Gözün aydın, AY ANA!-Kamal Bayram

"Arzuya bax, sevgilim,

Tellərindən incəmi?

Söylə, ürəyincəmi?" - deyirdi Müşfiq. Müşfiq deyəndə həsrət yada düşür. Bizim də bəxtimizə bir həsrət düşüb, Müşfiqin arzuları tellərimizdən incə, həm də ürəyimizcə olub həmişə:  Qarabağa qovuşmaq. Yenə o bağ olaydı: Qarabağ! O bağa toplaşaydıq biz...

İndi hər dəfə Qarabağa gedəndə qəlbimdən bir nida yüksəlir: " Gözün aydın, ay ana!"

"Arzuya bax, ay ana.

Otuz ildir qəlbimdə

yaşadıb böyütdüyüm

gözü yaşlı arzuma...

Gözün aydın, ay ana." - deyir Kamal. Kamal uzaq Berlində Qubadlı torpağına yaxınlığını ürəyində bax beləcə saxlayıb və onu bu gözəl şeirində ifadə edib: "Yenə o kənd olaydı".. "Otuz ildir qəlbimdə yaşadıb böyütdüyüm gözü yaşlı arzuma..." Bu misraları başının dərisi uyuşmadan, tüklərin ürpərmədən oxuya bilmirsən. Bu misralar həmişə - elə bundan sonra da eyni sızıltıyla oxunacaq, söylənəcək: Gözün aydın, ay ana!" Çünki biz bu arzunu gözü yaşlı böyüdüb, gözü yaşlı çin etdik. Bu günü tarixin zülmət gecələrindən dərib bizə bəxş edən şəhidlərimizin ruhu şad olsun: "Bu yaz bir başqa yazdır. Bu yaz daha da xoşdur".

Bu misraların arxasında elə dərin hisslər var ki, hamısını ifadə etmək olmur. Bir onu deyə bilərəm ki, sevimli dostumuz Kamalın anası - Tamara anaya Allah rəhmət etsin. Qubadlı yolundan keçəndə Kamala zəng etdim. Elə bilirdim, Almaniyadadır və istədim, onu uzaqdan da olsa, Qubadlı yollarından "keçirim". Dedi: "Bakıdayam, hüzürdəyəm. Anam vəfat edib." ...

Tamara ananın da ruhu şaddır, çünki Kamal anasının sağlığında ona bu sözləri söyləyə bildi:

"Gözün aydın, ay ana.

Arzum gerçək olubdur."

Uca Yaradana şükür olsun ki: "Könüllər qıovuşdu o qayğısız günlərə"...

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

xxx

Kamalın bütün şeirləri hamı üçündür. Amma birbaşa M.Müşfiqə həsr etdiyi "Yenə o kənd olaydı..." adlı əsəri kənddə böyüyüb şəhərə düşmək məcburiyyətində qalan qərib kəndlilər üçündür. Mən cəmi 3-4 səhifəlik bu əsəri poema adlandırırardım. Çünki bu əsərdə kəndindən uzaq düşüb kənd həsrətilə yaşayan insanların hər birinin qəlbində dərin izlər buraxmış min bir detal xatırlanır. Şəxsən bu poema sanki mənim üçün yazılıb və bu əsərin hər sətrində unuda bilmədiyim kənd xatirələrim yer alıb.  

Professor Cahangir Məmmədli

Kamal Bayram

YENƏ O KƏND OLAYDI

(M.Müşfiqə nəzirə)

Yenə o kənd olaydı,

yenə o tozlu yollar,

o tikanlı çəpərlər.

Bizə qonaq gələnlər,

bizdən küsüb gedənlər.

Bəzən isti yay günü

arandan köç edənlər.

Bəzən də son payızda

dağdan elə dönənlər.

Keçəydi qoyun, quzu,

öndə də çoban qızı.

Sanki bir dan ulduzu.

Bir köhlənin belində,

dağ çiçəyi telində

hörülmüş incə-incə.

Bizim kənd uşaqları

o köhləni görüncə,

qaçaydılar durmadan

tikanlı yollar ilə

görmək üçün o qızı.

Hərənin ürəyində

o qız boyda bir arzu:

"Kaş ki, bu çoban qızı

mənim sevgim olaydı."

Arzular çin olaydı.

Yollar tozla dolaydı.

Yenə o kənd olaydı,

yenə ilk bahar çağı.

Oturaydıq eyvanda,

seyr edəydik çaylağı.

Pürrəngi çay içəydik,

danışaydıq, güləydik.

Axşam alatoranda,

hava sərin olanda.

Dinləyəydik hərdən də

cırcırama səsini,

yazın ilk nəfəsini...

Yenə o kənd olaydı,

Yenə qayğılı günlər.

Bizim yaşlı kəndlilər

əllərində kərkilər,

dəmiryaba, orağı,

bollayaydılar arxı.

Hərə bir iş görəydi,

bolluca su gələydi.

Ağaclar diriləydi,

arx boyinca düzülən

gilənar ağacları.

O kövrək budaqları

açdıqca ləçək-ləçək,

ətri bizi vuraydı.

Bacım erkən duraydı.

Sulayaydı həyəti.

Qəlbində xoş niyəti.

Oyadaydı günəşi

şirin zümzüməsiylə.

Günəş yorğun olaydı.

Boylanıb üfüqlərdən

yuxulu gözləriylə

qəlbimizə dolaydı.

Ətrafa nur saçaydı,

qızıl güllər açaydı...

Yenə o kənd olaydı,

yenə də bizim eyvan.

Yataydım səhər axşam,

qayğısız gəncliyimin

isti yay günlərində.

Eşidəydim anamım

yenə həzin səsini:

"Oyansana, ay oğul,

gün-günorta olubdur.

Tay-tuşların durubdur."

Mən də şirin yuxudan

başımı qaldıraraq:

"Ay ana, qurban olum,

burax bir az da yataq", -

deyərək tənbəl-tənbəl

yastığa baş ataydım.

Bax beləcə durmadan

bütün yayı yataydım.

Çıxaraydım canımdan

İllərin yorğunluğun...

Yenə o kənd olaydı.

Yenə Məmər bağları,

Bərgüşad sularında

çimən kənd uşaqları.

Biri ot biçməlidir,

biri su gətirməli,

hərənin ürəyində

öz qayğısı, öz dərdi.

Kaş intizar bitəydi.

Dönəydik evimizə,

həyat güləydi bizə.

Yenə o kənd olaydı,

yenə sərin bulaqlar.

Yığışaydı uşaqlar

o bulağın başına.

Mən də öz sevgilimin

adını həkk edəydim

bir ağ bulaq daşına.

Yenə o Şirin bulaq,

qartallar qıy vuraraq

süzəydi göy üzündə.

Kəkliklər pırıltıyla

uçaydı yuvalardan

Gendərənin düzündə.

Hərə bir daş ataydı,

alma, armud cəvizə.

Kaş bu axşam qonşu qız

qonaq gələydi bizə.

Oturaydıq diz-dizə,

baxaydıq sakitcə lal

günəşin batmağına.

Dərin fikrə dalaydıq,

həyatdan zövq alaydıq...

Arzuya bax, ay ana.

Otuz ildir qəlbimdə

yaşadıb böyütdüyüm

gözü yaşlı arzuma...

Gözün aydın, ay ana.

Arzum gerçək olubdur.

Könüllər qovuşubdur

o qayğısız günlərə.

Ver əlini, ay ana.

Ver tutum əllərindən,

dönək bizim ellərə.

19.10.2021 Berlin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31