“Epşteyn işi” yenidən açılır: 6 il sonra ortaya çıxan faktlar rəsmi versiyanı alt-üst etdi
14:12 DünyaABŞ-də qalmaqallı maliyyəçi və seks cinayətlərində ittiham olunan Ceffri Epşteynin ölümü ilə bağlı illərlə müəmmaların üzərindən sirr pərdəsi götürülməkdədir. Artıq rəsmi versiyanı yenidən ciddi suallar altına alan dəlillər ortalıqdadır.
Musavat.com xəbər verir ki, 2026-cı ilin martında ABŞ Konqresinin Nəzarət Komitəsi (House Oversight Committee) Epşteynin meyiti aşkarlanan gün saxlanıldığı həbsxanada növbədə olan əməkdaşlarından birini - Tova Noel adlı mühafizəçini ifadə verməyə çağırıb.
Bu fakt özü belə işin yenidən açıldığını göstərən mühüm siqnaldır. Konqresin diqqət mərkəzinə düşən həmin əməkdaşla bağlı ortaya çıxan məlumatlar olduqca ciddi və ziddiyyətlidir. Belə məlum olur ki, mühafizəçilər məhbuslara hər 30 dəqiqədən bir baxış keçirməli olduğu halda, bu yoxlamalar aparılmayıb. Sonradan təqdim edilən yoxlama jurnallarının saxtalaşdırıldığı da üzə çıxıb. Federal sənədlərə görə, Tova Noel Epşteynin cansız bədəni aşkar olunmazdan az əvvəl internetdə onunla bağlı axtarış edib. Bank məlumatlarında izah olunmayan nağd pul yatırımları qeydə alınıb. Bundan əlavə, Konqres üzvləri həmin şəxsin ifadələrində uyğunsuzluqlar olduğunu və əvvəlki istintaqın bir çox sualları cavabsız qoyduğunu bildirirlər. Epşteynin 2019-cu ildə həbsxanada ölməsi ilə bağlı əvvəldən məlum olan faktlar da yeni üzə çıxarılan şübhələrlə üst-üstə düşür.
Belə aydın olur ki, həbsxanada nəzarət sistemi faktiki işləməyib, mühafizə qaydaları pozulub. Videokameraların bir hissəsi həmin gecə orada baş verənləri qeydə almayıb. Məhbus əvvəllər intensiv nəzarət rejimində olsa da, bu status ölümdən az əvvəl qəfil ləğv olunub. Epşteynin kamera yoldaşı olan məhbus başqa yerə köçürülüb. Növbətçi əməkdaşlardan biri uzun iş saatlarından sonra yatdığını etiraf edib. Bütün bunlar rəsmi intihar versiyasının zəif tərəflərini daha da qabardır.
Rəsmi olaraq Epşteynin ölümü intihar kimi qeydə alınsa da, bir sıra müstəqil ekspertlər, o cümlədən tanınmış məhkəmə tibb eksperti Mixail Baden fərqli mövqe ortaya qoymuşdu. Onun fikrincə, bədəndəki zədələr klassik asılma əlamətlərindən daha çox boğulmanı xatırladırdı. Bu isə cinayət ehtimalını tam istisna etməyə imkan vermir.
Epşteynin ölümündən təxminən 3 həftə əvvəl baş verən insident də ayrıca diqqət çəkir
Rəsmi sənədlərdə bu hadisə "intihara cəhd" kimi qeyd edilib. Lakin Epşteyn özü bunun əksini deyərək kamerada olan şəxsin onu boğmağa çalışdığını iddia etmişdi. Bu iddianın araşdırılmadan "intihara cəhd" kimi rəsmiləşdirilməsi də suallar doğurur. ABŞ Konqresi həbsxana əməkdaşlarıyla yanaşı "Epşteyn işi" ilə bağlı sənədlərin gizlədilməsi, redaktə olunması və mümkün əlaqələri araşdırır. Tova Noelin 26 martda ifadə verməsi gözlənilir və bu, 6 il sonra ilk dəfə əsas şahidlərdən birinin Konqres qarşısında danışacaq.
