Paşinyan Erməni Apostol Kilsəsində islahatların vacibliyini bəyan edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi"nin seçki proqramını təqdim edərkən Erməni Apostol Kilsəsi (AAK) sistemində islahatların zəruri olduğunu bildirib. Onun sözlərinə görə, son onilliklərdə kilsə rəhbərliyinin fəaliyyəti nəticəsində dindarların bir hissəsi kilsədən uzaqlaşıb və bu, xarici qüvvələrin AAK-dan "hibrid müharibə aləti" kimi istifadə etməsinə şərait yaradır.

Paşinyan qeyd edib ki, proqramda kilsənin islahatı üçün "yol xəritəsi" nəzərdə tutulur. Buraya katolikosun istefası, müvəqqəti rəhbərin seçilməsi, yeni nizamnamənin qəbulu, maliyyə şəffaflığının təmin olunması və ruhanilərin davranışına nəzarət daxildir. O, kilsənin siyasətdən uzaqlaşdırılmasının vacibliyini vurğulayıb.

Baş nazir, həmçinin, II Qaregin ünvanına tənqidi fikirlər səsləndirərək kilsənin siyasi fəaliyyətə cəlb olunduğunu iddia edib. O bildirib ki, qarşıdakı seçkilərdə bu məsələ ilə bağlı qərarı xalq verməlidir.

Paşinyan diaspor mövzusuna da toxunaraq bəzi hallarda Ermənistanın deyil, kənar maraqların təmsil olunduğunu deyib. Bundan əlavə, o, kilsənin maliyyə fəaliyyətinin şəffaf olmalı və vergiyə cəlb edilməli olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31