Moskvada Ermənistana görə fövqəladə toplantı
11:31 DünyaKeçmiş baş nazir Vazgen Manukyan qeyd edib ki, mövcud şəraitdə hakimiyyət dəyişikliyi seçki yolu ilə mümkün deyil
Moskvada yerləşən Erməni Apostol Kilsəsi kompleksində Rusiya-Ermənistan münasibətlərinə həsr olunmuş fövqəladə toplantı keçirilib. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Beynəlxalq Lazarev Klubunun təşkil etdiyi iclas "Rusiya və Ermənistan: Birlikdə, yoxsa ayrı?" mövzusu ətrafında baş tutub.
Toplantıda siyasətçilər, ekspertlər, ictimai xadimlər və biznes nümayəndələri iştirak edərək Ermənistanın geosiyasi kursunun dəyişməsi fonunda yaranan riskləri müzakirə ediblər.
Müzakirələr bir neçə əsas istiqamət üzrə aparılıb: Ermənistanın Avrasiya İqtisadi Birliyindən mümkün çıxışı, Avropa İttifaqı ilə inteqrasiyanın perspektivləri, enerji təhlükəsizliyi, regional geosiyasət və seçkilər ərəfəsində ölkədaxili siyasi vəziyyət.
Toplantının əsas fiqurlarından biri olan ermənipərəst deputat Konstantin Zatulin çıxışında Ermənistanla münasibətlərin pisləşməsini "qaçılmaz proses" kimi qiymətləndirib. Onun fikrincə, İrəvanın son illərdə Qərbə doğru kurs götürməsi və Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atması Moskva ilə strateji tərəfdaşlığa ziddir.
Zatulin açıq şəkildə bildirib ki, Rusiya özünü müttəfiq hesab etdiyi bir ölkənin eyni zamanda rəqib geosiyasi bloklarla yaxınlaşmasını qəbul edə bilməz. O, Ermənistan hakimiyyətini "iki stulda oturmaq" siyasəti yürütməkdə ittiham edərək qeyd edib ki, rəsmi İrəvan həm Avrasiya məkanının iqtisadi üstünlüklərindən faydalanmaq, həm də Qərbə inteqrasiya etmək istəyir.
Toplantıda səslənən ən ciddi xəbərdarlıqlardan biri Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasının mümkün nəticələri ilə bağlı olub. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bu addımın ölkə iqtisadiyyatı üçün ağır zərbələrə səbəb olacağını bildirib. Onun sözlərinə görə, rəsmi hesablamalarda qeyd olunan 14%-lik ÜDM itkisi yalnız birbaşa təsirləri əhatə edir. Dolayı təsirlər nəzərə alınarsa, real itkilər iqtisadiyyatın üçdə birinə qədər çata bilər. Bu isə ölkənin ticarət balansına, sənaye sektoruna və ümumi iqtisadi sabitliyinə ciddi zərbə deməkdir.
Xüsusilə vurğulanıb ki, Ermənistanın xarici ticarətində Avrasiya məkanı əsas rol oynayır və bu əlaqələrin qırılması ölkəni alternativ bazarlar axtarmağa məcbur edəcək. Lakin bu alternativlər nə qısa müddətdə, nə də eyni şərtlərlə mümkün görünür.
Müzakirələr zamanı Ermənistanın enerji asılılığı xüsusi diqqət mərkəzində olub. Ekspertlər qeyd ediblər ki, ölkənin Rusiya qazına alternativi demək olar ki, yoxdur. Digər mənbələr - xüsusilə İran - texniki və maliyyə məhdudiyyətləri səbəbindən bu boşluğu doldura bilmir. Bundan əlavə, nüvə energetikası sahəsində mövcud əməkdaşlıq mexanizmlərinin zəifləməsi elektrik enerjisi qiymətlərinin artmasına səbəb ola bilər. Bu isə həm əhali, həm də sənaye üçün əlavə iqtisadi yük yaradacaq.
Toplantıda səslənən digər mühüm məqam təhlükəsizlik məsələləri ilə bağlı olub. Ekspertlər qeyd ediblər ki, Avropa İttifaqının vahid və effektiv kollektiv təhlükəsizlik sistemi yoxdur. Bu isə Ermənistanın Qərbə inteqrasiyası fonunda təhlükəsizlik boşluğu yarada bilər.
Zatulin isə daha sərt mövqe nümayiş etdirərək bildirib ki, Ermənistanın geosiyasi seçimi faktiki olaraq "Rusiya, yoxsa Türkiyə" dilemmasıdır. Onun fikrincə, Qərbin regionda real təhlükəsizlik təminatçısı kimi çıxış etməsi inandırıcı görünmür. İclasda Ermənistanın daxili siyasi vəziyyəti də geniş müzakirə olunub. Müxalifət nümayəndələri seçki prosesinin ədalətli olmayacağını iddia edərək hakimiyyətin inzibati resurslardan istifadə etdiyini bildiriblər.
Keçmiş baş nazir Vazgen Manukyan qeyd edib ki, mövcud şəraitdə hakimiyyət dəyişikliyi yalnız seçki yolu ilə mümkün deyil. Onun sözlərinə görə, ölkədə siyasi mübarizə daha dərin və mürəkkəb mərhələyə keçə bilər. Toplantıda regiondakı geosiyasi layihələr də diqqət mərkəzində olub. Xüsusilə Zəngəzur (Sünik) bölgəsi ətrafında müzakirə olunan nəqliyyat dəhlizləri və Qərbin bu istiqamətdəki maraqları qeyd edilib.
Bəzi çıxışçılar bu layihələri İranın mühasirəyə alınması strategiyasının bir hissəsi kimi qiymətləndiriblər. Onların fikrincə, belə ssenarilər Ermənistanın regional balansını poza və onu yeni asılılıqlara sürükləyə bilər.