Gürcüstan parlamentinin spikeri: “ATƏT-in Moskva mexanizmi üzrə hesabatı siyasi sifarişdir” – ÖZƏL
13:32 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ATƏT-in "Moskva mexanizmi" üzrə hazırladığı hesabatı kəskin tənqid edib. O bildirib ki, proses ATƏT-ə üzv 57 ölkədən cəmi 24-nün təşəbbüsü ilə başlanıb və bu dövlətlər Gürcüstana qarşı düşmən siyasəti yürüdən ölkələrdir.
Papuaşvilinin sözlərinə görə, hesabatda Gürcüstan parlamentinin bəzi partiyaların konstitusiyaya zidd sayılması ilə bağlı Konstitusiya Məhkəməsinə etdiyi müraciəti geri götürməsi tövsiyə olunur. O qeyd edib ki, bu tövsiyəni dəstəkləyən Volodimir Zelenski və Maya Sandu rəhbərlik etdikləri ölkələrdə siyasi partiyaları bağladıqları halda Gürcüstana dərs verməyə çalışırlar.
Spiker həmçinin bildirib ki, 100 səhifəlik hesabat Gürcüstanda cəmi iki gün olmuş və ölkə barədə kifayət qədər məlumatı olmayan ekspert tərəfindən hazırlanıb. Onun sözlərinə görə, sənəd əslində təşəbbüskar ölkələrin siyasi sifarişlərinin toplusudur.
Papuaşvili iddia edib ki, prosesin əsas koordinatoru Polşa olub və hesabatın məqsədi hüquqi qiymətləndirmə deyil, Gürcüstan ətrafında informasiya səs-küyü yaratmaqdır. O həmçinin sənəddə "siyasi məhbusların azad edilməsi" çağırışı olsa da, konkret adların göstərilmədiyini vurğulayıb.