ABŞ İran müharibəsində məğlub olur? – Trampın sabiq müşavirinin iddiasının gerçəkləri

ABŞ Prezidenti Donald Trampın birinci səlahiyyəti müddətində milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Bolton Rusiyanın müxalif "Dojd" kanalına müsahibə verib. Bolton bildirib ki, Tramp İranla müharibədə heç bir nəticə əldə edə bilməyib və siyasi fiaskoya uğrayıb.

Onun sözləri mövcud hərbi qarşıdurma fonunda maraqla qarşılanıb.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, İranla müharibə uzandıqca, ABŞ-da Donald Trampa qarşı təzyiqlər artır:

"Əgər müharibənin ilk günlərində sükut hökm sürürdüsə və İranın ilk bombardmandan sonra ABŞ-ın şərtlərini qəbul edəcəyinə dair ümidlər vardısa da, bu, baş vermədi.

Müharibənin nə vaxt bitəcəyi hələlik bəlli deyil. Ona görə də Trampın rəqibləri aktivləşib, ona müxalif olan qüvvələr daha fəal mövqe nümayiş etdirirlər. Yəni bu vəziyyətdən istifadə edərək onu sərt şəkildə tənqid edirlər.

Əslində, Tramp özü də özünü çətin vəziyyətə salıb. O, bir neçə dəfə müharibənin bitdiyini desə də, əslində, qarşıya qoyulan hədəflərə nail olunmayıb. Bu azmış kimi, İran hələ də ciddi təhdid olaraq qalır, Körfəz ölkələrini və İsraili bombalayır.

Digər tərəfdən, Tramp aprelin ilk həftəsində Çinə rəsmi səfərə hazırlaşır. O istəyir ki, bu səfərdən əvvəl İranla bağlı vəziyyət həll olunsun. Beləliklə, Çinə daha güclü mövqedə gedə bilsin. Lakin bu, baş tutmaya da bilər. Belə olarsa, səfərin təxirə salınması mümkündür.

Rusiya və Çin də İrandakı rejimin məğlub olmaması üçün çalışırlar. Hətta kəşfiyyat məlumatlarını Tehranla paylaşdıqları da iddia olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31