“Gözəllərin sona qalmışı”

Uşaq vaxtı elə bilirdim ki, anam uşaqlarından başqa heç kimi sevmir, heç babamı da. Bircə onu bilirdim ki, anasını unuda bilmir. Hərdən ana mahnılarını dinləyib səssiz-səssiz ağlayırdı çünki. Bizə sezdirməmək üçün səsi də çıxmazdı, eləcə lal damlalar süzülərdi yumulu kipriklərinin arasından. Ölümü, ayrılığı, kədəri hiss etdirməzdi bizə. 
Amma bir gün günorta zamanı dərsdən döndüyüm vaxt daş hasarlarımızın o tayından - həyətimizdən ‒ "Ata!" ‒ deyə bir fəryad gəldi qulağıma. İnana bilmədim, kim ola bilərdi axı?... Tamamilə qeyri-müəyyənlik içində ayağım ayağıma dolaşaraq yüyürüb, həyəcanla darvazanı itələyib həyətə atılanda anamın taxta pilləkənlərə sərilib hönkürdüyünü gördüm. Böyük qız idim, amma uşaq kimi o qədər təəccübləndim ki, anam babamı bu qədərmi çox sevirmiş?!.. 
Mən də anamdan öyrənmişdim babamı beləcə səssiz-səmirsiz sevməyi, ona yaxınlaşmağa cürət etməyərək. Kişi heç özü də yaxınlaşdırmazdı adamı özünə. Sanki anadandoğma büst yapılmışdı, hündür boyu-buxunu əyilməyəcəkdi nəvələrinin üzərinə...
Belə qaldı babam yadımda - kənardan-kənara... Kənardan görürdüm şəhərin küçələrində hərdən onu. Maşın yolunu keçəndə də bürüncdən tökmə heykəl idi sanki, boylanıb ətrafına baxmazdı. Küçədən keçəndə o dayanıb maşınları gözləməzdi, maşınlar dayanıb ona yol verərdi. Bu maşındakı adamlar məndən yaxşı tanıyırmışlar babamı... Sonralar, çox sonralar anladım bunu.  Bir təsadüfdən sonra...
Qəzet redaksiyasında redaktor müavini vəzifəsində çalışan tələbə yoldaşımla əyləşib söhbət etdiyimiz zaman qapı döyüldü. İçəri orta boylu, ahıl bir adam daxil oldu. Redaktor müavini ona mənimlə üz-üzə bir yer göstərdi, adam əyləşdi.  Məqalə gətirmişdi, qara, dəri qovluğunu açıb, kağızları qarşıma qoydu. Vərəqlədim. Gördüm ki, yazı mənim yerlim olan xanəndə haqqındadır, həm də qohum... Gülümsündüm:
‒ Bu adam ki mənim qohumumdur...
‒ Kimlərdənsən, qızım?
"Filankəslərdən", "bəhmənkəslərdən", ‒ desəm də, adam heç kimi tanımadı. 
‒ Mən çoxdan çıxmışam, qızım, rayondan.
Birdən babam yadıma düşdü:
‒ Piralı oğlu Əlinin nəvəsiyəm.
‒  Baho!.. - adam lap qarabağlısayağı nida elədi, bir az dikəlib üzündə sayrışan xatirələrin təbəssümü ilə:
‒ Daha de ki, rayonun yiyəsinin də... 
Təkrar öz boyuna çəkilib həzin səslə davam elədi: 
‒ Mən o zaman - müharibə dövründə rayonun İcraiyyə Komitəsinin sədri idim, indiki icra hakimi dediyimiz... Amma Piralı oğlu Əli idi rayonun yiyəsi. Sən anlaya bilməzsən, baban necə bir adam olub... 
Beləcə o adam anlatdı mənə, niyə maşınlar dayanıb yol verirdilər ona hər küçədən keçişində...
Beləcə,  bunu anlayandan sonra hərdən onu xatırlayıb anam üçün əzizləyərək oxuyuram:
Mənim  bir babam vardı - Əli babam
Tökmə "heykəlli" babam..
Alnı işıqlı babam, 
Hündür, yaraşıqlı babam..
İri-iri yeriyərdi,
 Şəhərə kənd deyərdi.
Qonağı olmasa bir gün, 
Nə içərdi, nə yeyərdi.
Bazarkom idi, amma
Kimsənin haqqını yeməzdi,
Kimsə də ona "Əli" deməzdi.
Künyəsi vardı, bəli:
Piralı oğlu Əli. 
Mən də həyatımın yeknəsəkliyindən yorulanda atamı, babalarımı xatırlayıram. O kişiləri ki, səsləri-küyləri ilə dünyanı gurultuya bürüyər, bir saatı ikincisinə bərabər olmazdı

Könül Aydın

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31