Yəhudi dövləti üçün ekzistensial təhlükəni aradan qaldırdıq - Netanyahu

ABŞ-İsrailin İrana qarşı hərbi əməliyyatları yəhudi dövləti üçün birbaşa ekzistensial təhlükəni aradan qaldırmağa imkan verib.

Olaylar.az İsral mediasına istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.

Onun fikrincə, əks halda İsraili nüvə silahının tətbiqi ilə Holokost miqyasında bir fəlakət gözləyə bilərdi.

"İran növbəti Holokostu planlaşdırırdı. O, bizi nüvə silahı - bombalar və minlərlə ballistik raketlə məhv etməyi düşünürdü. Əgər biz bu ekzistensial təhlükəyə qarşı hərəkət etməsəydik, əgər biz qətiyyət və cəsarətlə davranmasaydıq, "ölüm məkanları" olan Nətanz, Fordo, İsfahan adları Holokost ölüm düşərgələrinin - Auşvits, Maydanek, Treblinka - adları ilə bir sırada çəkilə bilərdi",- deyə Netanyahu Qüdsdə müharibələrdə həlak olanların və terror qurbanlarının anım gününə həsr olunmuş dövlət mərasimində çıxış edərək bildirib.

"Amma bu baş vermədi, çünki biz böyük dostumuz olan ABŞ ilə birlikdə əvvəlcədən İran rejiminin dağıdıcı mexanizmini darmadağın etdik. Biz özümüz üçün birbaşa ekzistensial təhlükəni aradan qaldırdıq",- deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31