BƏƏ uçuş məhdudiyyətlərini yenidən uzadıb

Birləşmiş Ərəb Əmirlikləri hökuməti ölkənin hava məkanında tətbiq olunan məhdudiyyətləri daha bir həftə müddətinə uzadıb.

Olaylar.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Beləliklə, BƏƏ-nin hava məkanı aprelin 20-ə kimi qismən bağlı qalacaq, ölkənin hava limanlarına və onlardan həyata keçirilən uçuşlar üçün əvvəlki kimi xüsusi müəyyən edilmiş altı dəhliz fəaliyyət göstərəcək.

Xatırladaq ki, BƏƏ hava məkanını fevralın 28-də ABŞ və İsrailin İrana qarşı əməliyyatlara başlamasından sonra qismən bağlamışdı.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31