AKP seçkidən necə çıxacaq?
Seçkilərdə hakim partiya səs itirsə də məğlub olmayacaq
11 Fevral 2014 15:35 DünyaMartın 31-də Türkiyə tarixinin ən gərgin seçimlərini keçirəcək. 2013-cü ilin sonlarında Türkiyəni bürüyən rüşvət əməliyyatı Türkiyənin hakim partiyası olan AKP-nin nüfuzuna təsirsiz ötüşdü, desək bir qədər yanılmış olarıq. Lakin baş verən proseslər AKP-də müəyyən parçalanmalar yaratsa da tam şəkildə məğlub edə bilmədi. Az müddətdən sonra keçiriləcək bələdiyyə seçkilərindən AKP necə çıxacaq? Məsələ ilə bağlı siyasi ekspertlərin fikirlərini öyrəndik.
Politoloq Elşən Manafov fikirlərini ifadə edərkən bildirib ki, zamanında Türkiyənin indiki iqtidarı elə bələdiyyə seçkiləri nəticəsində hakimiyyətə gəlib. Politoloq qeyd edib ki, Türkiyədə keçirilən bələdiyyə seçkilərinə AKP iqtidarı böyük önəm verir. Əvvəlki bələdiyyə seçkilərində iri şəhərlərdə CHP qalib gəlmişdi. Bu gün korrupsiya qalmaqalları ilə bağlı müəyyən hadisələr yaşanır. Heç şübhəsiz ki bütün bu hadisələr Ərdoğan iqtidarının partiyasının seçkilərlə bağlı ümidlərini doğrultmayacaq.
"Yəqinki Ərdoğan partiyası əvvəlki dəstəyi ala bilməyəcək. Bu dəfə keçirilən bələdiyyə seçkilərində CHP ilə yanaşı digər partiyaların da şansları böyükdür. Ona görə də korrupsiya hadisələri ilə bağlı Ərdoğan tərəfdarlarının bu seçkilərdə əvvəlki dəstəyi verməyəcəkləri birmənalı deyil" deyə müsahibimiz vurğulayıb.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu isə məsələyə bir qədər fərqli konteksdən yanaşıb: "Son aylarda Türkiyədə baş verən proseslər bələdiyyə seçkilərində də AKP üçün ciddi problemlər yaşadacaq. AKP-də səs itkiləri təbii ki olacaq. Çünki bu proseslər AKP-nin təkcə ölkə daxilindəki nüfuzuna ciddi şəkildə zərbə vura bilmədi. Bu proseslər eyni zamanda AKP-nin özündə müəyyən parçalanmaya, çatlamaya gətirib çıxardı. Çünki camaatla Ərdoğan qarşıdurması əslində AKP-ni formalaşdıran ittifaqın daxilən sarsılmasına yönəlmiş bir hadisə oldu".
Politoloq AKP-nin əvvəlki illərdəki kimi uğur əldə edəcəyinə inanmasa da hakim partiyanın məğlub olacağını istisna edir və qeyd edir ki, Türkiyədə Ərdoğanın özünün kifayət qədər tərəfdarları var.
Politoloq Rufiz Qonaqov məsələyə münasibət bildirərkən qeyd edib ki, Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində Ərdoğanın başçılıq etdiyi AKP qalib olacaq. Çünki Ərdoğanın Türkiyədə apardığı siyasət və onun hazırkı çıxışları və xalqla geniş şəkildə işləməsi onu göstərir ki, hökumətlə xalqın arasında dayaqları möhkəmdir.
"Mənə belə gəlir ki, müxalifətin bələdiyyə seçkilərində AKP-yə qalib gəlməsi qeyri-mümkündür. Ümumiyətlə, Ərdoğanın Türkiyədə və müsəlman dünyasında güclü lider olması mühüm amillərdən biridir. Məncə Ərdoğanın güclü liderliyi sayəsində AKP-yə hər zaman xalqın böyük dəstəyi olub. Hazırda Türkiyədə Ərdoğan kimi güclü bir liderin olması müsbət haldır və bu, Azərbaycan üçün də mühüm amillərdən biridir. Əvvəlki seçkilərdə olduğu kimi Türkiyə müxalifəti AKP-yə məğlub olacaq" deyə politoloq öz fikirlərini ifadə edib.
Millət vəkili Musa Qasımlı da Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim partiyanın qalib gələcəyini düşünür: "Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinin nəticələri türk xalqının iradəsini əks etdirəcək. Hesab edirəm ki, bu dəfəki seçkilərdə cüzi səs itirməsi ehtimalı olsa da AKP qalib gələcək".
Sevda Qurbanqızı