqdi ilə məşğul olmuş, onları tənzimləmişdi".
Səfəvilər dövründən bəhs edən alimlərin bir çoxu bu görkəmli naxçıvanlı, dövlət və ədəbiyyat xadimindən bəhs ediblər. Zabil Bayramlı da öz tədqiqatlarında Səfəvilər dövrünün müəyyən məsələlərindən bəhs edərkən dövrün mötəbər və tanınımış şəxsiyyətlərindən olan Hatəm bəy Ordubadi haqqında bəhs açmışdır. Alim bu görkəmli şəxsiyyətin haqqında bəhs edərkən həm də onun məşhur alim və dövlət xadimi, görkəmli şəxsiyyət olan Nəsirəddin Tusinin nəslindən və onun yaxın qohumu olmağından bəhs edərək bu fakta dəstək çıxmışdır. Eləcə də I Şah Abbas dövrü Səfəvilərin tanınmış məşhur simalarından biri olmasın və digər keyfiyyətləri haqqında məlumat verərək yazmışdır ki: ""Zeyl-i tarix-i alamara-yi Abbasi" də göstərilir ki, Hatəm bəy Ordubadi dövrünün məşhur alimi və ustadı rəhmətlik Xacə Nəsrəddin Tusinin (1201-1274) nəslindən olduğu hesab edilir və elə buna görə də Nəsiri soyadını daşıyırdı. Bu mənbədə də Hatəm bəy Ordubadinin savadlı, xeyirxah, insanpərvər, haqqın, ədalətin, düzgünlüyün tərəfdarı olduğu qeyd edilmişdi. O, iyirmi il Azərbaycan Səfəvi dövlətinin baş vəziri vəzifəsində işləyir... Hatəm bəy Ordubadi vəfat etdikdən sonra onun yerinə etimadəddövlə vəzifəsinə oğlu Mirzə Əbutalıb təyin edildi".
"Tarixe-aləmaraye-Abbasi" kitabının müəllifi İsgəndər bəy Münşi haqqındakı məqalədə də Hatəm bəy haqda məlumat verilərək onun İsgəndər bəy Münşi ilə dostluğu, eləcə də şəxsiyyəti, fəaliyyəti və s. haqqında bəhs edilir. Əsərdə qeyd edildiyi kimi: "Ə.Rəhmaninin gəldiyi qənaətə görə, onun bir münşi kimi saray xidmətinə cəlb edilməsində Səfəvilər dövlətinin etimadlısı (etimadüddövləsi) Hatəm bəy Ordubadinin rolu olmuşdur. "Tarixe-aləmaraye-Abbasi"də İsgəndər bəylə Hatəm bəy arasında olan dostluq münasibəti barədə dəfələrlə məlumat verilmişdir.
Maraqlıdır ki, adıgedən şəxsiyyətin - XVI-XVII əsrlərin Səfəvilər idarəçiliyində Şah Abbas dönəmində ən tanınmış, görkəmli xadimlərindən olan Hatəm bəy Ordubadi haqqında bəhs edilərkən onun dövlət xadimi olması haqda ətraflı, təfərrüatlı məlumatlar verilmişdir. Lakin, təəssüf ki, onun şairliyi, ədəbiyyat adamı olması ilə bağlı faktlar yer almamışdır. Bu fikrin biz Sadiq bəy Əfşarın məşhur "Məcməül-Xəvas" təzkirəsində yer aldığını görürük və görünür, bu fikirlərə - Sadiq bəy Əfşarın fikirlərinin mötəbərliyinə inanaraq digər mənbələr də müraciət edərək müxtəlif formada təkrarlamışlar. "Naxçıvan tarixi" əsərində də Hatəm bəy Ordubadiyə xüsusi yer verilərək onun haqqında olan məlumatlar içərisində şair və yazar olduğu əks etdirilmişdir. Əsərdə göstərilir ki: "Azərbaycan tarixində I Şah Abbasın vəziri kimi tanınmış görkəmli dövlət xadimi Hatəmbəy Ordubadi həm də dövrün qələm sahiblərindən biri olmuşdur. Ədəbi yaradıcılığında "Safi" təxəllüsündən istifadə edən Hatəmbəy Ordubadi Azərbaycan və fars dilində gözəl şeirlər yazmışdır". Bu qüdrətli şəxsiyyət barəsində bəhs edən mənbələr onun istedadlı qələm və poetik təbindən bəhs etsələr də, böyük təzkirəçilərdən olan Məhəmmədəli Tərbiyətin məşhur "Daneşməndani-Azərbaycan" əsərində onun barəsindəki məlumatın içərisində şairliyi ilə bağlı hər hansı formada bəhs olnumur. Lakin bu böyük şəxsiyyət barəsində müasirlərindən olan Şeyx Əlinağı Kəmərəli və Mirzə Məlik Məşriqinin ona həsr olumuş mədhlərindən beytlər təqdim edir. Şeyx Əlinağı Kəmərəli öz mədhiyyəsində yazır:
Elm, hünər sahəsində həmişə bar verir,
Ordubad torpağında hər nə ki göyərir.
Şeyx Əlinağı Kəmərəli Ordubad torpağının həm barlı-bərəkətli olmasından, həm də elm, sənət adamlarının yetişməyindən daha çox bəhs edərək onu mədh edirdi. Mirzə Məlik Məşriqi də Hatəmbəy Ordubadini mədh edərkən onun ziyalılığna, alim və müdrik şəxsiyyət kimi ziyalılığına mədhiyyələr yağdırmışdır:
Rəyinlə kəsilmişdir xalatgünəşə işıqdan,
Yerə düşən şüalar onun ətəyidir nurdan.
Təəssüf ki, Hatəmbəy Ordubadi haqqındakı məlumatlarda onun poetik istedad və təbindən, şairliyindən bəhs edilsə də, kimsə onun bədii yaradıcılığından konkret nümunələr ortaya qoymamış, sadəcə onun şairliyini məlumat qismində təkrarlamışlar.Onun şairliyi və ya bədii yaradıcılığı yalnız tərcümeyi-hal materialına çevrilmişdir. Araşdırmalarımız davam edir.