Ukraynada fəaliyyət göstərən çağrı mərkəzi Aİ vətəndaşlarını aldadıb- ÖZƏL

Ukraynada fəaliyyət göstərən fırıldaqçı çağrı mərkəzinin Avropa İttifaqı vətəndaşlarını aldatdığı üzə çıxıb. Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko özünün Telegram kanalında məlumat verib. Bildirilib ki, Ukrayna və Latviya hüquq-mühafizə orqanlarının birgə yaratdığı istintaq qrupu çərçivəsində keçirilən beynəlxalq "Scammer" kiber əməliyyatı zamanı bu qanunsuz fəaliyyət ifşa olunub. Əməliyyat nəticəsində dələduzluqla məşğul olan çağrı mərkəzində çalışan iki Ukrayna vətəndaşı müəyyən edilib. İlkin məlumatlara görə, ən azı 20 Latviya vətəndaşı bu fırıldağın qurbanı olub və ümumi zərər 300 min avronu ötüb. Fırıldaqçılar telefon vasitəsilə Aİ ölkələri vətəndaşları ilə əlaqə saxlayaraq özlərini polis əməkdaşı və ya bank işçisi kimi təqdim ediblər. Onlar zərərçəkənləri guya yüksək gəlir vəd edən investisiya layihələrinə pul yatırmağa inandırıblar. Daha sonra isə müxtəlif üsullarla zərərçəkənlərin onlayn bank hesablarına uzaqdan çıxış əldə edərək vəsaitləri üçüncü şəxslərin hesablarına köçürüblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31