Maraqlıdır ki, Ceffri Epşteynin ölümündən ötən altı il ərzində ictimaiyyətə təqdim olunan əsas işdə hər hansı bir sirrin olmaması ilə bağlı idi. Lakin bu gün işdə yeni maliyyə izləri, saxta sənədlər, nəzarət pozuntuları və Konqresin yenidən aktivləşməsi diqqətr çəkir. Konqres qarşısında duran əsas sual Epşteynin həqiqətən intihar etməsi, yoxsa bu, ABŞ tarixinin ən böyük ört-basdır əməliyyatı olmasını çözməkdən ibarətdir. Epşteynin müəmmalı ölümü ətrafında illərdir səngiməyən müzakirələrin mərkəzində "onun sağ qalmaması kimlərin marağında idi" sualı da aktuallığını qoruyub saxlayır. Bu sualın hələ də dəqiq və hüquqi cəhətdən təsdiqlənmiş cavabı yoxdur. Lakin mövcud faktlar, əlaqələr və açılmamış məqamlar göstərir ki, Epşteynin danışması bir çox güc mərkəzləri üçün ciddi risklər yarada bilərdi. Ceffri Epşteyn uzun illər ərzində dünyanın ən nüfuzlu siyasi və biznes dairələrinə daxil ola bilmişdi. Onun əlaqələri arasında ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Andre kimi şəxslərin adlarının hallanması təsadüfi deyildi. Bu fiqurların hər biri beynəlxalq reputasiyaya malikdir və Epşteynin açıq məhkəmədə verə biləcəyi ifadələr onların nüfuzuna, siyasi karyerasına, hətta hüquqi vəziyyətinə təsir göstərə bilərdi. Bu baxımdan, onun susması müəyyən dairələr üçün potensial qalmaqalların qarşısını almaq anlamına gəlirdi.
Digər mühüm versiyalardan biri isə Epşteynin fəaliyyətinin sadəcə şəxsi cinayətlər çərçivəsində deyil, daha geniş "kompromat mexanizmi" kimi qiymətləndirilməsidir. Bu ehtimala görə, o, nüfuzlu şəxslər haqqında kompromat xarakterli materiallar toplayaraq onları təsir altında saxlaya biləcək bir sistemin tərkib hissəsi olub. Əgər bu doğrudursa, Epşteynin məhkəmə qarşısında danışması yalnız ayrı-ayrı şəxsləri deyil, bütövlükdə beynəlxalq siyasi münasibətləri sarsıda, hətta bəzi kəşfiyyat strukturlarını çətin vəziyyətə sala bilərdi. Bu isə onun susdurulması ehtimalını daha ciddi kontekstdə gündəmə gətirir.
Məsələnin başqa bir tərəfi isə ABŞ hüquq-mühafizə sisteminin özü ilə bağlıdır. Epşteyn daha əvvəl də cinayət məsuliyyətinə cəlb olunmuş, lakin yüngül şərtlərlə azadlığa buraxılmışdı. Bu fakt uzun müddət ictimai narazılıq doğurmuşdu. Əgər o, sağ qalsaydı və məhkəmədə geniş ifadələr versəydi, keçmiş istintaq proseslərində yol verilmiş mümkün qanun pozuntuları, himayədarlıq halları və ya səhlənkarlıq faktları üzə çıxa bilərdi. Bu isə artıq ayrı-ayrı şəxslərin deyil, bütövlükdə hüquq sisteminin nüfuzuna ciddi zərbə demək idi. Bundan əlavə, Epşteynin tək fəaliyyət göstərmədiyi, müəyyən əlaqələr və ya şəbəkə daxilində hərəkət etdiyi ehtimalı da istisna olunmur. Əgər belə bir şəbəkə mövcud idisə, onun məhkəmədə verəcəyi ifadələr yeni cinayət işlərinin başlanmasına, digər şəxslərin ifşasına səbəb ola bilərdi. Bu halda isə Epşteynin susdurulması həmin şəbəkə üçün həyati əhəmiyyət daşıyan məsələ kimi qiymətləndirilə bilər.