ABŞ İrandan nüvə silahı ilə bağlı nə istəyir? - Vens dedi, NYT yozdu
11:42 DünyaABŞ hakimiyyəti İrandan nüvə silahı hazırlamamaq üçün uzunmüddətli öhdəlik istəyir.
Musavat.com xəbər verir ki, bunu İslamabad danışıqlarından sonra ABŞ vitse-prezidenti J.D.Vens deyib: "Sual budur ki, İrandan nüvə silahı hazırlamamaq üçün yalnız indi və ya növbəti iki ildə deyil, uzunmüddətli perspektivdə öhdəlik görürükmü? Hələlik belə bir şey görməmişik. Ümid edirəm ki, bunu gələcəkdə görəcəyik".
O, nüvə silahı məsələsinin ABŞ-ın İranla danışıqlarında əsas rol oynadığını vurğulayıb.
"The New York Times" öz növbəsində qeyd edir ki, Vensin İranın nüvə silahı hazırlamaq ideyasından imtina etmək istəməməsi ilə bağlı sözləri reallığı tam əks etdirmir. Belə ki, Tehran son illərdə dəfələrlə bu cür öhdəliklər götürüb. Bundan əlavə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin tərəfidir.
Qəzet hesab edir ki, Vensin sözləri ABŞ-ın İranı zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə və daha sonra uran zənginləşdirməsindən imtina etməyə məcbur etmək istədiyi kimi şərh edilməlidir.