Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək məsələsi

Fransa, Britaniya, İtaliya, Çin, Yunanıstan və Yaponiya ABŞ prezidenti Donald Trampın əvvəllər tələb etdiyi Hörmüz boğazındakı əməliyyata hərbi dəstək verməkdən imtina ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniyanın baş naziri Keir Starmer Londonun öz müttəfiqlərini qorumaq üçün tədbirlər görməyə hazır olduğunu, lakin ölkənin daha böyük bir münaqişəyə cəlb olunmayacağını deyib. O bildirib ki, Böyük Britaniya regionda naviqasiya azadlığını bərpa etmək üçün tərəfdaşlarla birgə plan üzərində işləyir.

Çin ABŞ-nin təklifini rədd edib və hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırıb. Pekin eskalasiyanın daha da artmasının qarşısını almağın və qlobal iqtisadiyyata dəyən ziyanın qarşısını almağın vacibliyini bildirib.

Fransa həmçinin Hörmüz boğazına gəmilər göndərməkdən imtina edib. "Financial Times"in mənbəyinə görə, Paris yalnız hərbi əməliyyatlar bitdikdən sonra prosesdə iştirak etməyi nəzərdən keçirir. Fransa Avropa ölkələri və Fars körfəzi dövlətləri ilə münaqişə bitdikdən sonra birgə patrul qüvvələrinin yaradılmasını müzakirə edir.

İtaliya xarici işlər naziri bildirib ki, Roma Qırmızı dənizdəki AB missiyasının Hörmüz boğazını da əhatə edəcək şəkildə genişləndirilməsinə şübhə ilə yanaşır.

Yunanıstan hökuməti həmçinin bölgədəki hərbi əməliyyatlarda iştirak etməyəcəyini bildirib.

Yaponiyanın baş naziri bildirib ki, Tokio Hörmüz boğazına hərbi gəmilər göndərmək planında deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31