Ağ Evdən sərt mesaj: Tramp 32 ölkəni hədəfə aldı – Cavab isə…
16:22 DünyaXəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində NATO ölkələrinə çağırış edib. O bildirib ki, Alyansa üzv dövlətlər Hörmüz boğazının blokadadan çıxarılmasında Vaşinqtona kömək etməsələr, onları çox pis gələcək gözləyir.
NATO-nun susqunluğunun səbəbi nədir? Alyans niyə İran məsələsinə müdaxilə etmir?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, NATO-nun səssizliyi passivlik deyil, hüquqi və siyasi məhdudiyyətlərlə bağlıdır:
"NATO kollektiv müdafiə alyansıdır. Onun əsas prinsipi olan 5-ci maddə yalnız üzv ölkəyə hücum olanda işə düşür. İran isə NATO üzvü deyil və Hörmüz boğazı ətrafındakı gərginlik birbaşa NATO ölkəsinə hücum sayılmır. Digər tərəfdən, nəinki ABŞ, başqa üzv ölkələr istəsə belə NATO prosseslərə avtomatik qoşulmur. ABŞ liderlərinin çağırışına rəğmən, NATO qərarları konsensusla verilir. Yəni bütün üzv ölkələr razı olmalıdır. Bir neçə ölkə tərəddüd etsə, NATO kollektiv addım atmır".
Ekspert qeyd edib ki, bir çox Avropa dövlətləri İranla birbaşa müharibə riskini istəmir:
"Onlar öz enerji və ticarət maraqlarını qorumağa çalışırlar. Həmçinin Rusiya-Ukrayna müharibəsi Avropa dövlətlərini kifayət qədər məşğul edir. Buna görə də Yaxın Şərqdə yeni genişmiqyaslı münaqişədən çəkinirlər. Məsələn, Almaniya, Fransa kimi ölkələr adətən diplomatik həllə üstünlük verir. Həmçinin NATO və ABŞ-ın maraqları həmişə üst-üstə düşmür. Hər üzv ölkənin öz milli maraqları var. ABŞ daha sərt mövqe tutanda belə, digər üzvlər bunu riskli hesab edə bilər.
Eyni zamanda, İran həqiqətən də regionda güclü hərbi və siyasi aktordur. Nəzərə almaq lazımdır ki, Hörmüz boğazı qlobal neft ticarətinin kritik nöqtəsidir. Burada hər hansı hərbi müdaxilə dünya iqtisadiyyatına çox ciddi təsir edə bilər. Yekun olaraq, NATO-nun səssizliyi hüquqi mandatın olmaması, üzvlər arasında fikir ayrılığı və qlobal müharibə riskindən çəkinmə ilə bağlıdır".
Qeyd edək ki, hazırda NATO-nun 32 üzv ölkəsi var.