Burhanettin Duran: Livanın ərazi bütövlüyünə yönəlmiş hücumun qarşısında olacağıq
21:06 Dünya"Məscidül-Əqsada ibadətin qarşısını almağa yönəlmiş cəhd qəbuledilməzdir. Bu, təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlikdir və beynəlxalq hüququn pozulmasıdır".
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" platformasında yazıb.
"İsrailin Livana qarşı başladığı quru əməliyyatı isə bölgədə gərginliyi artırır və bu ölkənin suverenliyini və ərazi bütövlüyünü hədəf alır. İsrailin bu addımları mövcud münaqişələrin şiddətini artırmaq, onsuz da həssas olan regional tarazlığı daha da sarsıtmaq və yeni humanitar faciəyə səbəb olmaq riski daşıyır", - Türkiyə rəsmisi qeyd edib.
Onun sözlərinə görə, bölgədə sülh və sabitliyin təmin olunması üçün İsrailə qarşı beynəlxalq ictimaiyyətin qətiyyətlə dayanması zəruridir: "Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə olaraq müqəddəs məkanlarımıza, Livanın suverenliyinə, ərazi bütövlüyünə və regional sabitliyə qarşı yönəlmiş hər cür hücumun qarşısında olmağa davam edəcəyik".