Çin Hörmüz boğazındakı gərginliklə bağlı xəbərdarlıq etdi – ÖZƏL
13:56 DünyaOlaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan Hörmüz boğazındakı hərbi gərginliyin qlobal iqtisadiyyata vurduğu zərər barədə bəyanat yayıb. Diplomat qeyd edib ki, bu su yolunda sabitliyin pozulması beynəlxalq enerji və ticarət marşrutlarını birbaşa təhdid edir.
Rəsmi Pekin tərəfləri dərhal hərbi fəaliyyətləri dayandırmağa və eskalasiyadan qaçmağa çağırıb. İran ətrafındakı münaqişə səbəbindən dünyanın ən mühüm neft və mayeləşdirilmiş təbii qaz (LNG) keçidi olan Hörmüz boğazında gəmilərin hərəkəti faktiki olaraq dayanıb. Təhlükəsizlik risklərinin artması fonunda sığorta şirkətləri tarifləri kəskin şəkildə artırıb və xidmət şərtlərini yenidən nəzərdən keçirməyə başlayıblar.
Çin tərəfi vurğulayır ki, regiondakı qeyri-sabitlik qlobal iqtisadi inkişafa ciddi mənfi təsir göstərir və bütün tərəflər bu təhlükənin qarşısını almaq üçün məsuliyyət daşımalıdır.